adalet.az header logo
  • Bakı 7°C
21 Oktyabr 2020 10:16
120339
ŞOU-BİZNES
A- A+

Qardaş ölkənin məşhurlarından Azərbaycana dəstək davam edir: “Eyni canda iki ruhuq biz...” 

Ermənistan  silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması və uğurla davam etdirilməsi nəinki Azərbaycan xalqına, eləcə də qardaş Türkiyə xalqın qürur hissi yaşatmaqdadır! Müharibənin ilk günündənTürkiyə dövlətinin bütün rəsmi şəxsləri, siyasi  və ictimai xadimləri  dəstək nümayiş etdirərək, hər zaman yanımızda olduqlarını nümayiş etdirirdilər. Son günlər Türkiyə şou-biznes nümayəndələri, aktyorlar, aktrisalar, müğənnilər   və digərləri də Azərbaycana şəxsi münasibətlərini öz sosial şəbəkə hesabında ortaya qoydular. 

Adalet.az həmin tanınmış simaları sizə təqdim edir:

1.Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe Azərbaycana dəstəyini nümayiş etdirib.  Xanım müğənni  İnstaqramda Azərbaycan bayrağının rənglərindən ibarət qartal şəklini paylaşıb.

2.Türkiyənin məşhur aktrisası Nebahat Çehre Azərbaycana dəstəyini davam etdirir. Nebahat  xanımın  Azərbaycana müraciəti “Nargis Magazine” jurnalının İnstaqram hesabında paylaşılıb: “Eyni canda iki ruhuq biz, heç vaxt ayrılmayan və parçalanmayan! Biz qan qardaşıyıq. Birinin canı yanarsa, digəri hiss edər…Həmişə yanınızdayıq”, - vurğulayıb.Qeyd edək ki, Nebahat Çehre bir neçə gün öncə şəxsi İnstaqram səhifəsində də  Azərbaycana dəstəyini nümayiş etdirmişdi.

3.Türkiyəli məşhur aktyor Kənan İmirzalıoğlu da Azərbaycana dəstək olub. O, Türkiyənin ATV kanalında yayımlanan “Kim milyonçu olmaq istəyir?" verilişində Qarabağa aid sual ünvanlayıb. O, verilişin iştirakçısına “Ermənistanın işğalı altında olan, Azərbaycana aid tarixi və coğrafi bölgənin adı nədir?” sualı ilə müraciət edib. Aktyor daha sonra Tvitterdə Azərbaycana dəstək paylaşımları ilə diqqət çəkir.

4.Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül ermənilərin Gəncədə törətdiyi terrora münasibətini bildirib. Mahsun Kırmızıgül İnstaqramda hekayə bölümündə paylaşım edib.“Bu uşaqlara yazıq... Gəncədə mülki əhaliyə edilən hücumları qınayıram. Azərbaycan xalqının yanındayam”, - deyə sənətçi qeyd edib.

5.Türkiyəli məşhur aktyor Cem Yılmaz da Azərbaycana dəstək olub. Cem Yılmaz şəxsi İnstaqram səhifəsində bu sözləri yazıb: “Can qardaşımız, Azərbaycan xalqına ən yaxın zamanda savaşdan, qandan, kədərdən uzaq günlər arzu edirəm. Ədalətsiz dünyaya heyrətlə baxır, yaxın zamanda bu pisliyin bitməsini istəyirəm”.

6.“Diriliş Ertuğrul” serialının məşhur aktyoru Engin Altan Düzyatanın Tvitterdə Azərbaycan prezidenti və Pakistan baş nazirinin paylaşımına yazdığı cavab diqqət çəkib. Məşhur aktyor münaqişədən əziyyət çəkən hər iki ölkəyə dəstəyini nümayiş etdirib. Engin Altan Düzyatan Tvitterdə Azərbaycanın prezidenti İlham Əliyev və Pakistanın baş naziri İmran Xanın paylaşımına bu sözləri qeyd edib: “Qarabağ Azərbaycandır! Kəşmir Pakistandır! Türkiyə hər ikinizin yanınızdadır”.

 7. Türkiyədə yaşayan əslən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə  də cəbhədə baş verən son olaylarla bağlı Azərbaycana dəstək olub.  Həmuerlimiz  İnstaqramda Səməd Vurğunun “Azərbaycan” şeirindən bir misra paylaşaraq “Yurdum, yuvam məskənimsən”, - deyə qeyd edib.

Əziz Türkiyə, əziz qardaşlarımız! Azərbaycan xalqı adından hər birinizə dərin təşəkkürümüzü bildiririk!
 

Əntiqə Rəşid

“Ədalət” qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri