adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

FAİQ QİSMƏTOĞLU: XUDAYAR YUXUMA GİRMİŞDİ

FAİQ QİSMƏTOĞLU
83740 | 2021-01-07 15:50

Uca bir dağ idi. Və uca bir dağın lap zirvəsində Xudayar Yusifzadə əyləşmişdi. Arxadan günəş boylanırdı. Boylanan günəş dağın zirvəsində olan qara gözəllik gətirirdi. Və Xudayar da bu gözəl məkanda, bu gözəl anda “Vətən yaxşıdı” mahnısını ifa edirdi. O qədər gözəl səsləndirirdi, o qədər gözəl rəng verirdi, sanki dünya Xudayarın səsinə bələnmişdi. Dünya o qədər şirin idi ki, dünya o qədər rəngarəng idi ki, Xudayar bu rəngarəng, bu gözəl dünyanın içindəydi. Yuxu o qədər şirin idi ki, mən hələ də anlaya bilmirəm ki, hardan bu oğlan mənim yuxuma girmişdi.

Xudayarın o uca dağın başından o gözəl mahnını mənim yuxumda ifa etməsi inanın, elə bil təzədən onun həyata qayıtması, təzədən onun yaşaması idi. Xudayarın belə gözəl səslə, belə gözəl ifayla təsnifi səsləndirməsi sanki yeni bir ömür idi, yeni bir gün idi, yeni bir an idi. Xudayar diqqətlə mənə baxdı və sifətimdəki kədəri görüb dedi:

- Əmi, heç darıxıb eləmə, mən ölməmişəm ha, mənim yerim Cənnətdi.

Bir az doldum, bir az gözlərim yaşardı. Ancaq mən elə bilirdim ki, onunla canlı söhbət eləyirəm, onunla nəfəs-nəfəsə, üzbəüz durub danışıram. Yuxudan ayılandan sonra özümə gəldim və düşündüm ki, bu uşaqlar, Xudayar

Yusifzadə kimi şəhidlər heç vaxt ölmürlər. Onlar tək bir evin, bir kəndin, bir rayonun övladları deyillər. Onlar bütün Azərbaycanın, bütün xalqın, bütün dövlətin övladlarıdır. Onlar heç vaxt yaddan çıxmırlar. Onlar günəş kimi üfüqdən boylanırlar. Yenidən işığını bu millətin, bu xalqın, bu ölkənin üstünə səpələyirlər. Bu igidlər, bu oğullar, bu ərənlər elə-belə oğullar deyildi. Onların hər biri aslan idi, aslan. O aslan ki, nərə çəkirdi, hücum eləyirdi, onların nərəsindən, səsindən ermənilər vahiməyə düşüb silahlarını açıb qaçırdılar. Xudayar Yusifzadə də belə bir oğlan idi, belə bir igid idi, belə bir ərən idi. Cəbrayılda döyüşdü, Füzulidə döyüşdü və sonda Zəgilanda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Onun çöhrəsindəki nuru, onun çöhrəsindəki o işığı görəndə adam elə bil ki, dünyanın ən xöşbəxt, ən gözəl bir nurlu insanı ilə üzləşirdi. O görüntülərə baxanda həmişə onun qeyri-adi ifası inanın, adamın varını yoxundan eləyir. Daha doğrusu, adama yeni bir həyat verir ki, adi bir oğlan olasan, adi bir əsgər olasan, adi bir gizir olasan, xalq artistindən, əməkdar artistindən gözəl bu mahnını ifa edəsən. Bu da təsadüfi deyil. Deyilənlərə görə, Xudayar xanəndəlik məktəbində təhsil alıb. Ağcabədidə keçirilən muğam müsabiqəsində birinci yerə çıxıb. Sadəcə olaraq, düşünürəm ki, onun arxası olmadığına görə, maddi durumu olmadığına görə, söykəyi olmadığına görə, böyük musiqi aləminə gəlib orda öz yerini tapa bilməyib, öz yerini tuta bilməyib. Onun yerini dırnaqarası xalq artistləri tutur.

Tək bir təsniflə, tək bir ifayla Xudayar Yusifzadə yeni bir musiqi aləmində qızıl hərflərlə tarix yazdı. Yazdı ki, mən bu mahnıyla, bu təsniflə səsimi Azərbaycan xalqına çatdırıram. Həmin görüntülərə baxanda o səsdəki çalarlar, o səsdəki rənglər, o səsdəki qeyri-adi xırdalıqlar adamı tamamilə təəccübləndirir. İnanın, ən məşhur xanəndələr, ən məşhur müğənnilər belə ifa eləyər. Mahninin yaradıcısı, yəni bəstəkarı, xalq artisti Əlibaba Məmmədov da onun ifasını dinləyəndən sonra ona çox böyük dəyər verib və deyib ki, bu mahnını, bu təsnifi mən bəstələmişəm, sözləri Əlağa Vahidə aiddir. Amma bundan sonra o təsnif mənim təsnifim kimi yox, Xudayar təsnifi kimi oxunsun.

Bəli, Xudayar gör göz qırpımında gəldi, bir göz qırpımında getdi. Həm qanıyla, şəhidliyiylə bir tarix yazdı, həm də Azərbaycan musiqi aləmində səsiylə yeni bir səhifə açdı. O səs ki, bu gün hamımız o səsi dinləyəndə, o səsi eşidəndə inanın, insan nə qədər böyük bir coşqu yaşayır, nə qədər sevgiylə həyata baxar. Onun ifası, onun səsləndirdiyi təsnif musiqisiz, tarsız-kamansız da gözəl səslənir. Yəni bu səsin sehri var, bu səsin rəngi var, bu səsin çaları var. Və həmişə də düşünürəm ki, bu cür oğullar doğurdan da Azərbaycan xalqının tarixində əbədiyaşar oğullar olacaqlar. Onlar həm Qarabağın qaytarılmasında bir tarix yazdılar, həm də Xudayar Yusifzadə öz səsiylə “Vətən yaxşıdı” təsnifiylə yeni bir ömür yazdı, bir tarix yazdı.

Bu cür insanlar, bu cür istedadlar zamanında qiymətləndirilməyib. Amma bir mahnıya görə də bir təsnifə görə də, bir muğama görə də hər hansı adama istedadına görə yüksək ad vermək olar. Bəlkə də cənab prezident o musiqiyə qulaq assaydı, elə ona xalq artisti adı verərdi. Əlibaba Məmmədovdan sonra o təsnifi bu qədər gözəl oxuyasan, təsnifin yaradıcısı da buna mat qala. Bu istedaddı, bu günəşdi, bu işıqdı, bu Azərbaycan xalqının bir daha böyüklüyü, döyüşkənliyi, mərdliyi və cəsurluğudur.

İnanın bu cür oğullar, bu cür igidlər, bu cür aslanlar bayaq dedik, tək bir evdən getmir, Azərbaycandan gedir. Hər dəfə onun səsini eşidəndə, hər dəfə “Vətən yaxşıdı” təsnifini onun ifasında dinləyəndə yenidən gözümüzə Qarabağ gələcək, Şuşa gələcək, Laçın gələcək, Zəngilan gələcək, Cəbrayıl gələcək, Ağdam gələcək, Kəlbəcər gələcək, Füzuli gələcək, Qubadlı gələcək. Nə vaxta qədər Qarabağ var, nə vaxta qədər Azərbaycan var, o vaxta qədər də Xudayarlar var, onların səsi var, onun təsnifi var.

Bu yaxınlarda mən “Ədalət” qəzetində, doğma qəzetimizdə Cavid Qurbnanovun Xudayar Yusifzadəyə həsr etdiyi bir şeiri də oxudum. Sözün düzü, məni çox kövrəltdi.

 

Dastan deyib, dastan olan igidim,

Döyüşündə aslan olan igidim.

Şəhidliklə zirvə tutan igidim,

Ruhun Cənnət, yerin olsun laləzar,

Şəhid balam, şəhid oğlum Xudayar.

 

Xudayar kimi oğullar Azərbaycanın oğullarıdı. O şəhid qanı tökülən yerdə, o şəhid qanı axan yerdə, o şəhid qanı axan yerdə, o şəhid qanı daman yerdə yenidən onlar dünyaya gələcəklər. O yerdə lalələr bitəcək... o yerdə bənövşələr boy qaldıracaq... o yerdə güllər açılacaq... o yerdə çinarlar boy atacaq... palıdlar yüksələcək... Bax, o igidlər palıd kimi, çinar kimi, gül kimi, lalə kimi yenidən o torpaqda boy qaldıracaqlar, yenidən o torpaqda yaşayacaqlar.

İgidlər və Şəhidlər heç vaxt ölmürlər. Onlar bu millətin, bu dövlətin, bu xalqın tarixinə öz adlarını qızıl hərflərlə yazıblar. Xudayar Yusifzadə də Azərbaycan tarixinə şanlı Qarabağ döyüşləri tarixinə öz adını qızıl hərflərlə yazdı və əsas da “Vətən yaxşıdı” təsnifiylə əbədiləşdirdi. Yerin Cənnət olsun, Xudayar!

TƏQVİM / ARXİV