SON DƏQİQƏ:

ŞUŞALI TİBB BACISININ 44 GÜNÜ

  74577   |  
Şriftin ölçüsü  

Azərbaycan xalqı tarixinin ən möhtəşəm və yaddaqalan günlərini yaşayır. Xalqımız bu anı uzun illərdir ki, gözləyirdi.  İşğal altında olan torpaqlarımız 44 gün ərzində müzəffər dövlət başçımızın   rəhbərliyi ilə ordumuz tərəfindən azad olundu.  

44 günlük Vətən müharibəsində  qəhrəmanlıqla döyüşən igid əsgərlərimizlə yanaşı, onların sağlamlığı keşiyində dayanan, yaralı əsgər və zabitlərimizin həyatlarını xilas edən fədakar   tibb işçilərimiz də şərəfli bir tarix yazdılar. Onlar  Vətənimizi qoruyan əsgər və zabitlərimizin sağlamlığının keşiyində dayanaraq təqdirəlayiq xidmətləri ilə qələbə sevincini yaşayan xalqımızın sevgi və rəğbətini qazandılar.

Vətənin dar günündə yaralı zabit və əsgərlərimizin sağlamlığı keşiyində duran tibb işçilərindən biri də akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunun tibb bacısı, əslən Şuşadan olan Günay Tağıyeva olub. O, Vətən müharibəsi başlayan gündən - 27 sentyabrdan Saatlı rayonunun   mərkəzi xəstəxanasına ezam   olunub. Müharibənin son gününədək   həkimlərlə çiyin-çiyinə yaralıların sağlamlığının keşiyində dayanıb. Günay Tağıyeva 44 gündə  həm sevinc dolu, həm də ağrılı hisslər keçirib.   Tibb işçisi, vətəndaş kimi üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlib. Gecə-gündüz demədən fədakarlıqla, yorulmadan ana-bacı qayğısı ilə yaralı əsgərlərimizin xidmətində dayanıb. Ön cəbhədən gətirilən yaralılara  həmkarları ilə birgə tibbi yardımlar göstərib. Səhiyyə işçilərimizlə birlikdə Günay xanım yüzlərlə əsgərimizin həyata qaytarılmasında, yaralıların şəfa tapmasında gərgin əmək sərf edib, onların dərdinə şərik çıxıb.

O zəfər dolu 44 gündə günlərlə yuxusuz qalsa da, bir an belə yorğunluq, çiynində olan ağır yükü hiss etməyib, əsgərlərə yardım etməkdən bezməyib, əsgərlərimizə "can” deyərək onların xidmətində durub. Ağır, məsuliyyətli iş olsa da, vətənin qeyrətli övladlarının xidmətində durmaq kimi şərəfli işdən qürur hissi keçirib.

           

Günay xanımın ömrünün “44 günü” ilə bağlı kövrək xatirələri var:

- Çox ağır günlərin şahidi oldum. Mən ömrüm boyu o günləri yaddaşımdan silə bilməyəcəm. Dəhşətlər gördüm - ölümlə üz-üzə qalan əsgərlərimizin iniltilərini eşitmək çox ağır idi.  Qəhrəman əsgərlərimiz tam sağalmadan yenidən cəbhəyə qayıtmaq istəklərini təkidlə bildirirdilər - vətən övladlarının bu vətən sevgisindən heyrətə gəlirdik.

Düşmən mərmisindən üzü, gözü yanaraq sifəti tanınmaz hala düşmüş əsgərimizin “Mən nişanlıyam, sifətim düzələcəkmi?” sualını dinləmək çox çətin idi. Psixi durumu pozulmuş əsgərin ön cəbhədə olduğu kimi hərəkətlər etməsi qəlbləri dağlayırdı. Fəqət, bu qəlb ağrıları ilə əsgər və zabitlərimizin sağlamlığı keşiyində durmaqdan qürur hissi keçirirdik. Onlar üçün nə etmişiksə, çox azdır. İgidlərimizin  haqqını heç vaxt ödəyə bilmərik. Bütün şəhidlərimizin, qazilərimizin qarşısında baş əyirəm. Onlar mənə Şuşanı qaytardılar.  Əsrarəngiz təbiətində - dağlarında, suyunda, çayında xüsusi gözəlliyi olan Şuşanı. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı. Şəmilin bulağı, əfsanəvi “Cıdır düzü”nü yenidən mənə, Azərbaycan xalqına, xalqımızı sevənlərə bəxş etdilər.  Hər bir evin, küçənin, möhtəşəm qala divarlarının, məscidlərin, qədd-qamətli minarələrin, əzəmətli  qəsrlərin qalıqları olan Şuşanı. Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər Qurdu, Hacı Yusifli, Dörd Çinar, Çöl Qala, Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam Qabağı və Təzə məhəllələri bizə qaytaran Ali Baş Komandanımız İlham Əliyevə, igid əsgər və zabitlərimizə ömrüm boyu borcluyam…

           

...Müharibə arxada qalsa da, tibb bacısı Günay Tağıyeva yenə də insanların sağlamlığı keşiyindədir.  O yenə də ailə üzvlərindən ayrılaraq cəbhədən cəbhəyə atılıb. İxtisaslaşmış modul xəstəxanada ölkənin koronavirus bəlasından mümkün qədər az itkilərlə çıxması üçün  mübarizə  tədbirlərinə qatılıb.

           

Şəfalı əllərin var olsun, Şuşalı qız!  

 

Hikmət Xudiyev,                                                                                                                                                                   

əməkdar jurnalist

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK