SON DƏQİQƏ:

“İncəsənətdə zövq deyilən bir şey yoxdur”- MÜSAHİBƏ

  123459   |  
Şriftin ölçüsü  

Həmsöhbətimiz güneyli şair Ümid Nəccaridir.

– Karantin günləri necə keçir?

-İşimlə bağlı ana dilimizə tərcümələr edirəm və əsasən şeir kitabları oxuyuram. Eyni zamanda özüm də yazı-pozu ilə məşğul oluram. Əslində bu günlər evdə olsaq da, bunu boşvaxtların çoxluğu kimi dəyərləndirmək olmur, çünki evdən işlərimizə davam edirik, bu nə qədər çətin bir proses olsa da.

"Qaranlığın fotosu” adlı kitabına olan diqqət sizi qane etdimi?

-Bildiyimiz kimi şeir kitabına diqqət bizim təsəvvür etdiyimizdən azdır. Buna baxmayaraq ki, kütlə oxucusuna yazan şairlər xalqın diqqətini çəkə bilər. "Qaranlığın fotosu” heç kəsin diqqətini çəkmək üçün nəşr olunmadı. Bu kitaba "Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan kimi ədəbiyyat incisi ön söz yazıb. Elnarə Akimova kimi obyektiv tənqidçinin diqqətini cəlb edib və təhlil yazıb. Eləcə də Səlim Babullaoğlu kimi dəyərli şair kitabın məsləhətçisidir. Bundan gözəl nə ola bilər?! Məni bu diqqətlər qane edir. Bir də dostlarım və məni tanıyanlar bilirlər ki, çox təbliğat və diqqət dairəsində olmaqdan xoşlanan insan deyiləm.

Şeirlərini oxuyuram, daha çox fəlsəfi yönlə yükləndirməyə meyllisiniz. Sizcə bu, şeirdə əsas sayılan poeziyanı ikinci plana keçirmək olmur?

-Bilirsinizmi, şeir hərəkətdir, düşüncə axınıdır. Mən bir şeir üçün günlərlə fikirləşmirəm. Bir anda baş verir və götürüb yazıram. Yazma prossesində heç ağlıma gəlmir ki, yazdıqlarım fəlsəfədir, yoxsa poeziya. Hər hansı təsvirdən və metaforadan ləzzət alıramsa tez yazıram. Bəzi duyğular var ki, o şeirin canında gizli qalmalıdır. Şeiri hər dəfə oxuyanda fərqli hisslər yaşatmalıdır. İstənilən bir şeiri oxuyan zaman əgər eyni hissi yaşadınızsa, demək o şeir ölümə məhkumdur. Şeirin də musiqi kimi, sinema kimi öz tərəfdarları var. Elə insan var ki, kino sahəsində sənət əsərlərinə baxır, elə insan da var ki, səhərdən axşama hind kinolarına vaxtını sərf edir. Çoxu buna deyir: "zövq məsələsidir”. Məncə incəsənətdə zövq deyilən bir şey yoxdur. İnsan mühiti, dünyanı necə dərk edirsə, eləcə də incəsənəti o cür dərk edə bilər. Art və ya incəsənət profssional bir sahədir. Bir sənət əsərini xəlq etmək xeyli istedad və zəka tələb edir. Eyni zamanda sənət əsərini bir şəxs olaraq dərk etmək üçün böyük istedad tələb edilir.

Məncə bügünkü dövrümüzdə poeziya bir mesajdır. Şeir də bir canlı kino kimi insanın duyğularını, vicdanını, qorxu hisslərini oyatmağa malik bir sənətdir. Amma ümumi baxanda bu sənət bir "sevgi məktubu”na çevrilib.

İnsan kədəri öyrənmir, kədər elə insanla birgə doğulur

Bədbin notda şeirləriniz üstünlük təşkil edir. Demirəm, pozitiv olmalıdır. Amma şeirdə ağrıya ironiya etmək də mümkündür. Hətta şeir kitabınızın adında da qaranlıq var.

-Məncə bütün həssas məqamlarda və hadisələrdə nəsə kədər var. Onsuz da insan qəmgin dünyaya gəlir. İnsan kədəri öyrənmir, kədər elə insanla birgə doğulur. Biz pozitiv olmaq üçün həyatda çoxlu cəhd edirik çünki içimizdəki ümid ondan qidalanır. XXI əsrin keşməkeşli illərində, xeyli muharibələr, cinayətlər və həmçinin yeni diktator simalar peyda oldu. İnsanların vaxtını almaq üçün cani dildən çalışan siyasətçilər bugünkü dünyamızı da beləcə qaranlıq etdilər. Bir şair olaraq hər gün bu hadisələrlə üzləşib necə kədərli və bədbin olmaya bilərik? Mən necə ürəkdən sevinə bilərəm, hansı ki gəldiyim yolun üstündə onlarla dilənçi ilə rastlaşıram. Poeziya ruhun və düşüncənin istehsalıdır. Şeir həyatda insanları qurtarmaq üçün də bir rol oynaya bilər. Mən buna bədbinlik deməzdim, hansıki biz yaşadığımız mühitin bir parçasıyıq. Biz daima hisslərin və hadisələrin şüaları altında təsirlənirik.



Bir çox hallarda şeirdə ləhcənin olmasına qarşı çıxırlar. Sizsə müəyyən qədər Təbriz ləhcəsi ilə yazırsınız. Şairin şeirdə elmi-qrammatik qaydalara əməl etməsi mütləqdir?

-"Hər hansı dildə yağsa bu yağış, mən öz ana dilimdə islanıram”- bu şeiri hardasa oxumuşam. Təbiidir ki, mən 25 il Təbrizdə yaşayıb orada nəfəs almışam. Və biz məktəbdə ilk dil olaraq farscanı öyrənmişik, buna baxmayaraq, mənim ixtisasım filologiya: Azərbaycan dili və ədəbiyyatıdır. Məncə şeirlərimdə ləhcə deyilən bir şey yoxdur. Fərqli cümlə quruluşu var. Əlbəttə ki, şeirlərimdə fərqli cümlə qururam. Bir qaydada cümlə quruluşunun əleyhinəyəm. Poeziyada cümlə quruluşu yazıçıdan asılıdır və yaxşı bir harmoniya qurmaq üçün bu bir fürsətdir.

Mətbuatda tərcümələrini oxuyuram. Bəzən elə hiss edirəm ki, təcüməçiliyə iddia edirsiniz.

-Yox. Mən heç vaxt iddialı olmamışam. Öz istedadıma qədər danışmışam. Amma çalışıram ki, yaxşı tərcümələrim olsun. Şeirin ruhu itməmək üçün çoxlu enerji sərf edirəm. Amma bunu da deməliyəm ki, son altı ayda çox az fəaliyyətim olub.

Bəzən elə şairlərin tərcüməsi olur ki, deyirəm, nə ehtiyac vardı bu şəxsləri tərcümə etməyə. Qonorar səbəb ola bilərmi buna?

-Qonorar almaq üçün tərcümə etmişəm. Tələbəlik illərində bu pula ehtiyacım olub və xoşladığım sahədən pul əldə etmək istəmişəm. Amma heç vaxt bəyənmədiyim şairi tərcümə etməmişəm, yəni şairi tam əminliklə seçib tərcümə etmişəm. Və bəzən də elə şairləri tərcümə etmişəm ki, Azərbaycan türkcəsinə az tərcümə olunub.

Təsəvvür etdiyim sevgiyə çatmamışam

Sevgini hələ də başa düşmürsünüz? Bir müsahibənizdə belə deyiminizə rast gəlmişdim.

-Sevgini başa düşürəm və həmin sevgi ilə də yaşayıram. Ancaq təsəvvür etdiyim sevgiyə çatmamışam, onu tapmamışam. Hansı ki, beynimdə utopik və ideal bir sevgi var. Dediyim sevgi insandan alınan bir sevgi deyil bəlkədə, bilmirəm.

Bu bir qədər də xəstəlik halı olmasın?

-Mövlanənin bir şeiri var: "Reşteyi bər gərdənəm əfkənde dust, mikeşəd hərca ke xaterxahe ust(Boynumdan bir ip salıb dost, və ürəyi hara istəyirsə aparır). Bütün insanların psixologiyasında xəstəliklər var. Ancaq bu xəstəliyin azı çoxu var. Sevgi anlayışında insan nə qədər xəstə olsa o qədər yaxşıdır məncə. Sevginin son dərəcəsinin də başqa gözəlliyi var, xəstəlik olsa da... Sevgisiz heç cür yaşamaq mümkün deyil. İnsanın canında bir ali varlıq var, o da Sevgidir.

Cənubi Azərbaycandan buraya köç edən insanlardansınız. Azərbaycan vətəndaşlığı ala bildinizmi?

-Hələ ki, müraciət etməmişəm. Bir ölkədə ömürlük yaşamaq üçün təbii ki, vətəndaşlığa ehtiyac duyulur. Görək necə olur...

Təbrizdə və digər Azərbaycan şəhərlərində yerli mətbuat fəaliyyət göstərir. Burdakı yazarları orada hansı formada təqdim etmək olar. Və ya siz özünüz bu yöndə hansı işləri görürsünüz?

-Bildiyiniz kimi 2 il öncə heç bir maddi dəstək ummadan Təbrizin "Sancaq” qəzeti ilə çalışırdım. Buradan xeyli şairlərin əsərlərini çevirib təqdim etdim və o tayda çox yaxşı qarşılandı. Qəzetin poeziya bölməsinin səviyyəsini qorumaq üçün çox çalışdım və yaxşı nəticə əldə etdik. Amma daha vaxt baxımından və vəsait ayırmadıqları üçün fəaliyyəti dayandırdım. Güney Azərbaycanda ana dilimizdə bir neçə dərgi və qəzet çap olunur. Bu sıradan "Ban” dərgisi keyfiyyəti baxımından yaxşıdır. Bu sahədə dostlarla söhbətlərimiz olub. Ümid edirəm ki, yaxın gələcəkdə fikrimizdə tutduğumuz ideyalar gərçəkləşəcək.

Ortaq media, ədəbi sayt yaratmaq mümkündür. Ayrı-ayrı fəaliyyətdənsə ortaq fəaliyyət məncə düşüncə birliyinə səbəb olar. Eyni zamanda regional ayrımcılıq aradan çıxar.

-Əslində bunu düşünürdük. Və bir ildir buna görə xeyli müzakirələr aparmışıq. Bir sayt yaratmaq və onu aktiv saxlamaq üçün təbii ki, maliyyə lazımdır. Bir neçə şəxsdən bu məsələ ilə bağlı müraciət etmişik. Hələ ki, bir cavab əldə edə bilməmişik. Müvafiq dəstək alınca mütləq belə bir saytı yaratmaq fikrindəyik.

Sovet dövründə siyasi məsələlərə görə Cənubdan bura köç edən insanlara müstəsna yanaşma var idi. Elmi adı daha tez alırdılar, şimallı istedadlı şair, yazıçılara nisbətdə daha zəif şair və yazıçılara xalq mükafat adları verilrdi. Həmin dövrü analiz edəndə belə görürəm.

-Təbii ki, sizin dediyinizdə həqiqət var, bu təkcə bir siyasət deyildi, xalqın ürəyində inanılmaz bir nisgil var idi. Xalq sevərək bu işi görürdü. Mən bu hadisəni bir məhəbbət faktı kimi dəyərləndirirəm. O dövrdə qardaş qardaşa qovuşan kimi güneydən quzeyə və yaxud quzeydən güneyə gedən insanlara hörmət bəsləyirdilər. Bu ədəbiyyatda və başqa sahələrdə də özünü göstərdi. Yadıma gəlir, uşaq vaxtlarımda Təbrizdə quzey Azərbaycandan olan insanlara necə hörmət bəsləyirdilər. Hamı o şəxsi qonaq aparmağa çalışardı. Qonaq aparmaq üçün dava-qırğınlara şahid olmuşam. Amma təssüf olsun ki, getdikcə bu maraq azaldı, insanlar həmin günləri unutdular. Bizi birləşdirməyə təkcə bir şey var; ürəyimiz!! Biz birləşməyənə qədər torpaqlarımız da birləşməyəcək.

Söhbətləşdi: Emin Piri


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK