SON DƏQİQƏ:

Zəlimxan Məmmədli: “Qələbə hökmən bu millətin alnına yazılıb” - MÜSAHİBƏ

  78700   |  
Şriftin ölçüsü  

İşğalçı Ermənistana məxsus silahlı qüvvələr iyulun 12-dən başlayaraq bir neçə gün ərzində Tovuz rayonu istiqamətində təxribatçılıq əməllərinə yol verdi. Bu təxribatın nəticəsində yüksək rütbəli zabitlərimiz və hərbi qulluqçularımız şəhid oldu. Erməni işğalçılarının və onların rəhbərlərinin bu dəfə məhz Tovuz rayonu istiqamətindəki cəhdlərinin arxasında Azərbaycanın və Türkiyənin, eləcə də Gürcüstanın yer aldığı enerji layihələrinə zərbə vurmaq istəkləri dayanmışdı. Ancaq göründüyü kimi, köklü şəkildə yanıldılar.

Borçalı cəmiyyətinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədli"Unikal”qəzetinə müsahibəsində müxtəlif məqamlara toxunub.

-Zəlimxan bəy, öncə Tovuzda baş verən hadisələrə münasibətinizi öyrənmək istərdim. Ermənilər növbəti dəfə təxribat törətdilər. Sanki Azərbaycanı hansısa yeni bir gərginlik içinə çəkmək istəyirlər. Çünki budəfəki təxribat Qarabağ cəbhəsində deyil, Tovuzda dövlət sərhəddimizdə törədildi. Bu barədə nə deyə bilərsiniz?

-Məncə, ifadə doğru seçilməyib. Ermənistan növbəti dəfə Azərbaycana hərbi təcavüz etdi və Dağlıq Qarabağ ərazilərindən kənarda ərazilərimizi işğal etməyə cəhd etdi deyilsə, daha doğru olar. Ermənistanın indiki hakimiyyəti nə qədər tənqid olunsa da, Ermənistanda sonuncu xalq hərəkatının məntiqi nəticəsi olaraq formalaşıb. Legitimliyi Ermənistan daxilində və beynəlxalq arenada şübhə doğurmur. Paşinyan arxasında erməni xalqının iradəsini hiss edir və maksimalist şüarların təsiri altındadır. Ona görə də Dağlıq Qarabağ və işğal etdikləri ətraf rayonlar üzərində işğalı faktiki legitimləşdirmiş kimi davranır. Azərbaycan sərhəddini heç kimə, xüsusilə Azərbaycana məhəl qoymadan ayaq altı edib. Şənliklər keçirir, yeni yaşayış massivləri, müəssisələr açır, hətta Şuşanı paytaxt etməkdən, Dağlıq Qarabağı Ermənistanın tərkibi kimi göstərməkdən çəkinmir. Azərbaycanın siyasi hakimiyyəti isə əlində kifayət qədər hüquqi, mənəvi imkanlar olmasına baxmayaraq susqun, heç nə olmamış kimi, sanki Paşinyanın davranışları bunları qane edir kimi davranırlar. Belə olan halda Ermənistan daha əlavə dividentləri, yaranmış imkandan öz maraqlarına uyğun davranmağı doğru hesab edir. Azərbaycanın Tovuz rayonunun timsalında DQ-dən kənar ərazilərinə iddia edir. Azərbaycanı Türkiyə və Avropa ilə birləşdirən iri kommunikasiya xətlərini hədəf alaraq şüuraltı layihələrdən pay uman kimi davranır. Türkiyəyə təzyiq, Türkiyənin nəbzini yoxlama da burada rol oynayan amildir.

-Ermənistanın KTMT üzv olması və bu prosesdə Rusiyanın Azərbaycanla üz-üzə qoyulması məqsədi də ortadadır. Bu prizmadan yanaşanda prosesi necə dəyərləndirirsiniz?

-Rusiyanın bu planda payı olmamış deyil. Amma Rusiya həm də ikibaşlı oyun oynayaraq Türkiyə və Avropanın təhlükəsizliyinə ciddi təhdid olduğunu bəyan edir, Paşinyanı isə onun (Rusiyanın) sadiq nökərlərini cəzalandırdığı üçün pat vəziyyətində qoyur. Ermənistanda Rusiyanın diqtəsi olmadan hakimiyyət formalaşması Rusiyanı qane edə bilməz. KTMT-nın iclasının təxirə salınması və Ermənistanın xəyal etdiyi qərarın verilməməsi məhz bununla bağlıdır. Rusiya eyni zamanda, Orta Şərqdə Türkiyə ilə rəqabətdə itirilmiş müəyyən mövqelərin kompensasiyasını Qafqazda, konkret halda Ermənistan-Azərbaycan-Gürcüstan sərhəddində- Qədim İpək yolunun qovuşduğu məkanda axtarır.

-Türkiyənin məsələyə münasibəti ortada oldu. Bəzi ekspertlər də bildirirlər ki, artıq Türkiyə ilə hərbi-strateji müttəfiqliyi daha da dərinləşdirmək istiqamətində ciddi addımlar atılmalıdır. Siz nə düşünürsünüz?

-Azərbaycan Ermənistanın bu təcavüzünə hazırlıqsız yaxalandı. Hakimiyyət içərisində böhran, korrupsiya təsirsiz ötüşməyib. Üzümüzü ağardan Türkiyə siyasi hakimiyyətinin və cəmiyyətinin vahid mövqeyi oldu. Azərbaycan ordusunun peşəkar hərbiçilərinin – generalın, polkovnik və digər ixtisaslı zabitlərin müəmmalı şəkildə şəhid olması uzun müddət araşdırılmalı məsələ olmalıdı. Ruhları şad olsun. Türkiyənin həm yaxın, həm də uzaq antitürk mərkəzlərinə cəsarətli təpkisi və müəyyən zəruri dəstəyi, və bundan ruhlanan ordumuz və Azərbaycan cəmiyyətinin səfərbərliyi Ermənistanı durduran və Azərbaycan əleyhinə Ermənistanın nəzərdə tutduğu qərarların qəbul olunmasını əngəlləyən əsas amil oldu. Ermənistan KTMT-nın üzvüdürsə, Azərbaycan hökmən Türkiyənin olduğu hərbi ittifaqla təxirə salmadan ciddi əməkdaşlıq sənədləri imzalamalıdır. Eyni zamanda, Türkiyə ilə ikitərəfli hərbi ittifaq, qarşılıqlı olaraq təhlükəzliyə qarant öhdəliyi əks olunan sənəd imzalanmalıdır. Azərbaycan Müdafiə Nazirliyi rəsmilərinin Türkiyə səfərində bu sahədə anlaşmanın olması real görünür. Azərbaycan-Türkiyə ilə arasında regional təhlükəsizliklə bağlı anlaşmada Gürcüstanın da qoşulmasını bütövlükdə Cənubi Qafqazda təhlükəsizlik probleminin birdəfəlik həlli demək olardı. Unudulmamalıdır ki, Türkiyə çağdaş dünya siyasətində çox parametrləri ilə lider dövlət olaraq formalaşmaqda və layiqli yer tutmaqdadır. Bu iddialarımızın gerçəkləşməsi üçün Rusiyadan qorxu faktorunu tamamilə unutmalıyıq.

-Ümumiyyətlə, hazırkı durumda Azərbaycanın xarici siyasətində istiqamətləri hansı yöndə korrektə etmək lazımdır?

-Azərbaycanın indiki iqtidarının siyasi kursu təəssüf ki, Ermənistanın hərbi-strateji müttəfiqi olan Rusiyanın çəkdiyi antimilli zolağın içərisində korrupsiya bataqlığında vurnuxmağa məhkum durumdadır. Bu vəziyyət bizim milli və dövlət maraqlarımızı təhdid edir. Xarici İşlər Nazirliyi və Hərbi sistemimizdə nizamsızlıq bunun göstəricisidir.Hesab edirəm ki, Azərbaycan siyasi sistemi hökmən yenilənməli, Azərbaycan xalqının iradəsi hakimiyyətin bütün qollarına daşınmalı və Azərbaycan dünyanın mütərəqqi cinahına – Avropa demokratik ailəsinə və NATO-ya sürətli inteqrasiya yolunu tutmalıdır. Rusiya ilə ikitərəfli, qarşılıqlı hörmət əsasında əməkdaşlıq da çox önəmlidir. Bunlar isə yalnız Azərbaycan xalqının iradəsi ilə mümkündür.

-Zəlimxan bəy, cəmiyyətin həmrəylik nümayiş etdirməsi və bir yumruq kimi birləşməsi də diqqətdən yayınmamalıdır. Cəmiyyətimizin reaksiyası barədə nə deyə bilərsiniz?

-Bəy, millətimiz azadlığa aşiq millətdir. O, azadlıq uğrunda mübarizəni varlığının əsas elementi hesab edir. 30 ildir Azərbaycan xalqını siyasi sistemdə, hüquq sahəsində baş alıb gedən dərəbəyliklərlə azadlıqdan, haqq savaşından usandırmaq siyasətləri iflasa uğradı. Xalqımız genetik quruluşunun və tarixi yaddaşının çox unikal olduğunu bir daha ortaya qoydu. 7-dən 77-yə Vətən dedi, ordu dedi, ədalət dedi, azadlıq dedi. Qürur duyulmalı millətin övladlarıyıq. Hökmən bu millətin alnına qələbə yazılıb. Düşünürəm ki, o gün heç də uzaqda deyil.

-Eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar da bu məsələdə aktiv oldular. Sizcə, daha hansı işləri görmək olar?

-Çox mürəkkəb variantlar aramağa ehtiyac yoxdur. Azərbaycan məhz öz xalqının iradəsi ilə idarə olunmalıdır. Onda səfər xalqın, zəfər Tanrının qisməti olacaq. Azərbaycan xalqı bir gün də ləngimədən təkidlə demokratiya uğrunda mübarizəyə başlamalı və öz iradəsini bütün hakimiyyət orqanlarına daşımalıdır. Bunun baş verəcəyinə inanıram. Ruhu saf xalqımızın iradəsi hakimiyyət olacaqsa, nə onun malına, nə də torpağına göz dikən ola bilməz. Və beləliklə Bütöv və demokratik Azərbaycan qura bilmək şansı bizim olacaq.

Z.Məmmədli


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK