adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Sentyabr 2020 16:29
45139
LAYİHƏ
A- A+

TÖRƏDİLƏN  QƏTLİAMLAR  QİSASA  ÇAĞIRIR

Bu gün Azərbaycanın ən böyük problemlərindən biri olan və bu problemin də hardan, kimlərdən qaynaqlandığı bəlli olduğu zaman kəsiyində dünya birliyi, dünyanın söz sahibi olan gücləri susmaqda davam edirlər. Onlar nəinki gerçəkliyə münasibət bildirir, hətta özlərini karlığa, korluğa vurmaqdan da çəkinmirlər. Amma bütün bu ədalətsizliyə baxmayaraq, Azərbaycan öz haqqını, öz hüquqlarını qorumaq,  işğal olunmuş torpaqlarını geri qaytarmaq üçün bütün səviyyələrdə və müstəvilərdə qətiyyətli addımlar  atmaqda davam edir. Məhz Azərbaycan iqtidarının, xüsusilə ölkə prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardıqları danışıqlar, gerçəkləşdirdikləri siyasət çətinliklərlə də olsa öz bəhrəsini verir. Təbii ki, bu böyük əzmkarlıq və iradə hesabına başa gəlir.

Biz artıq tariximizin səhifələrinə qanla yazılmış faciələrin sırasını əzbərləmişik, yaddaşımıza köçürmüşük. Bu mənada ağrılarımız, itkilərimiz, axıdılan şəhid qanları, əsirlikdə, girovluqda məşəqqətlərə dözənlərin fəryadı bir an da olsa unudulmur. Bax, bu mənada tariximizin Xocalı faciəsindən öncə törədilmiş və hər kəsi sarsıtmış Qaradağlı qətliamı əslində Sovet rejminin ikiüzlü siyasətinin nəticəsi kimi də qeyd olunmalıdır. Çünki bu faciə törədiləndə, bu qətliam gerçəkləşdiriləndə sovet rejimi mövcud idi. Məhz faciənin törədilməsində də Sovetlər İttifaqına aid olan ordunun 366-ci motoatıcı alayı Xankəndində yerləşirdi. Törədilən faciədə bu alayın göstərdiyi şücaət birmənalı şəkildə tarixi həqiqətdir. Baş verən qanun soyqırımla bağlı faktlara diqqət çəkəndə onda ilk baxışdan adi rəqəmlər kimi görünən, amma ürək ağrıdan gerçəkliklər göz önündə canlanır. Məlum olur ki, törədilən qətliam 117 dinc sakinin və 200 evin, bir mədəniyyət evinin, 320 şagird yerlik məktəbin, 25 çarpayılıq xəstəxananın məhv edilməsilə nəticələnib. Məhz bu rəqəmlər Qaradağlının süqutunu göstərən bir reallıqdır. Əgər bir az da faktlara araşdırmaçı gözü ilə nəzər salsaq, onda görərik ki, 117 şəhidimizin arasında 10 qadın, 8 uşaq da var. Həmçinin bu qətliamda 140 uşaq yetim qalıb, 42 ailə başçısını itirib. Həmçinin 104 nəfər kənd sakini, 15 nəfər isə xüsusi müdafiə dəstəsinin üzvü əsir götürülüb. Faciə isə həm dünyanın, həm də Moskvanın gözü qarşısında törədilibdi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin vurğuladığı kimi, "Dağlıq Qarabağ həm tarixi ədalət, həm də beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Qarabağ adının özü Azərbaycan sözüdür ". Bu gerçəkliyi ona görə diqqətə təqdim edirəm ki, hələ 1805-ci ildə Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeliyinə keçib. Həmin imzalanan sənəd "Kürəkçay" sazişi adlanır.

Deməli, Qarabağın Azərbaycan xanlığı olduğunu Moskvada çox gözəl bilirlər. Amma həm xristian həmrəyliyi, həm də ermənilərdən bir alət kimi istifadə etmək istəyi zaman-zaman Rusiyanın Azərbaycana qarşı qərəzli mövqe tutmasının səbəblərindəndir. Çox təəssüf ki, bu gün Qarabağ probleminin çözümü ilə məşğul olan Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya, eləcə də onun xarici siyasət məsələlərinin başında duran Lavrov problemin çözümündən daha çox onun ömrünün uzadılmasına çalışırlar. Azərbaycan prezidentinin köməkçisi, xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev son zamanlarda Qarabağ probleminin çözümü ilə bağlı aparılan danışıqlara və reallığa münasibət bildirərkən vurğulayıb ki, "münaqişənin yeganə həlli yolu Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, Ermənistan qoşunlarının həmin ərazilərdən çıxarılması və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasından başlayaraq, mərhələli nizamlanmalıdır". Prezident köməkçisi onu da əlavə edib ki, "bu gün Ermənistanın siyasi rəhbərliyinin mafioz klanı bu gün də öz cinayətkar əməllərindən əl çəkmir. Onlar işğal olunmuş Dağlıq Qarabağda gümüş mədənlərinin istismarı və qiymətli metalların qanunsuz ixracını artıq ənənəyə çeviriblər". 

Baş verən bütün olayların hamısı dünya ictimaiyyətinin, BMT-nin, eləcə də həmsədr ölkələrin gözləri qarşısında cərəyan edir. Üstəlik, Ermənistan tərəfinin atdığı bütün addımlar birbaşa beynəlxalq hüquqa, BMT-nin məlum qərarlarına, xüsusilə həmsədr ölkələrə sayğısızlıq, etinasızlıqdır. Məhz bu etinasızlığın, sayğısızlığın nəticəsidir ki, bu gün Ermənistan hakimiyyəti özünün atdığı addımlarla dünyaya meydan oxuyur. Yəni onların gerçəkləşdirdikləri qanunsuz məskunlaşdırma siyasəti birbaşa bütün beynəlxalq qanunları tapdamaqdır.

Hələ 1949-cu ildə qəbul olunmuş və BMT-nin üzv dövlətləri tərəfindən qəbul olunmuş məşhur Cenevrə Konvensiyasına görə, işğal olunmuş ərazilərdə məskunlaşdırma aparmaq cinayətdi. Amma Ermənistan bu cinayətkar addımı atmaqdan da çəkinmir. Görünür, Paşinyan və onun havadarları cəzasız qalacaqlarına böyük ümidlər bəsləyirlər. Ona görə də bir-birinin ardınca cinayətlər törətməkdən, Azərbaycanın əzəli torpaqlarını "özününküləşdirməkdən" çəkinmirlər.

Məhz bu məqmda onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan ictimaiyyətinin, ölkənin Xarici İşlər Nazirliyinin, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının, bütövlükdə ölkəmizin ermənilərin apardığı məskunlaşma siyasətinə qarşı qəti etirazı artıq həmsədrlərin də, onların  təmsil etdiyi dövlətlərin rəhbərlərinin də, BMT-nin baş katibinin də diqqətinə çatdırılıbdı. Bununla bağlı kəskin şəkildə mövqeyimizi bildirən ölkə prezidenti vurğulayıb ki, "bu bir daha onu göstərir ki, danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyətidir. Bu ölkə açıq-aşkar özünün işğalçı olduğunu nümayiş etdirir".

Bəli, artıq zaman təkcə faciələrimizi xatırlamaq yox, həm də ondan nəticə çıxarıb torpaqlarımızın işğaldan azad edilməsi anının gəlib çatdığını bizə diqtə edir. 1992-ci ilin fevral ayının 17-si və 18-də törədilən Qaradağlı faciəsi, həmçinin fevralın 25-dən 26-na keçən gecə reallaşdırılan Xocalı qətliamı və digər ağrılı-acılı, unudulmaz anlar bizə səfərbər olmaq üçün həm çağırış edir, həm də haqq verir.

Əbülfət  MƏDƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.