SON DƏQİQƏ:

“Musiqi zövqümün formalaşması klassikadan başlayıb” – MÜSAHİBƏ

  39571   |  
Şriftin ölçüsü  

“Solo ifaçılıqda insan ruhu ilə, qəlbi tək özünü biruzə verir. Səni dinləyicilər daha aydın sezə bilir. Yaranan, ərsəyə gələn musiqilərdə bir hekayə çatdırırsan solo ifada. Mənim “Portret” adlı bir bəstəm var ki, o da mənim hekayəmdir. Həmin musiqidə bir insan portretinin duyğuları əks olunub”. “Ədalət” qəzetinin qonağı tarzən İbrahim Babayevdir.

-Zəhmət olmasa özünüzü təqdim edin…

-Bakı şəhərində anadan olmuşam. 2012-ci ildə ingilis təmayüllü 16 saylı Texniki-Humanitar liseyi bitirmişəm. 2007-2012-ci illərdə Fikrət Əmirov adına 6 saylı Usaq İncəsənət musiqi məktəbində “Tar” ixtisası üzrə təhsil almışam. 2012-ci ildə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində tar ixtisası üzrə təhsilimi davam etdirmişəm. 2016-2020-ci illərdə Azərbaycan Milli Konservatoriyasında İfaçılıq fakultəsinin Xalq Çalğı Alətləri (Tar) ixtisası üzrə təhsilimi fərqlənmə diplomu ilə başa vurmuşam. Hazırda Azərbaycan Milli Konservatoriyasında magistr təhsili alıram.

“Tarın səsi sehrlidir”

-Musiqi alətləri çoxdur. Niyə məhz milli musiqi aləti olan tar?

-Niyə tar? Bu suala geniş cavab vermək istəyirəm. Uşaqlıqdan professional musiqiçi olmaq niyyətində idim. Çox insan musiqi ilə məşğul olur, amma bir neçə ildən sonra qərar verə bilmir ki, musiqiçi olum, ya yox?! İlk gündən tək bir məqsədim vardı, professional musiqiçi olmaq. Yəni böyük səhnələrdə ifa etmək niyyətində idim. İstəyirdim ki, xarici səfərlərə gedim. Belə deyim, özümə hər zaman yaradıcı həyat arzulayırdım. Çox şükür Allaha, o həyatı mənə qismət etdi. Çox şükürlər olsun. Bunu da qeyd edim, tara gəlməzdən əvvəl ailəm pianoçu olmağımı istəyirdi. Lakin mən tarı çox sevirdim. Tarın səsi, tarın pərdələri, simləri... Ümumiyyətlə, tarın səsi sehrlidir. Kimsə tarı ifa edəndə həmin insanın barmaqlarında bir sehrin olduğunu düşünürdüm. Bir az öncə dedim, ailəmin təkidi ilə 7 il musiqi təhsilimi piano üzrə almışam. Təhsilimin 5-ci ilindən başlayaraq piano dərslərində deyil, tar siniflərinə gedib tar dərslərində iştirak edirdim. Saatlarla tarı dinləyirdim. Həmin dövrlər belə tarın səsi məni valeh edirdi. Musiqi məktəbində təhsil aldığım zaman tar təhsili alanların əlində tar görərkən kövrəlirdim. Çünki mən də tar istəyirdim. Şükür Allaha ki, indi professional şəkildə tarla məşğul oluram. Amma belə bir şey də var, piano təhsili aldığım üçün peşiman deyiləm. Məhz piano təhsili həyatıma, indiki fəaliyyətimə çox müsbət təsir edib. Belə ki, musiqi zövqümün formalaşması klassikadan başlayıb. Mənim ilk təhsilim piano ilə bağlı olduğuna görə musiqi zövqüm fərqlənir.

-Tarın incəliklərini kimlərdən öyrənmisiniz?

-Müəllimlərim Respublikanın Xalq artisti Ağasəlim Abdullayev, Əməkdar artist Səbuhi Cəfərov və Ələkbər Ələkbərov olub. Uğurlarıma görə Allaha və müəllimlərimə minnətdaram.

“Solo ifada daha çox özümü görürəm”

-Tar köksevən alətdir. Təsadüfi deyil ki, onu kökləmək müəyyən bir vaxt alır. Siz necə tarı kökləyəndə çox əziyyət çəkirsiniz?

-Bir gün Üzeyir bəy Hacıbəyovun yanına bir musiqiçi gəlir və ondan xahiş edir ki, mən sizin rəhbərliyiniz altında xalq-çalğı alətləri ansamblında çalışmaq istəyirəm. Vaxtınız varsa, məni dinləyin. Üzeyir bəy onu qəbul edir. İfaçı aləti ifa etmək istəyəndə musiqiçini dayandırır və alətin aşıqlarını boşaldıb onu tamamən kökdən salır. Deyir ki, əgər bu aləti dəqiq kökləyə bilsən, ifa etmədən də səni işə qəbul edəcəm. Bax Üzeyir bəyin böyüklüyü buradan görünür. Musiqiçi aləti yaxşı kökləyə bilirsə, deməli, o, yaxşı da ifa edə bilir. Hətta belə bir cümlə də var: “Professional musiqiçinin aləti həmişə saz vəziyyətdə olmalıdır”.

-Nə üçün solo ifa?

-Solo ifada daha çox özümü görürəm. İstəyirəm, içimdə olan hissləri, duyğuları çatdırım. Trio ifa da çətindir, o da peşəkarlıq tələb edir. Amma solo ifaçılıqda insan ruhu ilə, qəlbi tək özünü biruzə verir. Səni dinləyicilər daha aydın sezə bilir. Yaranan, ərsəyə gələn musiqilərdə bir hekayə çatdırırsan solo ifada. Mənim “Portret” adlı bir bəstəm var ki, o da mənim hekayəmdir. Həmin musiqidə bir insan portretinin duyğuları əks olunub.

“Çətinliklər mənə stimul verir”

-Sənətdə çətinlikləriniz çox olub?

-Hər bir sahədə olduğu kimi, bizim də sahənin özünəməxsus çətinlikləri var. Çətinliklər haqqında onu deyə bilərəm ki, insan əziyyət çəkirsə, çətinliklərlə rastlaşırsa, mütləq şəkildə Allah onun qarşılığını verir. Mənim də həyatımda çətinlik olub, indi də var və gələcəkdə də olacaq. Həmin çətinliklər mənə stimul verir. Hər kəsə bir duam var, Allah hər kəsin çəkdiyi əziyyətin qarşılığını versin.

-İfa zamanı tarın səsindən başqa nələri eşidirsiniz?

-Bunu sözlərlə ifadə edə bilməyəcəm. Həmin hisslər sözlərlə ifadə olunmur. Tardan eşitdiyim, ondan gələn səslər mənim üçün qiymətsizdir.

-Təşəkkür edirəm ki, dəvətimi qəbul edib mənə müsahibə verdiniz.

-Mən də sizə minnətdaram ki, sənətə dəyər verirsiniz.

Rövşən Tahir

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09, 06,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK