adalet.az header logo
  • Bakı 20°C
03 Sentyabr 2020 12:44
447201
DÜNYA
A- A+

Dünyanın fəlakət gətirən selləri: Çin, ABŞ, Banqladeş və “aktiv bədbəxt” ölkə...

Dünyanın ən qorxunc fəlakətlərindən biri də çay daşqınları, başqa sözlə desək, seldir. Sel ərəbcədən tərcümədə güclü axın deməkdir. Dağ çaylarının yatağında intensiv yağışın, buz və mövsimi qar ərimələrinin nəticəsində gözlənilmədən yaranan palçıqlı və daşlı-palçıqlı axındır.

Sel hadisələrinin yaranmasına əsas səbəb ərazinin fiziki-coğrafi şəraiti, o cümlədən, oroqrafik-geomorfoloji quruluşu - iqlim, torpaq, bitki örtüyü və hidrometeororloji proseslər təşkil edir.Dağ çaylarının qısa müddətli (bəzən bir neçə saat ərzində) dağıdıcı qüvvəyə malik palçıqlı-daşlı daşqını (axını). İntensiv leysan yağışları, buzlaqların və mövsümi qar örtüyünün sürətlə əriməsi qırıntı materiallarını yamaclardan çayın yatağına (məcrasına) doldurur. Böyük kütləsi və sürəti olan çox böyük dağıdıcı qüvvəyə malikdir.

 

Banqladeşin 32 il əvvəlki sel fəlakəti

 

Azərbaycanda Kür, Rusiyada Volqa, Amur, Çində Yantszı, Xuanxe, ABŞ-da Missisipi, Ohayo, Avropada Dunay, Visla, Sena çayları tez-tez daşaraq, ətraf əraziləri suya qərq edir. Bu çayları həmin ölkələrin “baş bəlası” da adlandırmaq olar. Çünki çay daşqınları öz miqyasından asılı olaraq yüz minlərlə insanın ev-eşiyini itirməsinə, ölümünə və infrastrukturun dağılmasına səbəb olur.

 

1988-ci ilin 4 avqust Banqladeşdəki sel 300 nəfərin həyatına son qoydu, Ölkənin 7 ən iri çayında baş verən daşqınlarda 20 000 insan evsiz eşiksiz qaldı. 2012-ci ildə isə Banqladeşdə şiddətli yağışların səbəb olduğu daşqınlar 100-dən artıq insanın həyatına son qoyub.

 

 

Dünyanın dəhşətli selləri

 

Çin-Vətəndaş müharibəsinin getdiyi Çin 1928-1930-cu illərdə dəhşətli quraqlıqla üzləşmişdi. Lakin 1930-cu ilin dekabrında ölkədə güclü boran, ardınca isə aramsız leysan yağışları başlayır. Nəticədə artıq 1931-ci ilin avqustunda dünyanın ən böyük çaylarından olan Yantszı və Xuanxe məcradan çıxır. Ətraf ərazilərdən yüksəkdə yerləşən Xuanxenin daşması xüsusilə dəhşətli fəsadlar doğurur. Çinin o zamankı paytaxtı Nankin sular altında qalır. Ümumilikdə, 300 min kvadrat kilometr ərazini əhatə edən daşqın 40 milyon insanın zərər çəkməsinə, əkin sahələrinin sular altında qalmasına və müxtəlif yoluxucu xəstəliklərin yayılmasına rəvac verir. Çin mənbələri dəhşətli daşqınlar zamanı 150 min insanın öldüyünü iddia etsə də, Qərb alimləri son illərin araşdırmalarına əsasən, Xuanxe və Yantszı çaylarının daşması və sonrakı fəsadlar nəticəsində 3 milyon insanın həlak olduğunu müəyyən edib. Çində 1931-ci ildə baş verən bu hadisə tarixdə ən böyük miqyaslı və ən çox insan tələfatına səbəb olan sel fəlakəti sayılır.

 

Cənubi Asiya

 

2007-ci ilin iyulunda Cənubi Asiyada bir çox iri çayların məcrasından çıxması ilə nəticələnən daşqınlar baş verib. Daşqınlara səbəb bu region üçün xas olan musson yağışlarının aramsız yağması ilə bağlı idi. İyul-avqust aylarını əhatə edən təbii fəlakət 2 min insanın ölümünə, 230 milyon insanın isə evsiz-eşiksiz qalmasına səbəb olub. Sel daşqınları ən çox Hindistan, Pakistan, Banqladeş və Nepalı əhatə edib. YUNİSEF hadisəni tarixin ən böyük humanitar böhranı adlandırıb.

 

ABŞ

 

1927-ci ilin aprelində ABŞ tarixinin ən böyük sel fəlakətlərindən biri baş verib. Məcrasından çıxan Missisipi çayı 10 ştatın, o cümlədən Arkanzasın 14 faizini su altında qoyub. Hər şey 1926-cı ilin yayında Missisipi çayı hövzəsində yağıntıların kəskin artması ilə başlamışdı. Bir gündə 380 mm yağıntıdan sonra çay 1927-ci ili aprelin 15-də hər iki sahilində yerləşən bəndləri dağıdaraq, 27 min kvadrat kilometr ərazini sular altında qoyub. 700 mindən artıq insanın evlərini itirdiyi humanitar faciə 246 nəfərin də həyatına son qoyub. Missisipi daşqınından sonra çay ətrafında yeni müasir bəndlər salınıb. Yalnız 1993-cü ildə yenidən daşan Missisipi 32 nəfərin ölümünə və milyardlarla dollar zərərə səbəb olur.

 

Braziliya

 

2011-ci ilin yanvarında sel daşqınları bu dəfə Braziliyanı öz cənginə alıb. Aramsız yağışlar və qeyri-münasib iqlim şəraiti Amazon çayının daşmasına yol açıb. Daşqın torpaq sürüşməsi ilə müşahidə olunub. Ölkənin ən böyük ikinci şəhəri Rio-de-Janeyro, Petropolis, Sumidoru kimi şəhərlər sular altında qalıb. Təbii fəlakət 900 insanın ölümünə, 150 mindən artıq braziliyalının isə evlərini itirməsi və dövlət büdcəsinə 2 milyard dollar zərər dəyməsi ilə nəticələnib.

 

Dünyanın ən”aktiv bədbəxt” ölkəsi

İndoneziya dünyada təbii fəlakətlərin ən çox ziyan vurduğu ölkədir. "Passiv alov dairəsi” adlandırılan İndoneziyada mütəmadi olaraq sel, zəlzələ və vulkan püskürmələri qeydə alınır.

Mütəxəssislərin məlumatına görə, 2009-2019-cu illərdə İndoneziyada təbii fəlakətlər nəticəsində 12 min 499 nəfər ölüb. Son 10 il ərzində 21 min təbii fəlakət baş verib və bundan 35 milyon insan ziyan görüb. Zəlzələ və sunamilər nəticəsində ölənlərin sayı 7396 olub.

 

Bundan başqa, ölkənin Bali, Cava və Sumatra adalarında 104 vulkan püskürməsi qeydə alınıb. Bu təbii fəlakətlər nəticəsində 432 nəfər həyatını itirib. Ümumilikdə baş verən təbii fəlakətlər nəticəsində İndoneziyaya ildə 20 milyard dollar məbləğində ziyan dəyir.

 

Əntiqə Rəşid