adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Noyabr 2020 15:41
410631
LAYİHƏ
A- A+

1987-1992-ci illərdə Azərbaycanın Dağlıq Qarabağ regionunda nələr baş verirdi?!

(Bizim çoxlarımızın bilmədiyimiz həqiqətlər...Xankəndi)

 

(əvvəli ötən saylarımızda)

 

Hörmətli oxucular, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin: "Dağlıq Qarabağ işğal altındadır. Erməni təbliğatı bütün dünyada bizə qarşı işə salınıbdır. Elmi araşdırmalar, elmi əsərlər və kitablar çox vacibdir. Mən çox şadam ki, bu istiqamətdə işlər gedir. Biz bu sahədəki işlərimizi daha da gücləndirməliyik, müasirləşdirməliyik", - tövsiyəsini öz fəaliyyətində icra və rəhbərlik üçün qəbul edən Azərbaycan Respublikası Təhsil Nazirliyi bu baxımdan təhsil müəssisələrində xeyli müsbət işlər görmüşdür. Həmçinin, nazirlik tərəfindən 2014-cü tədris ilində (yaranmış tarixi zərurət nəzərə alınmaqla) ümumtəhsil məktəblərinin 8-ci, 2019-cu tədris ilində isə 7-ci sinif şagirdləri üçün (nazirliyin müvafiq qrif nömrəsi və vəsaiti ilə) "Qarabağ tarixi" (tədrisi rus dilində olan məktəblər üçün də tərcümə olunmuşdur) adlı fənnin dərsliyi (nazirliyin ekspert şurasının rəyi əsasında) nəşr olunub müəllimlərin və şagirdlərin istifadəsinə verilmişdir.

Bu fənnin tədrisi ideyası təhsil nazirliyinin sabiq şöbə müdiri, əməkdar müəllim Aydın Əhmədov tərəfindən irəli sürülmüşdür. Bu da səbəbsiz deyildi. Çünki, ermənilər Dağlıq Qarabağı özününküləşdirməyə vəorta məktəb şagirdləri üçün " Qarabağ Tarixi" adlı dərsliyin nəşrinə çalışırdılar. Biz buna imkan vermədik.Dərsliklər Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun "Qarabağ tarixi" şöbəsinin sabiq müdiri, hazırda Qafqazşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, professor Qasım Hacıyev və Şuşa Rayon Təhsil Şöbəsinin sabiq əməkdaşı, əməkdar müəllim, Qarabağ müharibəsi veteranı Əyyub Əbdüləzimov (Əyyub Şırlanlı) tərəfindən yazılmışdır. Heç şübhəsiz ki, "Qarabağ tatixi" (fakültativ) dərslikləri ("Azərbaycan tarixi"nin tərkib hissəsi olmaqla) Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun və onun ətrafındakı ərazilərin maddi-mədəniyyət abidələrinin, flora və faunasının, burdakı sənətkarlığın, görkəmli şəxsiyyətlərin, əsasən də Qarabağın türk etnoslarına məxsusluğunun yığcam şəkildə (uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla) öyrənilməsində, gənc nəslin vətənpərvərlik tərbiyəsində, məcburi köçkünlərin və qaçqınların doğma yurdlarımıza qayıdış arzularının gerçəklənməsində müsbət rol oynayacaqdır.

Hörmətli oxucular, yazımızın bu yerində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünyanın beynəlxalq tribunalarından dəfələrlə səsləndirdiyi: "Dağlıq Qarabağ bizim doğma, əzəli torpağımızdır. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək!" fikri Azərbaycan xalqının vətənpərvər oğlunun Vətəninə və xalqına sonsuz sevgisinin ən gözəl nümunəsidir. Başqa bir faktı da yada salmağı özümə mənəvi borc bildim.

Belə ki, 2019-cu ildə Valdayda televiziya ilə dünyaya yayımlanan (telebatda) küçə yürüşləri ilə sadə erməni xalqını aldadıb Ermənistanın baş nazir vəzifəsinə yiyələnən, sərsəm danışığı və insana xas olmayan davranışı ilə tanınan, işğalçılıq və faşizm siyasəti təbliğatçısı sayılan Nikol Paşinyanın: "Qarabağ Ermənistandır", nöqtə fikrinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin: "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" - nida cümləsi ilə verdiyi cavab ermənilərə və ermənipərəst qüvvələrə Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olduğunu bir daha xatırlatdı və işğal altındakı bütün ərazilərimizin tezliklə Ermənistanın işğalından azad olunacağına, Azərbaycanın üçrəngli bayrağının Şuşada, Xankəndində, Xocalıda, Xocavənddə, Ağdərədə, Laçında, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Füzulidə, Ağdamda dalğalanacağına əminliyini ifadə etdi. Bəli, Qarabağ Azərbaycandır! Bu gün xalqımız öz Ali Baş Komandanının - İlham Əliyevin ətrafında bir yumruq kimi birləşib bütün torpaqlarını işğalçı xuntadan - Ermənistanın işğalından azad edir. Bu, bizim Ana Vətənimizin xilasına olan övladlıq borcumuz və beynəlxalq hüququmuzdur. İftixar hissi ilə qeyd etməliyik ki, 10 noyabr 2020-ci il tarixdən etibarən ərazilərimiz işğaldan azad olunmuşdur. Bunun üçün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və rəşadətli qələbələr qazanan qəhrəman əsgərlərimizə minnətdarıq! Şəhidlərimizin ruhları qarşısında baş əyirik!

 

XX əsrin qan yaddaşı - Xocalı...

 

İnsan qəddarlığının son həddinə yiyələnmiş-faşist ideologiyası ilə silahlanmış işğalçı Ermənistan dövlətinin silahlı qüvvələrinin və Xankəndindəki Sovet Rusiyasına məxsus 366-cı motoatıcı alayın əsgər və zabitlərinin 1988-1993-cü illərdə viranəyə çevirdikləri el-obalarımızın 20 faizinin işğalı, 1 milyondan çox soydaşlarımızın öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşmələri, o cümlədən 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecədə ermənilərin və havadarlarının qan dənizində boğduqları Xocalı şəhərinin (Bax: Əyyub Şırlanlı: "Xocalını qan dənizində kimlər boğurdular?" "Qarabağa aparan yol" 11 aprel 2019-cu il, "Ədalət" 18-19 aprel 2019-cu il, "Ədalət" təkrar nəşr 25-26 fevral 2020-ci il.) dəhşətli mənzərəsi yuxumu ərşə çəkmişdir. Səmimi deyim ki:

 

Hər adam mənimtək tanıya bilməz,

Anam Qarabağa uzanan yolu.

Hər adam görməyib Xocalıdakı

Kəsilmiş başları, kəsilmiş qolu!

 

Evimiz Şuşanın məşhur Cıdır düzünün on addımlığında yerləşir. Burdan Dağlıq Qarabağın çox yerləri: Şahbulaq və Əsgəran qalaları, Xankəndi, Kərgicahan, Qaybalı, Daşaltı, Mıxatar, Şuşakənd, Qırmızı kənd, Malıbəyli, Quşçular, Xocalı, Ağdam aşırımı, Seyidkənd, Həsənabad, Çanaxçı, Daşbulaq, Narışlar, Cəmilli, Canhəsən və Ağdərə açıq-aydın görünür. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecədə Ermənistanın və Xankəndində yerləşən (erməniləri

qorumaq üçün saxlanılan) 366-cı motoatıcı alayın təpədən dırnağa qədər silahlanmış əsgər və zabitləri sözün əsl mənasında insan ovuna çıxmışdılar... Cıdır düzündən açıq-aydın görükən Xocalı şəhərinin dəhşətli mənzərəsi adamı dəli vəziyyətinə gətirirdi. Hər tərəfdən mühasirəyə alınmış və taleyin ümidinə buraxılmış xocalılar bir göz qırpımında evləri yandırıb külə döndərən, daşları və dəmirləri mum kimi əridən mərmilərin, hərb maşınlarının qarşısında kütləvi şəkildə məhv olurdular, canlarını qurtarmaq üçün ora-bura qaçışırdılar. Alovu göylərə dirənmiş evlərin işığında hər tərəf açıq görünürdü.

Quduzlaşmış vəhşilər talan-qarətlə kifayətlənməyərək qocalara, uşaqlara, qadınlara, xəstələrə divan tuturdular. İnsanı qılınc kimi kəsən şaxtada ayaqyalın, başıaçıq, çılpaq qaçışan, çığırışan, imdad diləyən insanların fəryadları, mərmilərin bir göz qırpımında yandırılıb bişirdiyi insan ətinin iyi Şuşaya qədər gəlib çatıdrı. Heyvanların bağırtısı adamı vahiməyə salırdı. Xocalını sahibsiz - taleyin ümidinə buraxıb vəzifə kürsüsü uğrunda mübarizə aparan səlahiyyət sahibləri - bu sahəyə cavabdeh hökumət rəhbərləri, güc strukturları, xüsusilə müdafiə nazirliyi bizim gördüyümüz, müşahidə etdiyimiz mənzərədən tamamilə xəbərsiz idilər. Əslində həmin səlahiyyət sahiblərinin Dağlıq Qarabağa gəlməyə cəsarətləri də çatmırdı. Xocalı şəhərinin yanğınları 10-15 gün davam etmişdir...

Həmin gecədə:

 

Xocalı çöllükdə qaçan bir qızın,

Naləsi göyləri silkələyirdi.

Sizdən nə gizlədim, həmin gecədə.

Məzarlar başıma daş ələyirdi...

 

Müşahidə etdiyim bu dəhşətli mənzərə 28 ildir yuxumu ərşə çəkmişdir.

 

Bəşər tarixində ermənilərin şərəfli səhifələri yoxdur...

 

Xocalının işğalı gecəsi həm Ermənistanın silahlı qüvvələri, həm havadarları, həm muzdlular, həm Xankəndindəki terrorçu ermənilər, həm də keçmiş Sovet Rusiyasına məxsus 366-cı motoatıcı alayın əsgər və zabitləri XX əsrin tarix səhifəsində işğalçı və şərəfsiz olduqlarını öz imzaları ilə təsdiq edirdilər.

Xocalıda dinc-günahsız azərbaycanlıları kütləvi şəkildə qətlə yetirənlərə BMT-nin, ATƏT-in və digər Beynəlxalq Təşkilatların bu günə qədər susqunluq nümayiş etdirməsi Azərbaycan xalqının haqlı qəzəbinə səbəb olmuşdur. Çox təəssüf ki, bu gün Beynəlxalq Təşkilatlar tərəfindən işğala məruz qalan, kütləvi şəkildə məhv edilən azərbaycanlılar günahlandırılır, onların səsləri bir çox ermənipərəst dövlətlərdə bilərəkdən batrılır...

Ay insan övladı, mərhəmət sahibi:

 

Ağdamdan keçəndə gəz Xocalını,

Önündə düz qatla, soruş halını.

Götür şəhidlərin yerdən külünü...

Bu kül olacaqdır bir vaxt gərəyin.

Eşit Xocalının qanlı harayın!

 

Yeri gəlmişkən qeyd etməliyik ki, Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyi altında fəaliyyət göstərən erməni hərbçilərinin 2020-ci ilin sentyabr-oktyabr və noyabr aylarında Azərbaycanın Gəncə, Bərdə və Tərtər və digər şəhərlərində həyata keçirdikləri kütləvi insan qırğınları Xocalı qırğınlarının davamıdır...

 

(ardı növbəti sayımızda)

 

Əyyub Şırlanlı, şair-publisist,

əməkdar müəllim,

AYB-nin üzvü, müharibə və

əmək veteranı

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.