adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Dekabr 2020 19:10
29145
SİYASƏT
A- A+

Azərbaycan ordusu dünya reytinqlərində daha da irəliləyəcək - Deputat

Bu gün müasir dünyamızda Azərbaycanın nüfuzu, ona olan inam və etibar günü-gündən artmaqdadır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasəti Prezident İlham Əliyev uğurla və böyük uzaqgörənliklə davam etdirir, ölkəmizin inkişafına mühüm töhfələr verir, bölgədə yeni siyasi və iqtisadi reallıqlar yaradır.

Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, bu gün dünyada müstəqillik tarixi 50 və 100 il olan ölkələr vardır ki, hələ də nə dövlət, nə də ordu qura biliblər:

“Azərbaycan isə müstəqillik tarixinin cəmi 30 il olmasına baxmayaraq, qısa müddətdə bütün sahələrdə böyük tərəqqi və inkişaf yolu keçib, bir sıra yerli və regional layihələri uğurla icra edib. Bu gün heç kim Azərbaycanla təhdid dilində danışa bilməz və nəyisə ona diqtə edə bilməz.

Onu da əlavə edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında koronavirusla mübarizə ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 3-4 dekabr tarixlərində COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş 31-ci Xüsusi sessiyasının keçirilməsi ölkəmizin dünya ölkələri arasında qazandığı xüsusi hörmətin, yüksək nüfuzun, eyni zamanda, Azərbaycanın bu qurumda və bölgədə aktiv rolunun göstəricisidir”.

Deputat bildirib ki, bu günlərdə Azərbaycan xalqı düşmən üzərində Zəfər bayramını qeyd edir:

“Azərbaycanın Ermənistan üzərində əzmkar qələbə çalmasında Prezident İlham Əliyevin siyasi liderliyi, həyata keçirdiyi müdrik və uzaqgörən siyasət, beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etməsi, Azərbaycan xalqının ona inam və etibarı xüsusi rol oynayır.

Bütün bunlara istinad edərək Prtezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilərkən verdiyi vədləri uğurla yerinə yetirdiyini söyləyə bilərik. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan xalqı tarixinin ən şanlı, şərəfli, qürurlu dövrlərindən birini yaşayır. Azərbaycan tarixdə heç zaman bu qədər güclü və müstəqil olmamışdı.

Azərbaycanda həyata keçirilən uğurlu və müdrik siyasət nəticəsində bu gün Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sırasına daxil olub, ən müasir texnika və silahla təchiz olunub, Azəbaycan bütün sahələrdə o cümlədən, ordu quruculuğu sahəsində böyük uğur qazanıb. İşğal altında olan torpaqlarımızın azad olunmasında, Ermənistan üzərində həlledici qələbəmizdə bu amil xüsusi rol oynadı. Azərbaycan heç zaman torpaqlarının işğal altında qalması ilə razılaşa bilməzdi”.

C.Məmmədov vurğulayıb ki, ikinci Qarabağ savaşında zəfərdən sonra Azərbaycan ordusunun dünya reytinqlərində daha da irəliləyəcəyi şübhəsizdir:

“Bu gün dünyanın böyük dövlətləri Azərbaycan ordusunun 44 gündə yazdığı qəhrəmanlıq salnaməsini öyrənir, öz ordusunda tətbiq etməyə çalışır.

Prezident İlham Əliyev öz çıxışlarında bəyan etmişdi ki, nəyi nə zaman etmək lazımdır, bunu mən bilirəm. Son baş verənlər bu fikri bir daha təsdiq etdi. Azərbaycan güclü diplomatik zəmin yaratdıqdan sonra Qarabağın işğaldan azad olunması üçün düşmənin cavabını layiqincə verdi.

İndi bölgəmiz yeni bir mərhələyə qədəm qoyur. Ölkəmizin daha güclü olması üçün hər birimiz Ali Baş Komandan İlham Əliyevin ətrafında daha sıx birləşərək güclü gələcək qurmaq naminə bütün imkanlarımızı səfərbər etməliyik. Bunun üçün yetərli qədər imkan və potensialımız var. Daha çox çalışmalı, hər an ayıq-sayıq olmalı, kimlərinsə birlik, bərabərlik və həmrəyliyimizi pozmasına imkan verməməliyik”.