“Zəfərdən sonra Qarabağ iqtisadiyyatı 3 dəfədən çox böyüyüb”
“Sentyabr Azərbaycan tarixinə həmçinin suverenliyimizin tam bərpa olunduğu ay kimi daxil olub. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə hər il sentyabrın 20-də Dövlət Suverenliyi Günü qeyd edilir”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, antiterror əməliyyatı nəticəsində separatçıların kökünün kəsildiyi Qarabağda artıq iqtisadiyyatın inkişafı və re-inteqrasiyası prosesi başlayıb:
“2025-ci ildə işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldilən ümumi investisiya həcmi 5 milyard manatdan çox olub. Bunun isə 4,4 milyard manatı birbaşa dövlət büdcəsindən ayrılıb.Zəfərdən sonra Qarabağ iqtisadiyyatı nə qədər böyüyüb?Daha öncə məskunlaşmış ərazilər də daxil olmaqla Zəfərdən keçən 5 ildə Qarabağda illik məhsulun ümumi istehsalı 1 milyard 548 milyon manatdan 4 milyard 820 milyon manatadək artıb”.
Millət vəkili deyib ki, suverenliyimizin tam bərpasından sonra hər il əvvəlki ilə nisbətən Qarabağ iqtisadiyyatında artım qeydə alınıb:
“Zəfərdən sonra Qarabağ iqtisadiyyatı 3 dəfədən çox böyüyüb. Qarabağda həmin müddətdə sənaye istehsalı 2.8, kənd təsərüfatı isə 1.7 dəfə artıb. Tikintidə isə daha böyük artım qeydə alınıb: 3 dəfədən çox. Qarabağda iqtisadiyyatın bütün sahələrində ötən müddətdə artımlar faiz deyil, dəfə ilə ifadə olunur. Fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 2020-ci ilə nisbətən 2 dəfəyə yaxın artaraq 150-dən çox olub. Pərakəndə ticarət dövriyyəsi son 5 ildə 960.3 milyon manatdan 1 milyard 553 milyon manatadək böyüyüb. Qarabağda fəaliyyət göstərən hotellərin sayı isə 2020-ci ilə nisbətən 2024-cü ildə 11-dən 18-dək yüksəlib. 2025-ci ildə də yeni hotellərin istifadəyə verilməsi həyata keçirilib. İstifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi isə 68127 kv.m.-dən 98795 kv.m.-dək artıb. İşğal nəticəsində dağıdılan və əksər əraziləri tam xarabalığa çevrilən Qarabağda iqtisadiyyat artıq yeni inkişaf mərhələsinə qədəm qoyub”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

