adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Aprel 2019 17:24
44245
LAYİHƏ
A- A+

Azərbaycan Respublikasında demokratiyanın yaranması və inkişafı problemləri

Bu mövzuya müraciət edib, elmi araşdırma aparmaqda əsas məqsəd Azərbaycanda demokratiyanın, adət-ənənənin, milli dəyərlərə hörmətlə yanaşılmasından, bəşəriyyətdə demokratik tolerant mühitin formalaşmasından gedir. Demokratiya institutu hər bir ölkənin ictimai həyatında siyasi mexanizm kimi fəaliyyət göstərməklə, dövlətin, cəmiyyətin təkmilləşməsi və gələcək inkişafı üçün bu istiqamətdə daim elmi tədqiqatların aparılmasına əsas yaradır.

Bəzi dövlətlərin beynəlxalq hüquq normalarının tələblərini və prinsiplərini kobud surətdə pozması kiçik dövlətlərin suveren hüquqlarına ciddi təhlükə törətməkdədir.

Beynəlxalq hüquq normalarının, beynəlxalq təşkilatlar, BMT və onun Təhlükəsizlik Şurası tərəfindən tətbiqi zamanı yol verilən bir sıra uyğunsuzluqlar nəticəsində beynəlxalq hüququn prosedur və ədalət qaydaları pozulur və bu dünyada öz suverenliyini, müstəqilliyini bərqərar etmək istəyən dövlətlərin beynəlxalq hüquq normaları ilə təsbit edilmiş suveren hüquqlarının ciddi şəkildə pozulmasına gətirib çıxarır.

Qeyd etmək lazımdır ki, bu prosesin gedişində Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinin kobud surətdə pozulması da baş verir ki, onun da nəticəsində beynəlxalq aləmdə ədalətsiz qərarların qəbul olunması baş verir.

Nəticədə isə beynəlxalq aləmdə gərginlik, sülhün və təhlükəsizliyin qorunmasına təhlükə qaçılmaz olur. BMT-nin nizamnaməsinin I maddəsinə əsasən BMT-nin məqsədi Beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq və bu məqsədlə sülhə təhlükənin qarşısını almaq və aradan qaldırmaq üçün təcavüz aktlarını və digər sülhün pozulması hallarını yatırmaq üçün səmərəli kollektiv tədbirlər görmək və sülhün pozulmasına gətirib çıxara bilən beynəlxalq mübahisə və situasiyaların dinc vasitələrlə ədalət və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq nizamlanmasına və yaxud həll olunmasına nail olmaqdır. Lakin müəyyən dövlətlərin BMT-nin Nizamnaməsində nəzərdə tutulan məqsəddən yayınmaqla kiçik dövlətlərdə milli suveren demokratik dəyərlərin formalaşmasına və bərqərar olmasına mane olmaları şübhə doğurmur. Azərbaycan Respublikasının timsalında bunu biz daha aydın formada görürük. 25 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin bu günə kimi həll olunmaması yuxarıda qeyd edilən müddəanın bariz sübutudur.

BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinin qəbul olunmasına baxmayaraq, bu imperativ hüquqi qüvvəyə malik olan qətnamələrin icra olunmamasına heç cür haqq qazandırmaq mümkün deyil və buna heç bir hüquqi məna vermək olmur.

Ermənistan tərəfindən bəzi ermənipərəst dövlətlərin dəstəyi ilə Azərbaycan Respublikasının torpaqlarının 20 faizinin işğal olunması nəticəsində 1 milyondan artıq insanın öz doğma yurdlarından didərgin düşməsi böyük dövlətlərin beynəlxalq hüquq normalarının tələblərini birbaşa və kobud surətdə pozduqlarına açıq dəlildir.

ATƏT-in Minsk qrupunda olan Təhlükəsizlik Şurasının üzv dövlətləri ABŞ, Fransa və Rusiya bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasına faktiki olaraq heç bir zaman cəhd göstərməmişlər, yalnız formal olaraq yaradılmış bu qurumunpərdəsi altında işğalçı Ermənistanı müdafiə etməklə özlərinə haqq qazandırmış, hər dəfə bildirmişlər ki, guya münaqişə Azərbaycan və Ermənistan dövlət rəhbərlərinin qarşılıqlı razılığı ilə həll edilməlidir.

Sual olunur: Ermənistan tərəfindən Azərbaycanın 20 faiz torpağı işğal olunubsa, BMT-nin Təhlükəsizlik Şurasının dörd imperativ hüquqi qüvvəyə malik olan qətnaməsi bu günə kimi icra olubmayıbsa, işğalçı dövlət olan Ermənistan beynəlxalq hüququn normalarını kobud surətdə pozmaqda davam edirsə, burada hansı razılaşmadan söhbət gedə bilər? İşğalçı dövlət və işğala məruz qalan dövlət razılaşma yolu ilə işğal olunmuş əraziləri azad etməlidirsə, onda beynəlxalq hüquq və beynəlxalq təşkilatlar hansı məqsəd üçün yaradılmışdır? Bütün bu qeyd edilənlərə baxmayaraq Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və beynəlxalq hüquq normalarını kobud surətdə pozması faktları bu günə kimi heç bir beynəlxalq təşkilat, ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, ABŞ, Fransa dövlətləri tərəfindən kəskin müzakirə olunaraq hər hansı bir sanksiya və ya cəza növü tətbiq olunmamışdır.

Bu faktın özü bir daha onu təsdiq edir ki, bu gün beynəlxalq təşkilatlar və böyük dövlətlər öz siyasi-iqtisadi maraqlarına uyğun siyasət apararaq, kiçik dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının milli suveren hüquqlarını kobud surətdə pozur, dövlətlərin daxili işlərinə qarışmaqla öz "demokratiya siyasətlərini" zorla həyata keçirməyə çalışırlar. Beynəlxalq hüquq normalarında bir dövlətin ərazisinin digər dövlət tərəfindən işğal olunduğu halda işğala məruz qalan dövlət tərəfindən öz ərazi bütövlüyünü və milli təhlükəsizliyini təmin etmək məqsədilə güc tətbiq edə bilməsi imkanı nəzərdə tutulmuşdur.

Lakin adı çəkilən beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan dövlətlər tərəfindən Azərbaycana qarşı bütün siyasi təzyiq vasitələrindən istifadə edilərək işğal olunmuş ərazilərimizin azad olunması üçün güc tətbiq olunmasına qətiyyətli formada imkan verilmir. Bu da beynəlxalq hüquq normalarının müəyyən dövlətlərin istəyi ilə reallaşmasını təsdiq edir.

Bu qurum və dövlətlərin mülahizələrinə əsasən münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır, başqa alternativ yol yoxdur.

Sual olunur: Görəsən bizə təkidlə tövsiyə olunan və deyilən bu sülh hansı ölçü və formada olmalıdır və reallaşmasının hüquqi mexanizmi necə müəyyən edilmişdir.

Beynəlxalq aləmdə baş verən prosesləri müşahidə etməklə bəzi dövlətlərin Azərbaycanda milli suveren demokratik dəyərlərin təsbit edilməsinə qarşı olduğunu aşkar şəkildə görmək mümkündür.

Həmin dövlətlər ölkəmizdə milli suveren demokratiyanın yaranmasına və inkişaf etməsinə, güclü dövlətə çevrilməsinə hər vasitə ilə imkan vermirlər.

Beləliklə də, ölkəmizi asılı vəziyyətdə saxlamaqla, eləcə də ölkə daxilində ictimai siyasi vəziyyəti gərginləşdirməklə, ölkəmizin müstəqilliyini və suverenliyini təhlükə altına qoyurlar. Ölkəmizin qarşısında duran vacib vəzifələrdən biri milli suveren demokratiya konsepsiyasının hazırlanıb, həyata keçirilib və inkişaf etdirilməsidir. Buna görə də milli suveren demokratiya ideyası əsas götürülərək bu istiqamətdə işlər görülməli və dövlətimizin inkişafının təmin edilməsi üçün müstəqil xalq hakimiyyətinin və demokratiyanın prinsipləri insanların mənəvi, siyasi, iqtisadi və digər hüquqları, eyni zamanda milli dəyərlər nəzərə alınmaqla həyata keçirilməlidir.

Bir çox hallarda milli dəyərlərimizə, mənəviyyatımıza, adət-ənənəmizə uyğun olmayan, xarici dövlətlərdən və təşkilatlar tərəfindən bizə "demokratiya standartları" kimi təqdim olunan "demokratiya dəyərləri" bir müddətdən sonra bzim suveren milli demokratiyamızı məhv etməklə milli əxlaqımızı, adət-ənənəmizi, mənəvi dəyərlərimizi bizə unutdura bilər.

Ona görə də müstəqil dövlətimizin əbədi olması üçün ölkəmizdə milli suveren demokratiya konsepsiyasını hazırlanıb, həyata keçirilməlidir və şübhəsiz ki, bu istiqamətdə dövlətimiz uğurlu addımlar atmaqdadır.

(ardı növbəti sayımızda)

Cəmil Quliyev

tarix üzrə fəlsəfə doktoru