adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Camaatın təlaşı, həyəcanı ilə qidalanırsınız? - Eminquey

EMİNQUEY AKİF
148691 | 2020-09-22 11:38

Başınıza dönüm, camaatı təlaşa salmayın. Biri yazır ki, artıq müharibə başlayıb. Biri yazır ki, camaatın iri maşınlarını müsadirə edirlər. Biri yazır ki, Azərbaycan Türkiyə və Rusiya arasında bölüşdürüləcək. Başınız xarabdı? Camaatın təlaşı, həyəcanı ilə qidalanırsınız?

Hərbi səfərbərlikdən müraciətimə cavab zəngi gələndən, bütün informasiyalarım götürüləndən sonra hər şəhid, atışma eşidəndə anamın içinə vəlvələ düşür. Soruşur:

- Emin, müharibə olacaq, hə?

- Səni aparmazlar, evin tək uşağısan.

- Yox e, sən niyə müraciət eləmisən ki? Hə? Məni düşünmürsən?

Sonra da başlayır məni qucaqlayıb ağlamağa. Deyirəm, ay mama, müharibə olsa, hamımız gedəcəyik, hamımız getməliyik. Kim nə bacarır, o işi də görəcək. Əsgərlikdə olmamışam, göndərəcəklər arxa cəbhəyə, əlimdən nə gəlir, edəcəm. "Sən, mən" söhbəti yoxdur o məqamda.

Həm də ona görə təlaşdadır ki, hərənin ağzından bir avaz gəlir.

Heç cür başa sala bilmirəm.

Axırda əsəbiləşirəm:

- Bilirsən nə var? Mən şəhid olan uşaqlardan artığam? Onsuz da əsgər getmədiyimə görə özümü artıq hiss edirəm. Günü bu gün bilsəm ki, özün özünü saxlaya bilirsən, yaxud da dövlət səni mən olmayanda təmin edəcək, gedib hərbi komissarlıqla dirəşərəm ki, məni əsgər aparın. Bilirəm, bu, bəhanə deyil, amma neyləyək, mən də başımı belə aldadıram. Mənim kimi anasını burada tək qoyub hərbi xidmətə gedən o qədər oğlan var ki. Onların anaları güclüdürlər. Bəsdi, əl çək bu zəifliyindən!

Mən "Akifin oğlu fərari çıxdı, qorxaq çıxdı" dedirtmərəm! Çünki mən müharibəyə yararlıyam! Başa düşürsən? Yararlı!

Sonra da heç nə...

Küsür, inciyir, iki-üç günə ancaq özünə gəlir...

Deməm bu ki, müharibə təkcə cəbhədə getmir, hər yerdə, hər sahədə gedir. Millətin içində də, evin içində də, öz içində də.

Əvvəl-axır həll olunmalıdır...

TƏQVİM / ARXİV