adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 May 2020 11:19
116078
MÜSAHİBƏ
A- A+

Faiq Balabəyli: “Qonaqlığa yazı yazdırmamışam”- MÜSAHİBƏ

Həmsöhbətimiz şair, publisist Faiq Balabəylidir.

- "Bayıldan bayırda” nə var?

- Mən Bayıldan bayıra bacardıqlarımı çıxara bildim. Müşahidə etdiklərim, yaranan münasibətlər, edilən söhbətlər, aparılan istintaqların sonucu, haqsızlıq, dərənin xəlvət olan yerdə tülkülərin necə bəy olmaları və sair yaddaşıma köçdü, kitab halında oxuculara təqdim etdim. Müsahibələr götürdüm, reportajlar yazdım və içərinin kəşf qoxulu ab-havasını bayırdakılara göstərdim. "Burda darıxmaq olmaz”, "Bayıldan bayıra” və 100 dən çox hekayət Bayıldan bayıra daşıdıqlarım oldu. Və günlərin bir günü gözəl şairimiz Fərqanə Mehdiyeva mənə həsr etdiyi bir şeirində dedi ki, Çöl də elə içəri kimidir, qardaş- dedi və bu dəfə Bayılda bayırı gözlərimin qabağına gətirdim. Haqlı idi Fərqanə. Bir şeir yazdım, buranın(Bayılın) qanunları oranın (bayırın) qanunlarından daha qəddar və daha ədalətlidir.

- Dənizçisiniz. Amma bu çoxuna romantik, adrenalin dolu gözəl görsənir. Əslində necədir?

- Dəniz maraqlıdır. Dənizçi olmaq şərəfli bir peşənin sahibi olmaq deməkdir, necə ki, hərbiçi olmaq, müəllim, həkim və sair sənətin sahibi olmaq kimi. Dənizi kənardan görənlər əlbəttə, romantik ab-havada olacaq. Dənizi kənardan tanımaq çox çətindir. Gərək dəniz səni "dişinə vura”, sən dənizlə üz-üzə, göz-gözə gələsən, onun içində nələr var, büruzə verə və dözəsən. Necə deyərlər, çəkişəsən ki, bərkişə biləsən. Mən dünyanın bir-çox sularında üzmüşəm, ilk baxışdan fərq bilinməz. Amma Xəzərin həm küləyi, həm sualtı və suüstü maneələri dənizçidə böyük məsuliyyət tələb edir. Əbəs yerə deməyiblər ki, Xəzərdə üzən dənizçi dünyanın bütün sularında sərbəst hərəkət edə bilər.

Dənizçilər limanlarda vaxtını "səmərəli” keçirir

- Dənizçilərin "şorgöz” olduğu deyilir. Bəlkə nələrisə etiraf edəsiniz?

- Məsəl var, deyərlər ki, dənizçinin hər limanda bir evi olur. Bu həqiqətən də belədir. Uzaq səfərlərdə olan dənizçilər hansı limana gəldisə boş vaxtlarını "səmərəli” keçiriblər. Deyim ki, bu istiqamətdə əks tərəfin də marağı və təşəbbüsü xüsusi rol oynayıb. Mən də bəzən belə səfər sonları vaxtımı "səmərəli” başa vurmuşam.

- İfadəm kobud çıxa bilər, yaradıcılığınızla işim yoxdur. Amma şair kimi uğursuz oldunuz bir qədər. Sırf mühitdəki uğur baxımdan deyirəm bunu.

- Mən belə deməzdim. Bizim oxucu qıtlığımız var, bu aydın məsələdir ki, müəllif olaraq adının az çəkilməsinə səbəb ola bilər. 8 kitabım çıxıb, satışından gileyim yox. 5.000 tirajla da çıxıb, 500 tirajla da. Mənim şair kimi uğursuz görünməyimin səbəbi əslində heç bir qruplaşmada ola bilmədiyimdir. Əslində bu çox yaxşı bir üsul imiş. 2-3 dəstə var ki, biri digərinin "bezdarnı” yazılarını da bəh-bəhlə təqdim edir. Sosial şəbəkələrdə və ayrı-ayrı tədbirlərdə və sair. Xüsusi ilə də sosial şəbəkələrdə. Oxucularımızın da əksəriyyəti öz fikirləri ilə yox, digərlərinin zövqü ilə "ayaqlaşır”. Təxminən belə; Adə, filankəs filankəsi bəyəndi, onun əsəri haqda xoş söz dedi, müsahibədə adını çəkdi, mən bunu qeyd etməsəm, məni zövqsüzlükdə qınayarlar. Nə isə, mən səninlə bu məsələ ilə bağlı razı deyiləm. Kifayət qədər oxucum var, oxunuram, şeirlərimə müraciət olunub. Qonaqlığa, qonorara və sairə haqqımda yazı yazdırmamışam.

