adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Fevral 2021 14:50
636648
LAYİHƏ
A- A+

İLHAM ƏLİYEVİN ERMƏNİSTANA VƏ  DÜNYAYA  MESAJI

Azərbaycan Respublikası Hərbi Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük vətən müharibəsində şanlı qələbəsindən sonra işğaldan azad olunmuş torpaqlarımızda tikinti-bərpa işlərinə başlanması ölkə başçımızın diqqət mərkəzindədir. 28 illik işğal zamanı demək olar ki, tamamilə dağıdılmış şəhər və kəndlərimizin, mədəni irsimiz sayılan tarixi abidələrimizin bərpa olunması, işğal zamanı yurd-yuvalarından didərgin düşmüş 750 mindən çox məcburi köçkün vətəndaşlarımızın tezliklə doğma yurd-yuvalarına qaytarılması, möhtərəm prezidentimizin bu məsələyə nə dərəcədə həssas yanaşmasının sübutudur.

10 noyabrda düşmənin kapitulyasitası ilə bağlı üçtərəfli razılaşma imzalandığı vaxtdan ötən üç ay müddətində prezident İlham Əliyev demək olar ki, işğaldan azad olunmuş torpaqların bütün şəhər və kəndlərinə səfərlər edərək, real vəziyyəti şəxsən özü qiymətləndirir, yenidənqurma-bərpa işləri ilə bağlı aidiyyatı təşkilatlara müvafiq göstərişlərini verir. Növbəti belə səfər fevralın 14-də baş tutub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar. Prezidentimizin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə artıq abadlıq və quruculuq işlərinə başlanmasını görmək olar. Tamamilə dağıdılmış şəhər və kəndlərin yenidən, daha müasir planla bərpa edilməsi prosesi sürətlə davam etməkdədir. İşğaldan azad edilmiş rayonlarda "yaşıl enerji" zonasının yaradılması məqsədilə pilot layihələr qismində "ağıllı şəhər", "ağıllı kənd" salınması ilkin olaraq Zəngilan rayonunun Üçüncü Ağalı kəndində pilot layihə kimi icra olunacaq. Səfər zamanı ölkəmiz üçün strateji əhəmiyyət daşıyan Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməlinin qoyulması xüsusi əhəmiyyətli məsələ idi.

Cənab prezidentin də dediyi kimi, dəmir yolu ilk növbədə vətəndaşlarımızın azad edilmiş doğma yurdlarına rahat qayıtması, yenidənqurma-bərpa işlərində lazım olan yüklərin daşınması üçün mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, bu dəmir yolunun istifadəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan dəmir yolunu bir-birinə bağlayacaq. Yeni təməli qoyulan dəmir yolu infrastrukturunun strateji əhəmiyyəti ona görədir ki, sonradan bu yol qardaş Türkiyəyə qədər uzanacaq və Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq.

“Onu da bildirməliyəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində artıq Rusiya ilə Türkiyə arasında bu dəmir yolundan istifadə edərək yüklər daşınmağa başlanmışdır. Görün, biz nə qədər uzaqgörənlik göstərmişik, böyük iradə göstərmişik. Eyni zamanda, maliyyə resurslarını səfərbər etmişik və bu dəmir yolları bağlantılarını biz təmin edirik. Bu bizim ölkəmiz üçün lazımdır. Çünki biz etibarlı tranzit ölkəsi kimi bundan böyük maliyyə gəliri əldə edəcəyik, eyni zamanda, bölgədə sabitliyin və sülhün təmin edilməsi üçün də bunun çox əhəmiyyəti var" - deyə prezident İlham Əliyev təməlqoyma mərasimindəki çıxışında bildirib. Dövlət başçısı Azərbaycan dövlətinin qısa müddətdə hansı miqyasda iş ortaya qoyduğunu açıqlayıb, eyni zamanda bölgənin siyasi, iqtisadi və ticarət mənzərəsini dəyişəcək, region ölkələrini bir-birinə bağlayacaq layihənin əhəmiyyətini bir daha vurğulayıb. Daha sonra Laçın rayonuna səfər edən prezident İlham Əliyev qısa müddət ərzində rayonun Güləbird kəndində inşa edilən Su Elektrik stansiyasının açılışında iştirak edib. Bərpa işlərinin sürətlə həyata keçirilməsi üçün elektrik təhcizatının xüsusi əhəmiyyəti var.

İşğaldan azad edilmiş Şuşa şəhərinin müharibədən dərhal sonra elektrik enerjisi ilə təmin olunmasının birici mərhələsi artıq başa çatdırılıb. "Cənab prezidentin tapşırığı ilə "Azərişıq" artıq Şuşa şəhərinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yüksək gərginlikli xətlərin çəkilişini sürətlə davam etdirir. Şuşa şəhərində elektrik yarımstansiyasının inşasına başlanılıb və tezliklə istifadəyə veriləcəyi gözlənilir. İşğaldan azad edilmiş digər ərazilərimizdə də bu işlər sürətlə davam edir. Güləbird Su Elektrik Stansiyasının açılışında çıxış edən Prezident İlham Əliyev bildirdi ki, “Laçın rayonu işğaldan azad olunandan heç iki ay keçməmiş - ay yarımdan sonra artıq burada Su Elektrik Stansiyası istismara verilir. Bu Su Elektrik Stansiyasının generasiya gücü 8 meqavatdır... Əsas məsələ ondadır ki, bu stansiya işə düşəndən sonra artıq burada generasiya gücləri yaranır və beləliklə, biz təbiətimizdən - Həkəri çayından səmərəli şəkildə istifadə edəcəyik".

İlham Əliyev eyni zamanda Ermənistanda baş qaldıran, Azərbaycanı təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışan revanşist qüvvələrə də qəti mesajını göndərdi: "Biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha baş qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb... Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür. Aparılan siyasətin təzahürüdür. Biz döyüş meydanında Qələbə qazandıq. Biz bu torpaqları vuruşaraq işğalçılardan azad etmişik".

Laçın rayonunda Azərbaycan Bayrağını qaldıran Prezident İlham Əliyev: “Bax durmuşam burada - Laçın rayonunda. Bu torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq, indi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm - Qarabağı Cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq" - deyə həm Ermənistandakı revanşist qüvvələrə, həm də bütün dünyaya mesajını göndərdi.

Rüstəm HACIYEV