adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Yanvar 2021 12:24
28380
ANALİZ
A- A+

“20 Yanvar”- qəhərmanlıq tariximizin ən şanlı səhifələrindən biridir

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin dirçəliş günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Azərbaycan xalqı 1990-cı ilin Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. Bu gün həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın ən şərəfli tarixi günlərindən biridir!

1990-cı il yanvarın 20-də Azərbaycan xalqı çox ağır imtahan verdi. Lakin xalqımız bu sınaqdan qalib çıxdı. SSRİ rəhbərliyinin xalqımızın azadlıq mübarizəsinin qarşısının almaq üçün həyata keçirdiyi bu əməliyyat cinayətkar siyasətin əsl mahiyyətini göstərdi. Ordunun qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 134 mülki vətəndaş öldürülmüş, faciədə yaralanmış 13 nəfər isə sonradan vəfat edərək şəhid olmuşdur. (cəmi 147 nəfər) 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Həlak olanlar arasında müxtəlif millətlərin nümayəndələri, uşaqlar, qadınlar, qocalar, şikəstlər də var idi. Hərbiçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, avtobusları atəşə tutur, yaralıları öldürür, meyitləri təhqir edirdilər. Hərbi təcavüzün nəticəsində yüzlərlə ev, onlarla avtomobillərin, o cümlədən, təcili yardım maşınları dağıdılmış, külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.

Qanlı Yanvar qırğını həm də rus şovinistlərinin ermənilərlə ilə birgə apardıqları anti - Azərbaycan siyasətinin tərkib hissəsi idi. Lakin onlar öz qanlı əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə nail olmasına gətirib çıxardı. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, “... bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı”. 20 Yanvar cinayəti bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir. Keçən il, yəni, 2020-ci ildə Qara Yanvarın otuzuncu ildönümü, İngiltərədə "Otuz illik qayda" nın bitməsinə təsadüf etmişdi. Britaniya Milli Arxivinin dərc olunmuş sənədlərindən məlum olduğu kimi, Baş nazir Margaret Tetçerin rəhbərlik etdiyi İngiltərə hökuməti, 1990-cı ilin yanvarında Moskva ilə dialoq yolu ilə Bakı küçələrində mülki əhalinin qırılmasının qarşısını almağa çalışmışdı. Lakin buna nail ola bilməmişdi.

O faciəli günlərdə Heydər Əliyevin - qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M. Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi. 20 Yanvar faciəsini hüquqa, demokratiyaya və humanizmə zidd addım kimi dəyərləndirən Ulu öndər Heydər Əliyevin böyük müdrikliyi və güclü siyasi iradəsi sayəsində həm də 20 Yanvarla bağlı informasiya blokadası yarılmış oldu. O, yenidən hakimiyyətə qayıtdıqdan sonra bu məsələyə dövlət səviyyəsində siyasi - hüquqi münasibət bildirildi.

Bu fədakar insanlar, onların ailə üzvləri ən böyük hörmətə və qayğıya layiqdirlər. Qeyd etmək lazımdır ki, 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Ölkə başçısı İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.

1995-ci ildə M. Qorbaçov Azərbaycan xalqından üzr istəyərək demişdi ki, "Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında fərmanın imzalanması mənim siyasi karyeramdakı ən böyük səhv idi". Bununla belə bütün məsələləri qəddarcasına “həll edən”, günahsız insanların qətlinə fərman verən bu cəllad 1990-cı ilin yanvarında Bakıda baş verən qanlı terrordan bir neçə ay sonra Nobel Sülh Mükafatını aldı. Və ona heç nə mane olmadı. Bu, da taleyin ironiyası və haqsızlığın, dünyanın maraqlar üzərində qurulmasının bariz göstəricisidir. Lakin İlahi ədalət öz yerini tapacaqdır! Hər kəs layiq olduğu cəzanı alacaqdır!

Bu gün biz 20 yanvar şəhidlərini xüsusi qürur və ləyaqət hissi ilə anırıq. Nəhayət ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. 44 günlük Vətən Müharibəsində öz qanları və canları bahasına yeni qəhrəmanlıq səlnaməsi yazan Azərbaycan əsgəri, Azərbaycan vətəndaşı bu gün qalib xalq olaraq öz şəhidini yad edir! Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır! Onların xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır!

 

Hicran Hüseynova

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri, professor

Digər Xəbərlər