-

- Yeni kitab, yeni mətnlərdən üzərində çalışıdığınız var?

- "Bakirə qayalar” romanını bitirmişəm. Amma lazım bilmirəm hələ kitab halında oxuculara təqdim edəm. Sonuncu dəfə baxmaq fikrim var, əl gəzdirməliyəm. Yeni şeir və "Səfillər” hekayətlər kitabım hazırdır, "Qanun” nəşriyyatına təqdim edəcəm.

- Oğlunuz Turalı ədəbi mühitə gətirmək istəyinizin yanlış olduğunu deyənlər var. Onunla bağlı ədəbi mühit baxımdan enerjini xərcləməyə dəyər?

-Yenə yanlış fikirdəsiz. Yəni, onu deyənlərin fikirləri yanlışdır. Mənim Turalın şeir yazmasına, yaxud ədəbi cameəyə gəlməsinə heç bir müdaxiləm olmayıb. Ürəyi nəyi istəyib, onun ardınca atını səyridib. Turalın iki kitabı çıxıb, çox maraqlı şeirləri var. Onun yaradıcılığı haqda rəhmətli Vaqif Səmədoğlu, professor Vaqif Yusifli, şair Aqşin Yenisey, Əsəd Qaraqaplan və sairlər xoş sözlər deyiblər. Çünki oxuyublar. Məsələn, içi sən qarışıq sən yaşda olan digər qələm dostların və heç dost olmadığın ədəbi nəslin çoxu onu oxumayıb. Niyə? Ona görə ki, Turalın ədəbi aləmdə dostu, "sabutilniki”, qeybət edən, yaxud bir-biri haqda tərifnamə deyib, zəncirvari bir birinə bağlı olan qrupun üzvü deyil. Tural pis-yaxşı nə yazırsa özü yazır və əgər dərc olunursa da öz adına dərc olunur.

- Şeir, hekayə, publisistika, müsahibələr və.s. Bütün bunlarda özünü sınamaq. Bu özünü axtarışdır, yoxsa nə? Özünüzü harda tapdınız? Və ya tapmısınızmı?

- Mən özümü itirməmişəm ki, axtarış elan edəm və hansısa janrda özümü tapmaq istəyəm. Ürəyimdən nə keçibsə onu yazmışam. Nəsr, nəzm, publisistika... Jurnalist fəaliyyətimlə bağlı da çox sayda yazılarım, reportajlarım və müsahibələrim olub. Həm də bədii yaradıcılıqla məşğul olmaq bir növ mənim hobbimdir. Heç vaxt fikirləşməmişəm ki, hansısa yazıma görə ədəbiyyat tarixində qalmalıyam, buna görə də istedadımın çatmadığı nöqtəyə tərəf əlimi uzatmamışam. Nəyi necə yaşamışamsa, elə cə də qələmə almışam. Məhz ona görə də məni oxuyanlar yaradıcılığımda səmimiyyətdən bəhs ediblər, əllaməçilik etməmişəm, ədəbiyyatda artistlik etmirəm...

-Məhbəsdən məktublar yazdınız. Bu bəs etmədi hətta o məktubları kitaba çevirdiniz. Çox darıxmaqdan idi?

- Məhbəsdən yazılan hələ kitaba çevrilməyən yazılar yetərincədir. İnşallah yaxın vaxtlarda bu da gerçəkləşəcək. O ki, qaldı darıxmağa, mən məhbəsdə də, çöldə də darıxdım. Amma məhbəsdə yazdığım şeirlərdən ibarət kitaba " Burda darıxmaq olmaz” adını verdim.

-Son zamanlar sosial şəbəkədə yaradıcılıq və mətndən çox nəvənizlə görürürük. Qocalıq əlamətidir, sevgidir, ya yenidən gəncləşmək?

- Sosial şəbəkədə son vaxtlar çox az şeirlər paylaşıram, bu düzdür. Amma o demək deyil ki, yazmıram. Amma nəvəmlə bağlı şəkillərin yayınlanmasına gəldikdə, özümü saxlaya bilmirəm. O, sanki mənə yeni həyat verdi. Onsuz həyatımı, özümü təsəvvür etmək çətindir. Balalarımı da çox istəmişəm, amma nəvə sevgisi ifadə olunmazdır. Nəvəmin adı Dənizdir. Mən də dənizçiyəm, Dənizimin ata babası da dənizçidir, atası da dənizçidir, dayısı və sizin də haqqında sual verdiyiniz Tural da dənizçidir. Uşağın adını gənclər bu baxımdan Dəniz qoyublar...

Söhbətləşdi: Emin Piri