adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Oktyabr 2020 17:20
40559
LAYİHƏ
A- A+

BÖYÜK  QAYIDIŞIN  ASTANASINDA

Tam səmimi şəkildə etiraf etmək istəyirəm ki, sentyabrın 27-dən sonra dövlətimə də, xalqıma da, bayrağıma da münasibətimdə ölçüyə gəlməz bir dəyişiklik var. Yəni  bu dəyişikliyi 2016-nin aprel döyüşündə, 2020-nin iyul ayında Tovuz döyüşündə yavaş-yavaş hiss etməyə, duymağa, yaşamağa başlamışdım. Elə bil ki, çevrəmdə hər şey dəyişirdi. İllərlə daşıdığım qaçqın adına "torpaqları qoyub qaçdınız" töhmətinə və bir də yeri gəldi-gəlmədi, "lazım gəlsə bunu edərəm, onu edərəm deyimlərinə" o qədər yüklənmişdim ki, bunun nə vaxtsa bitəcəyinə ümidim öləzimişdi. Elə bilirdim ki, qələbə sevincini yaşamayacam... elə biliridm ki, cəbhədən xoş müjdə almayacam... elə bilridim ki, o yerləri bir də görməyəcəm...

Amma Allahın varlığına inamım birmənalıdı! Bu gün isə Ali Baş Komandanımıza və Ordumuza güvənim birmnənalıdı. Çünki bütün ağırlığımı bir əmrlə, bir hücumla çiyinlərimdən götürüblər. Və mən demək olar ki, yuxularımın, xəyallarımın ətəyindən tutub harasa getmirəm daha.

Əksinə, yuxularımı, xəyallarımı gerçək görürm. Hər gün gözüm ekranda, qulağım səsdədi. İllah da ki, son dəqiqə xəbərlərini ac gözlüklə izləyirəm. Bu xəbərlər mənə müjdə verir, mənə yaşam stimulu verir. Sanki o xəbərlərə qoşulub özüm də həm səngərlərdə oluram, həm döyüşlərin iştirakçısına çevrilirəm. Və...

Bəli, bu gün Azərbaycan 30 illik ağrı-acını, ümidsizliyi, adamların içərisindəki xiffəti və nəhayət, artıq kök atmış həsrəti külə çevirdi, sovurdu havaya, səpdi düşmənin başına.

Həmin məqamda Ali Baş Komandan dedi ki, "Biz bu torpaqlara gəldik, bu, bizim dədə-baba torpaqlarımızdı.

Bizi oradan heç bir qüvvə çıxara bilməz. Bunu nə qədər tez anlasalar, onlar üçün o qədər də yaxşı olacaq. Çünki dayanıqlı atəşkəs üçün hər iki tərəfin buna sadiq olması lazımdı. Biz buna sadiqik".

Həqiqətən də biz torpaqlarımıza qayıdırıq, doğulduğumuz yurdlara, ocaqlara dönürük. Ata-babalarımızın məzarlarını örtməyə qayıdırıq... uşaqlıq xatirələrimizin sapı qırılmış dənələrini yenidən sapa düzməyə gedirik... Biz əkdiyimiz ağacların kölgəsində oturub 30 ilin acısını bir sevinclə ürəyimizdən silib atmağa tələsirik...

Bəli, bütün bunları indi xəyal  kimi, yuxu kimi, fərziyə kimi, güman kimi təsəvvür etmirəm, gerçəklik kimi görürəm.

Ən azından ona görə ki, doğulduğum bölgənin, yəni keçmiş Hadrud rayonunun mərkəzində mənim əsgərimin addım səsləri eşidilir. Hadrutun başının üstündəki teleqüllənin olduğu  yüksəklikdə mənim Üçrəngli BAYRAĞIM dalğalanır.

Mən onu ekrandan izləyəndə göz yaşlarımı saxlaya bilmədim. O yerdən ancaq məlumatı olan, amma əyani görmək xoşbəxtliyini hələ ki, yaşamamış övladlarım bir az təəccüb və heyrətlə baxdılar mənə.

 Sonra anladılar. Onlara söylədiklərim işimə yaradı.

Və hamısı da bir səslə dedi ki, "biz də ora gedəcəyik".

Hə, bax, bu xoş anları, ürəyimi dağa döndərən anları mənə bağışlayan o Bayraq, o Komandan, o Əsgər oldu.

Deməli,  30 il nə çəkdimsə, nə yaşadımsa, həmin o bağışlananın odunda, atəşində bitdi! Mən sanki yenidən doğuldum.

Tuğlu günlərimə, uşaqlıq illərimə, qoyub gəldiyim həyata döndüm.

İndi bu yazını o günlərin havasıyla, o günlərin artıq məni bürüyən ovqatıyla diqtə edirəm. Bu, qaranlıqdan işığa çıxmaqdı. Və mən bu işığa görə, Komandanıma, Bayrağıma, Əsgərimə minnətdaram. Təbii ki, müharibə hələ bitməyib. Düşmən ağ bayraq qaldırmayıb. Çünki arxalandığı, qoltuğuna girdiyi, Ali Baş Komandanımızın dediyi kimi, dabanını yaladığı yerlər, ölkələr, ölkə başçıları var. Amma bu heç nəyə yarayan deyil.

Ona görə ki, Azərbaycan Prezidenti xalqa müraciətində birmənalı şəkildə dedi ki, "Bizi heç kim yolumuzdan, əqidəmizdən döndərə bilməz. Dünyada elə bir güc sahibi yoxdur ki, bizə o torpaqlara getməyə, o müqəddəs ocaqlara dönməyə icazə verməsin. Biz ora gedəcəyik, biz oranı götürmüşük, axıra qədər də götürəcəyik. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!".

Bəli, indi səfərə hazırlaşan bir insan ovqatındayam. Özü də sevinə-sevinə, ürəklə getmək istəyən bir insan kimi. Gələndə qovulmuşdum, göz yaşlarıyla ayrılmışdım... Yanan evimə baxıb, dağılan, yarmalanan yurduma baxıb fəryad qoparmışdım... İndi isə yenə sevinc göz yaşlarıyla dönürəm. Çünki Qələbəylə gəlirəm.

Gəlirəm ki, o dağılan, o yandırılan evimi, yurdumu yenidən abad edim.

Bunun üçün ürəyimdə, canımda güc də var, təpər də.

Üstəlik, Ali Baş Komandanımızın dedi kimi, "Biz o yerləri yenidən abadlaşdıracağıq, yenidən kəndləri, şəhərləri daha gözəl, daha müasir üslubda tikib adamlarımızı, o yerlərin sakinlərini həmin ünvanlarda yerləşdirəcəyik".

Bax, elə prezidentimiz cənab İlham Əliyevin söylədiyi bu fikrin özü də bizim Böyük qaydışımızın, yurda dönüşümüzün hər kəs üçün edilmiş çağırışıdı.

Deməli, hazırlaşmaq, yır-yığış etmək, qaçqınlıq adlı yükün altından çıxmağın zamanı gəlib çatıb. Necə deyərlər, Qarabağa doğru dönüş üçün atlanmaq vaxtıdı. Qələbəmiz, Dönüşümüz mübarək olsun!

 

Əbülfət  MƏDƏTOĞLU,

Əməkdar jurnalist

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.