adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Sentyabr 2020 14:26
70451
SİYASƏT
A- A+

Azərbaycanın prinsipial mövqeyi

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının 75 illiyinə həsr edilmiş iclasında qətiyyətli çıxışı ilə ölkəmizin mənafeyini və milli maraqlarını bir daha yüksək səviyyəli iclas iştirakçılarının nəzərinə çatdırdı. Prezident İlham Əliyev ali tribunadan çıxışı zamanı dünyanın hazırda iki cəbhədə - bir tərəfdən dünyanı bürüyən qlobal pandemiyaya qarşı, digər tərəfdən işğalçı Ermənistanın hərbi siyasi təxribatlarına qarşı mübarizə aparan Azərbaycanın prinsipial mövqeyini bir daha bəyan etdi.

"Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu Gündəliyinə əsasən "sülh olmadan dayanıqlı inkişaf, dayanıqlı inkişaf olmadan sülh mümkün deyil. Dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalıdır. Beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməlidi"  - deyə bildirən İlham Əliyev dünya ictimaiyyətini və dünyanın aparıcı dövlətlərini bir daha susqunluğa son qoymağa, torpaqlarımızın erməni quldurları tərəfindən işğalına ikili münasibətdən əl çəkməyə çağırdı: "Azərbaycan ərazisinin təqribən 20 faizi 30 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq etmiş, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etmişdir. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür" - deyə prezident bir daha ali iclas iştirakçılarına xatırlama verdi.

Cənab İlham Əliyev çıxışının davamında işğal olunan ərazilərdə Ermənistan terrorçuları tərəfindən azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparıldığını, bütün azərbaycanlı əhalinin işğal edilmiş ərazilərdən qovulduğunu, mülki şəxslərə qarşı bir sıra müharibə və insanlıq əleyhinə cinayətlər törədildiyini bidirib: "1992-ci ildə Ermənistan Xocalı soyqırımı törətmişdir ki, onun nəticəsində Xocalının 106-sı qadın və 63 uşaq olmaqla 613 dinc sakini qətlə yetirilmişdir. Ondan artıq ölkə Xocalı soyqırımını tanımışdır”. 

İşğal və insanlığa sığmayan məsələlərlə bağlı BMT Təhlükəsizlik Şurasının Ermənistana qarşı verdiyi dörd qətnaməsinin icra olunmamasını, Ermənistanın bu qətnamələrə ümumiyyətlə, məhəl qoymamasını diqqətə çatdıran Azərbaycan Respublikasının prezidenti ali qurumdan torpaqlarımızı işğal edən Ermənistana qarşı sanksiyalar tətbiq edilməsini tələb etdi:

"Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır. Azərbaycan da daxil olmaqla beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur".

Daha sonra prezident İlham Əliyev işğalçı dövlətin bugünki Ermənistan və işğal edilmiş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri, mədəni mirasları dağıtmaqla, bu torpaqlardan azərbaycanlıların izini silməyə çalışdığını bildirib: "Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz olaraq təbii ehtiyatları istismar edir və süni ekoloji böhran vəziyyəti yaratmaq məqsədilə su ehtiyatlarından istifadə edir. Azərbaycanın işğal altında olan ərazilərində qızıl və digər qiymətli metal və minerallar hasil edən Ermənistan onları beynəlxalq bazarlara ixrac edir. Bu, qanunsuz biznes fəaliyyəti və çirkli pulların yuyulması sxemidir".

Ermənistan rəhbərliyinin düşməncəsinə verdiyi Azərbaycanofob bəyənatları və təxribatlarının ölkəmizə qarşı yeni müharbəyə hazırlığını nümayiş etdirdiyini bildirən dövlət başçımız, gərginliyin artmasına görə, məsuliyyətin Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.

ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyini bildirən İlham Əliyev danışıqların imitasiya naminə aparılması ilə razılaşmadığını deyib: "Otuz ilə yaxın danışıqlar prosesində iştirakımız sülhə sadiqliyimizin bariz nümunəsidir. ATƏT-in Minsk qrupunun bütün 11 üzvü fəal iştirak etməlidir".

 

Azərbaycan Respublikasının prezidenti BMT Baş Assambleyası 75-ci Sessiyasındakı çıxışında qlobal pandemiya ilə bağlı Azərbaycan Respublikasının daxildə və beynəlxalq səviyyədə gördüyü tədbirlər barədə də geniş məlumat verib. Ali iclasda təmsil olunan dövlətlərin nümayəndələri prezident İlham Əliyevin çıxışı ilə bir daha müasir Azərbaycan dövlətinin məqsəd və məramları ilə tanış oldular.

 

Rüstəm HACIYEV

Hüquq şöbəsinin müdiri