adalet.az header logo
  • Bakı 12°C

Səni heç görmədim, Ağdam– Əzizə İsmayılova yazır

ƏZİZƏ İSMAYILOVA
56330 | 2020-07-23 10:55

27 ildir gözü yolda, düşmən tapdağında olan Ağdam, səni bircə dəfə görmək arzusundayam. Axı bugünə qədər səni heç görmədim...

Oxuduğum quru mətnləri nəzərə almasaq,əzizim Aqil Abbasın canlı, biitib-tükənməyən xatirələri qədərsən məndə...

Mən də görmək istəyirəm səni. Səninlə bağlı mənim də arzularım var. Ömür vəfa etsin istəyirəm.

Ağdamlıların dilindən düşməyən "Cümə məscidi"ndə, "Şahbulaq məscidin"də bircə dəfə olmağı arzulayıram.

Ağdamı dünyanın mərkəzi bilən, dilindən bəlkə bir milyon dəfə eşitdiyim, hər dəfə də gözlərində dünya boyda dərd gördüyüm adamın elə şirin Ağdam ləhcəsində "Bala, Ağdam düşmənnə döyüşlərdə 6 min şəhid verib, onnarın da 16-sı Milli Qəhrəmandı" kəlməsini bu dəfə məhz orda. Ağdamın içində eşitmək arzusundayam...

"Əzzzə.., bala.., Ağdam heşş yerlə müqayisə oluna bilməz. Azərbaycanda ilk çaxır zavodu Ağdamda tikilif" deyilən o zavodu görmək, ömründə dilimə vurmadığım o çaxırın hətta bir stəkanını birnəfəsə içmək arzusundayam. İçəri buraxmasalar, qapısından da baxmağa razıyam, yetər ki, gedim.

"Ağdam Atçılıq Zavodu"nda yetişdirilən köhlən Qarabağ atlarının necə bəslənməsini görmək, onları tumarlamaq arzusundayam...

Çox demirəm, yalnız bircə dəfə, dostlarla birlikdə, Ağdamı dünyanın paytaxtı elan edən adamla o küçələri, o dalanları payi-piyadə gəzmək, onun bizə haraları göstərmək istədiyini, nələr danışacağını eşitmək arzusundayam...

"Bala, bax bu məhlədə uşaqlığım keçif", "bu məhlədə maaam uşaxları ilə qırışmışıq", "axırıncı dəfə bu məhlədən getmişəm" - tipli xatirələri bu dəfə yerində dinləmək arzusundayam...

Gəzib yorulandan sonra "Bala, bax burda bir yeməhlər verillər ki, dünyanın heşşş yerində belə dadda yemək tapbazsan! Əsl Qabarabağ yeməyi deyirəm sənə!" - deyilən yerdə oturmaq, nəhayət, tərifi illərdir dilə-ağıza sığmayan o yeməklərdən yemək, o çaydan, o sudan içmək, o havanı doya-doya ciyərlərimə çəkmək arzusundayam...

Bir sözlə, Ağdamı ağdamlılarla görməyi arzulayıram. Bütün ağdamlıların cəm olduğu bir ortamda, bir məmləkətdə bəlkə 2 gün, bəlkə 3 gün qonaq olmaq azusundayam...

Sonda isə adı dillərdən düşməyən "Ağdam bazarı"nı yorulana kimi gəzib, yaxşı bazarlıq edib geriyə dönmək arzusundayam... Ağdam bazarlığımla...

Səni heç görmədim, Ağdam. Eləcə arzuladım, arzulayıram...

Əlimizdə deyilsən, ürəyimizdəsən, Ağdam, işğal altında olan bütün torpaqlarımız kimi...

Gözlə bizi, nə olar. Qismət olsun, qovuşaq.


TƏQVİM / ARXİV