SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: BİR GÜNƏŞ KİMİ

  61602   |  
Şriftin ölçüsü  

... Dünyada elə insanlar var ki, günəşə bənzəyirlər. Yəni günəş kimi üfüqdən boylanır, nuru, işığı ilə dünyanı isidir, insanları sevindirir və bir müddətdən sonra da elə günəş kimi qürub edirlər. Onların gəlişi də, gedişi də həmişə çox coşqun olur... çox tufanlı olur... çox fırtınalı olur... Yəni onlar gəlişiylə bir ad yazırlar, bir ömür yazırlar, qeyri-adi bir səlnamə qoyub gedirlər və özlərinin izlərini qoyurlar...

... Mənim üçün çox ağırdır. Bu günlərdə çox istedadlı hərbi jurnalist və ekspert “Azeridefence” jurnalının baş redaktoru, Azeridefence.com saytının rəhbəri Rəşad Süleymanov dünyasını dəyişib. Rəşad mənim üçün şox doğmaydı, çox əziz idi, çox yaxın idi. Çünki Rəşad mənim əmim Yusif kişinin nəvəsiydi. O Yusif kişi ki, II Dünya Müharibəsində düz Kiyevdən Berlinə kimi döyüş yolu keçmişdi. Və bu gün də onun adına Ukraynanın Lvov şəhərində Yusif Süleymanov küçəsi var. Rəşad belə bir nəsilədə, belə bir eldə, belə bir obada dünyaya gəlmişdi...

... Rəşad Füzulinin Böyük Bəhmənli kəndində anadan olmuşdu. Kəbirli tayfasında yetişmişdi. Və Rəşad Füzuliyə, Böyük Bəhmənliyə, öz nəslinə, tayfasına çox böyük bir şöhrət yaşatdı, qeyri-adi bir iz qoydu. O nəslin, o elin, o yurdun başını uca elədi. Rəşad adi jurnalist

deyildi. O, qeyri-adi bir jurnalist idi. Ən azından ona görə ki, bu gün Azərbaycan mətbuatında hər hansı ixtisası gözəl bilən mütəxəssislər barmaqla sayılır. Bax, Rəşad da o barmaqla sayılası hərbi jurnalistlərdən biriydi. Təsəvvür edin, Böyük Qarabağ Savaşının ilk günlərindən, yəni sentyabrın 27-dən noyabrın 10-a qədər Rəşad Süleymanov vaxtaşırı olaraq Azərbaycan televiziyalarının müxtəlif kanallarında hərbi ekspert kimi çıxışlar edirdi. Azərbaycan Ordusunun uğurlarını, onların müasir texnika və texnologiyasını o qədər gözəl şərhlər, elə dəqiq izahlar verirdi ki, Müdafiə Nazirliyinin zabiti qədər bilgiyə malik idi...

... Rəşad çox ağır yollardan keçib. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olmuşdu. Oranı bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdı. Bir gün mənə yaxınlaşıb dedi, Faiq əmi, iş axtarıram. Mən də “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidovaya Rəşadı işə götürməsi üçün xahiş etdim. Sevinc xanım da mənim sözümü yerə salmadı və Rəşadı işə qəbul etdi. Bir müddətdən sonra Sevinc xanım dedi ki, Faiq müəllim, Rəşad çox istedadlı oğlandı. Amma təəssüf ki, mənim yanımdan çıxıb gedir. Rəşad ordan “525-ci qəzet”də çalışmağa başladı... sonra İctimai Televiziyada... daha sonra APA-da çalışdı. Harda çalışdısa, Rəşad özünün örijinal yaradıcılıq üslubuyla, özünün istedadıyla, özünün zəhmətiylə seçildi, fərqləndi və heç kimə bənzəməyən yol seçdi...

... Mən hələ də onun ölümünə inana bilmirəm. Ölümündən bir neçə gün qabaq mənə zəng vurub sağlamlığımla maraqlandı. Həmişə də mənə Faiq əmi, deyə müraciət edirdi. O, bizim elin-obanın tərbiyəli, qanacaqlı, böyük-kiçik yeri bilən, istedadlı jurnalistlərindən idi. Rəşad tək Məhəmməd müəllimin oğlu kimi yox, tək Yusif kişinin nəvəsi kimi yox, həm də Böyük Bəhmənlinin böyük ziyalısı kimi bir tarix yazdı. Rəşad böyük Azərbaycana xidmət elədi. Azərbaycanın yolunda öz istedadıyla, öz zəhmətiylə, öz qeyri-adi orijinal yanaşma tərziylə bu Vətənə, bu millətə, bu xalqa öz xidmətini göstərdi...

... Rəşadın dünyasını dəyişməsi tək Bəhmənli camaatını, Bəhmənli elini, Kəbirli tayfasını üzmədi. Onun dünyasını dəyişməsi Azərbaycan jurnalistikasına, Azərbaycan mətbuatına ağır itki oldu. Çünki Rəşad Süleymanov kimi jurnalistlər o qədər də çox deyil. Bayaq da dedim, onlar barmaqla sayılasıdı. Həmişə onun bir-birindən maraqlı, bir-birindən orijinal televiziya çıxışlarını izləyəndə onun istedadına, onun savadına, efir mədəniyyətinə, tamaşaçı ilə çox səmimi söhbətinə heyran qalırdım. Düzdü, Rəşad cəmi 37 il yaşadı. Amma Rəşad bu 37 ildə 107 ilin işini gördü. Çünki Rəşad mətbuat aləminin tarixinə adını qızıl hərflərlə yazdı. Hərbi ekspert kimi, hərbi jurnalist kimi ən qaynar nöqtələrdən, ən çətin məqamlardan, ən ağır döyüşlərdən reportajlar hazırladı. Orda olan əsgərlərimizin, orda olan hərbçilərimizin istək və arzularını gerçəkləşdirdi. Və həmişə də deyirdi ki, mən o

vaxt özümü rahat hiss edirəm ki, Azərbaycan əsgərinin, Azərbaycan Ordusunun yanındayam...

... Rəşad həmşə ağa ağ deyib, qaraya qara deyib. Heç vaxt kiməsə boyun əyməyib. Hətta doğmalarının belə minnətini götürməyib. Öz gücünə ali təhsil aldı... özücü və zəhmətilə gəlib bu günkü zirvəyə çatdı və Rəşad Süleymanov oldu. Rəşad təkcə jurnalist kimi deyil, Rəşad təkcə ziyalı kimi deyil, Rəşad təkcə vətənpərvər oğlan kimi deyil, Rəşad həm də sözün həqiqi mənasında böyük insan idi... böyük ürək sahibi idi... Allaha and olsun ki, mən onu hər dəfə görəndə, onun çıxışlarını izləyəndə onun ürək döyüntülərini eşidirdim, onun möhtəşəm Vətən məhəbbətini hiss eləyirdim. Təsəvvür edin, mütəxəssislərlə çıxışlarında, hərbi məsələlərə münasibətində, hətta zabitlər səviyyəsində, generallar səviyyəsində hərbi biliyə malik idi Rəşad Süleymanov. Amma bu qədər istedadlı, bu qədər savadlı, bu qədər zəhmətkeş olduğu qədər də sadə insan idi. Rəşad hara addım atdısa, hara üz tutdusa, kiminlə ünsiyyət yaratdısa, o dəqiqə həmin adamın yadında tərbiyəsiylə, savadıyla, əxlaqıyla və ən nəhayət, insani dəyərləri ilə yaddaşlarda qalırdı...

... Bu gün Böyük Bəhmənli əhli ağır bir itkinin hissini yaşayır. Amma bir tale yazısı da var. Baxmayaraq ki, Rəşad qısa bir ömür yaşadı, baxmayaraq ki, Rəşad koronavirusla mücadilədə uduzdu, amma o, Böyük Qarabağ Savaşında qalib gəldi... O, Böyük Qarabağ Savaşında görünən düşmənlə axıra qədər mücadilə elədi.

Onların ideoloji cəbhələrini, onların dezinformasiyalarını həm sosial şəbəkələrdə, həm də özünün rəhbərlik etdiyi saytda və jurnalda darmadağın eləyirdi. Onun vətənpərvərliyini, onun Vətən sevgisini, onun Vətənə sədaqətini görəndə həmişə onunla qürur duyurdum. Mən Rəşad Süleymanovla bir əminəvəsi kimi yox, bir azərbaycanlı kimi, bir namuslu, qeyrətli ziyalı kimi, Azərbaycan mətbuatının cəfasını və səfasını çəkən jurnalist kimi fəxr eləmişəm, qürur duymuşam ki, mənim elə bir dəyərli qohumum var. Yenə deyirəm, Rəşad Süleymanov sıradan bir jurnalist deyildi, sıradan bir yazar deyildi, çox operativ, çox orijinal və çox da rəngarəng yazı manerası olan istedadlı jurnalist idi...

... Onun imzasını hər dəfə görəndə, hər dəfə efirdə onun simasını görəndə qürur hissi keçirirdim. Hətta istedadlı şair Vaqif Bəhmənli mənə dedi ki, şükür Allaha, bizdən sonra da Bəhmənlidə istedadlı gənclər yetişir. Rəşad Süleymanovu gördüm ürəyim dağa döndü. Onun nə qədər bilgisi var, nə qədər geniş fikrini tamaşaçıya çatdırmaq qabiliyyti var. Hər hansı Azərbaycan jurnalistikasının ağsaqqalını, dəyərli və istedadlı nümayəndəsini dindirsən, Rəşad haqqında mənim dediklərimdən daha yüksək, ətraflı, daha orijinal fikirlər səsləndirər. Çünki Rəşad bu qısa zaman kəsiyində böyük mənada Azərbaycan jurnalistikasının ən yüksək zirvəsini fəth elədi. Təsadüfi deyil, cənab Prezidentinin Sərəncamı ilə ona jurnalistlər üçün tikilmiş binada mənzil də verilmişdi. Bu, Rəşadın Azərbaycan mətbuatında, Azərbaycan jurnalistikasına

verdiyi zihmətlərinin dəyəri idi. Cənab Prezident də onun zəhmətinə böyük dəyər verdi...

... Mənim sevdiyim və ömür boyu yadımda qalan bir-iki istedadlı dostum olub. Biri həkim dostum Əhliman Əliyev, biri də istedadlı jurnalist Rəşad Süleymanov! Rəşadı itirməklə elə bildim hansısa oğlumu itimişəm, hansısa doğmamı itirmişəm. Hələ də o yükün altından, o dərdin altından çıxa bilmirəm. Eləcə də doğmaları – atası, anası, bacısı, qardaşı, əmiləri, onu sevən bəhmənlilər. Rəşad Bəhmənli camaatının, Bəhmənli elinin yaddaşına öz adını qızıl hərflərlə yazdı. Və Rəşad Süleymanov kimi ziyalılar və Rəşad Süleymanov kimi xalqını, Vətənini, millətini sevən böyük yazarlar heç vaxt unudulmur. Mən onun haqqında keçmişdə danışmaq istəmirəm. Çünki istedadlı adamlar heç vaxt yaddan çıxmırlar, həmişə yaşayırlar...

...Yerin cənnət olsun, Rəşad! Sən Azərbaycan mətbuatının qəlbindəsən və Rəşad Süleymanov imzasıyla üzləşdikcə sən yenidən bir ömür yaşayacaqsan. Həm övladlarının ürəyində, həm də Azərbaycan mətbuatı tarixində!..

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-03
2021-03-02

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 02,
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK