adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
23 Sentyabr 2020 23:50
20891
GÜNDƏM
A- A+

Naxçıvan Qarnizonu Qoşunlarında təşkil edilən kurslar başa çatıb

Naxçıvan Qarnizonu Qoşunlarında təşkil olunan növbəti kursların başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. Kursları uğurla bitirənlər müxtəlif hərbi vəzifələrə təyin olunublar.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra polkovnik Mehman Gülməmmədov kurslar zamanı hər bir kursantın müasir hərb elminə aid yeni biliklərə yiyələndiyini və praktiki vərdişlərinin təkmilləşdirildiyini qeyd edib.
Məzunlar adından Kamil Quliyev kurslarda qazandıqları yeni taktiki bilikləri döyüş tapşırıqlarının icrası zamanı uğurla tətbiq edəcəklərinə söz verib.

Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayev şəxsi heyəti təbrik edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsi nəticəsində bu gün işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadir olan peşəkar Ordumuz formalaşıb. Muxtar respublikamızın etibarlı müdafiəsini təmin edən Naxçıvan Qarnizonu Qoşunlarında peşəkar hərbçilərin yetişdirilməsi ordu quruculuğu istiqamətində görülən işlərin, dövlət qayğısının və xalq-ordu birliyinin bəhrəsidir. Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsinin icrasına nəzər salasaq görərik ki, hərbi qulluqçuların tapşırıqları peşəkarcasına yerinə yetirməsi kurslarda qazanılanların nəticəsidir.

Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib.

Xatirə lövhələrinə buraxılış emblemləri vurulub, məzunların yeni vəzifələrə təyin olunmaları ilə bağlı əmrlər mərasim iştirakçılarına çatdırılıb və tribuna önündən təntənəli keçid olub.