adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Noyabr 2020 10:14
27033
MƏMLƏKƏT
A- A+

BİZİM SEVİNCİMİZ

Biz bu qələbəni  düz 30 ildir gözləmişik. Və gözləyə-gözləyə hər açılan sabaha, hər günə böyük ümidlə baxmışıq. Həmişə Allaha dua eləmişik ki, biz Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın işğaldan azad olunduğu günü görək. Və biz onu da arzulamışıq ki, bir gün o yerlərə, o yurdlara gedə bilək.

Bir-birinin ardınca işğal altında olan torpaqlarımız azad edildi. Əvvəl Füzuli işğaldan azad olundu, sonra Cəbrayıl yağılardan təmizləndi, bir qədər keçdi Qubadlı, Zəngilan, Hadrut erməni işğaçılarından azad edilərək  bizə qovuşdu. Şuşanın azad edilməsi isə bu xalqa və bu millətə 200 ildə yaşamadığı sevinci bəxş elədi. 44 gündə Azərbaycanın işğal altında olan əksər rayonları erməni yağılarından təmizləndi... Və 44 gündə 5 rayonumuz, neçə şəhərimiz, neçə qəsəbəmiz, neçə kəndimiz azad edildi. Təkcə oktyabrın 9-da 73 kəndimiz müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilərək yenidən bizə qaytarıldı.

Əlbəttə, bu sevinci bizə bəxş edən Ali Baş Komandan və Azərbaycan Prezidenti cənab İlham Əliyev, bir də Azərbaycan Ordusudu. O Azərbaycan Ordusu ki, onun qarşısında təpədən-dırnağa qədər silahlanmış erməni ordusu tab gətirə bilmədi. Həmin ordu 44 gün müddətində rəşadətli Azərbaycan əsgərləri tərəfindən darmadağın edildi.

Böyük Vətən Savaşının hər gününü biz böyük sevinclə gözləyirdik. Və bu sevinci də bizə Ali Baş Komandan öz tvitter hesabında çatdırırdı. Bu xəbəri eşidəndə bir daha Ali Baş Komandana, Azərbaycan Ordusuna güvənirdik. Ona görə güvənirdik ki, biz həm Prezidentimizə, həm də Ordumuza inanırdıq. 44 gündən sonra Azərbaycan Ordusu böyük QƏLƏBƏ qazandı. Azərbaycan, Rusiya və Ermənistanın imzaladığı birgə bəyanatla noyabrın 10-da müharibə bizim qələbəmizlə başa çatdı. Bu qələbənin qazanılmasında cənab prezident İlham Əliyevin və eləcə də Azərbaycan Ordusunun çox böyük xidməti var. Cənab Prezident də dəfələrlə çıxışında vurğulayıb ki, bu qələbəni Azərbaycan əsgəri, Azərbaycan zabiti, Azərbaycan giziri qazanıb. Deməli, bu sevinci bizə bəxş edən qüdrətli və müzəffər Azərbaycan Ordusudur.

Bir daha biz bu möhtəşəm qələbənin sevincini yaşayırıq. O möhtəşəm qələbə ki, biz 30 ildir onun yolunu səbirsizliklə gözləyirdik. Bu gün üçün mən daha çox sevinirəm. Çünki anadan olduğum Füzuli də işğaldan azad edilib. Deməli, bizim hələ xoşbəxt və yaxşı günlərimiz qarşıdadır. Biz işğaldan azad olunmuş rayonlarımıza, kəndlərimizə, qəsəbələrimizə qayıdacaq, onları yenidən tikəcək, inşa edəcək və quracağıq. Bax, bu sevinci yaşamaq isə bizim üçün ikiqat xoşbəxtlikdir. İnsan o vaxt xoşbəxt  olur ki, onun vətəni var və o, vətəninə hər an gedə bilir.

 

Afiq MƏMMƏDOV

Bakı şəhəri 15 saylı Notariat ofisinin notariusu