adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
19 Yanvar 2021 12:35
64103
MÜSAHİBƏ
A- A+

"Şeirlərim silindi, çox dərin psixoloji sarsıntı keçirdim" - MÜSAHİBƏ

İstedadlı insan hansı millətə mənsub olur-olsun, sənət nümunələri yaradacaq.

Müsahibimiz  şair, bəstəkar Aysel Kərimdir.

-Gənc Ədiblər Məktəbini birlikdə bitirdik. Hətta 2014-cü ildə “ilin gənci” mükafatını birlikdə almışdıq. Gənc Ədiblər Məktəbi Aysel Kərimə nə verdi? Ümumiyyətlə, bu tip dinləyici klub, məktəblər ədəbi mühitdə, gənclikdə hansı rolu oynayır?

-Bəli, Emin bəy. Tamamilə doğru qeyd etdiniz. Buta Sarayında- "Gənclər mükafatı" na layiq görüldüyümüz o möhtəşəm nominasiya xoş günlərimdən biri kimi xatirəmə həkk edilib. Yaradıcılıq dediyimiz məfhum sözsüz ki, fərdi şəkildə ərsəyə gəlir. Lakin ədəbi toplantıların yaradıcılıq fəaliyyətimizdəki xüsusi rolu da danılmazdır. Beləki, hələ yeniyetmə çağlarımda Xalq şairlərimizin, Xalq yazıçılarımızın ədəbi nümunələrimə yanaşım tərzi məndə stimul yaratdı. İstər Gənc Ədiblər Məktəbində, istər Bakı Slavyan Universitetinin yaradılıq fakültəsindəki ədəbi görüşlər, həmkarlarımızla geniş fikir mübadiləsi ovqatımıza daha da rəng qatırdı. Yaradıcı insanlar həm də ruhən qohumdurlar. Ona görə də hər insan öz əqidəsinə uyğun olan kəslərin çevrəsində yer almaqdan məmnun olar.

 

-Bəstəkar Aysel Kərim, yoxsa şair Aysel Kərim? Hansı öz sahəsində daha peşəkardır?

 

-Həm Azərbaycan Bəstəkarlar İttifaqının, həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Deməzdim ki, biri digərindən geridə qalır. Xeyr. Hər ikisini də eyni səviyyədə paralel olaraq icra etməyə nail oluram. Mənə əziz olan musiqi və poeziya eyni zamanda bir-biri ilə vəhdət təşkil edir.

 

- Valideynlər qız övladlarını adətən həkim görmək istəyir. Sizdə də belə olub səhv etmirəmsə?

 

-Sənətimi valideynlərimin xeyir-duası, istəyi, rızası ilə seçmişəm. Gəncə şəhərində keçən illərim kiçik yaş dövrümə təsadüf edib. Gəncədə stomatoloq kimi çalışan bir xanımdan anamın çox xoşu gəlib və o hissin təsiriylə "gələcəkdə bəlkə sən də stomatoloq olasan?" deyə məndən soruşub. Mən isə "bəstəkar olacam" deyə cavablamışam.

 

"Həvəskar polis", "həvəskar həkim" ifadəsi yanlış olduğu kimi "həvəskar bəstəkar" deyimi də yanlışdı.

 

-Müasir dövrdə bayağı mahnılar çoxalıb. Bunu nə ilə əsaslandırmaq olar?

 

-İndi "həvəskar bəstəkar", "həvəskar musiqiçi" ifadələrinə çox tez-tez rast gəlirik. Bir məqama xüsusilə toxunmaq istərdim ki, "həvəskar həkim", "həvəskar iqtisadçı", "həvəskar polis" "həvəskar jurnalist", "həvəskar hüquqşünas" və.s bu cür ifadələr yanlış olduğu kimi musiqi sənətinin önündə işlədilən "həvəskar" anlayışı da kökündən yanlışdır. Hər kəs öz sahəsində peşəkarcasına fəaliyyət göstərsə vətənimiz adına daha gözəl işlər ərsəyə gətirə bilərik. Hər hansı sənət üzrə ali elmi biliyə yiyələnmədən nələrsə etməyə çalışmaq sadəcə olaraq həmin sənəti zədələyib, zərər yetirə bilər. Biz uzun illərdir elə insanlarla mübarizə aparmaqdayıq.

 

-Bizdə çox vaxt deyirlər ki, Nazim Hikmət, Dostoyevski, Tolstoy, Hüqo, Markes və. s oxuduqdan sonra Azərbaycan ədəbiyyatını oxuyub niyə vaxt itirim? O anlayışla biz də deyə bilərik ki, Hans Zimmer, Vangelis, Ennio Morrikone və s. bəstələrini dinlədikdən sonra sizlərə niyə zaman ayıraq? Siz necə düşünürsünüz?

 

-Mənim yanaşım tərzim belə deyil. Bu fikir ədəbiyyat və musiqi sahəsində olan istedadlı peşəkar insanlara hörmətsizlikdir və tamamilə yanlışdır. Azərbaycan mədəniyyəti heç də başqa dövlətlərdən oğurluq və təkrarçılıq deyil. Ümumiyyətlə, istedadlı insan hansı millətə mənsub olursa-olsun, harada yaşamağından asılı olmayaraq sözsüz ki, özünəməxsus sənət nümunələri ərsəyə gətirəcəkdir. Bunun üçün irqi ayrıseçkilik etməyə nə gərək var ki? Heç də məntiqli deyil. Daha dolğun şəkildə desək çalışmalıyıq ki, başqa ölkələrin və öz ölkəmizin əsl sənət nümunələrini oxuyaq və dinləyək.

 

 

 

Şeirlərim silindi, çox dərin psixoloji sarsıntı keçirdim

 

-Sayca neçə şeir kitabınız var?

 

-"Bir ovuc yağış" və "Kəpənəyin göz yaşı" adlı şeirlər kitabının müəllifiyəm. Heç bir müsahibədə açıqlamadığım bir hadisəni sizinlə bölüşmək istərdim. 2016-cı ildə şeir kitabımı nəşr etdirməyə hazırlaşırdım. Texniki səhvə görə notebook-un yaddaşından 150 ədəd şeirim silindi. Nə qədər mütəxəssislərə müraciət etsəm də çaba göstərməyimə rəğmən təəssüf ki, format olunduğu üçün geri qaytarmaq mümkün olmadı. Çox dərin psixoloji sarsıntı keçirtmişdim. Hələ də xatırladıqca təsirlənirəm. Amma mənə dəyər verən insanların sayəsində toparlandım və qaldığım yerdən davam etməyə başladım. Elə hadisə yaşamasaydım say etibarı ilə üç kitab olacaqdı.

 

 

-Üzeyir Hacıbəylini yalnız musiqidə deyil, ədəbiyyatda da xatırlamalıyıq…

 

-Təbii ki,. Üzeyir bəy Hacıbəyli yaradıcılığında söz və musiqinin vəhdətinə mükəmməl şəkildə nail olan dahi idi.

 

- Yüksək vəzifəli insanlarla dostluğunuzu görürük.

 

- Dostluq anlayışı mənim üçün güvən hissindən başlayır. İnsanların məşhur və yüksək görəvli olmağı önəmli deyil. Dostluq edə bilməyim üçün əsl şərt həmin kəslərin vicdanlı, ağıllı, əxlaqlı, düzgün olmağıdır. Əgər mənəvi cəhətdən və əməllərimiz sarıdan uyğunluq olmasa münasibəti dayandırıram. Yalnız öz həmkarlarımla deyil digər sahələrdən olan insanlarla da çox gözəl əlaqələrimiz var. Qeyd etdiyim kimi yetər ki, həmin insanlar bəşər övladına, bəşəriyyətə sayğıyla yanaşsın, vətənini, millətini ürəkdən sevsin. Ən əsası Tanrının varlığını unutmasın. Əks təqdirdə yollar ayrılır.

 

-Sizi qapalı və məsafəli insan kimi tanıyırıq. Bəs, özünüz necə izah edərsiniz?

 

-Razıyam. Kiçik yaşlarımdan xarakterim məhz bu cür formalaşıb. Qapalı və məsafəli olmaq cəmiyyətə güvənsizliyimdən irəli gəlmir. Həyatdakı mövqeyinə, mənliyinə bələd olduğum insanların əksəriylə əslində səmimiyəm. Yaşca böyük ziyalılar təmkinli, səbrli, dözümlü olduğumu söyləyiblər. Psixologiyanı bilmək, anlayışlı davranmaq önəmlidir. Çevrəmdəkilər güvənərək sirlərini rahat şəkildə bölüşürlər. İnsanların etibarını qazanmaq əsl xoşbəxtlikdir. Bacardığım qədər ehtiyacı olan hər kəsi doğru yola çəkirəm. Faydalı tövsiyyələr verməyi özümə borc bilirəm. Buna görə vicdanım çox rahatdır. Düzgünlük, mərdlik həyat amalımdır.

 

-Əməkdaşlıq etdiyiniz sənətkarlar içərisində sizə kapriz göstərən olub?

 

- Xeyr, belə hal ilə rastlaşmamışam. Əksinə məni öz övladları gözündə görüblər. Doğma münasibət bəsləyiblər. Qarşılıqlı olaraq çox gözəl anlaşmışıq. Ərsəyə gələn işlər də olduqca uğurlu alınıb.

 

-Müxtəlif mövzulara toxunursunuz. Onların içərisində vətənpərvərlik mövzuları da var.

 

-Bəli, düzgün qeyd etdiniz. Vətənpərlik mövzusunda bir neçə himnlər, əsərlər, mahnılar müəllifiyəm. Hal-hazırda bir neçə əsərlərin də üzərində çalışıram.

 

 

Söhbətləşdi: Emin Piri