SON DƏQİQƏ:

HƏYATIN ÖZƏLLİYİ

  11524   |  
Şriftin ölçüsü  
YAŞANANDA GÖZƏL OLUR

Həyat yaşayanda gözəl olur. Bunu mən demirəm və yaxud da bunu kiminsə sözü kimi təkrarlamıram. Sadəcə, özümün arxada qalan günlərimə, aylarıma, illərimə baxıb gəldiyim qənaət budu. Nəticə etibarı ilə arxada qalan 57 ilə qədəm qoymuş illərimin gözəl həftələrini, günlərini xatırlayıram. Toplum halında aylarını, illərini yox. Baxıb görürəm ki, həmin o həftə, həmin o gün ürəyimlə birlikdə olduğum məqamdı... ürəyimin istədiyi məqamdı... ürəyimin istədikləri və ürəyimi istəyənlərin mənə bağışladıqlarıdı. Və mən də həmin o həftənin, günün içərisində Tanrıya daha yaxın olmuşam, yerə daha çox üz söykəmişəm... Torpağı, daşı, gülü, çiçəyi, oxuyan quşların səsini, uçan durnaların qatarını... bir sözlə, xəzəldən tutmuş gözələ qədər hər şeyi sevmişəm, hər şeyi özümə doğma bilmişəm. Və onların hər birinin bətnində özümü görüb, özümə rahat bir insan kimi həsəd aparmışam. Hətta məşhur bir mahnıda deyilən o fikir də gəlib ağlımdan keçib. Yəqin hiss etdiniz hansı fikri deyirəm. Sizi çətinə salmamaq üçün xatırladım:
- Dünyanın xoşbəxti mənəm dünyada!..
Hə, əvvəldə dedim ki, həyat yaşananda gözəl olur. Amma yaşamaq da həyatın tələblərinə cavab verəndə, ona uyğunlaşanda, onunla üst-üstə düşəndə, ən azı onunla paralelləşəndə gözəlləşir. Təəssüf ki, bu nə sənin, nə mənim, nə də elə həyatın özünün birbaşa şərti, tələbi, istəyi deyil. Burda hər şey həm ayrı-ayrıdı, həm də kompleksdi. Rəhmətlik Nüsrət Kəsəmənlinin təbirincə desək, "nişan üçün iki şey istədilər, məndə isə biri vardı, biri yox". İndi özünüz də mənimlə razılaşarsınız ki, siz də, mən də həyatın istəyini özümüzdə tapanda, toparlayanda həyatın istəyi dəyişir. Çünki burda zaman sürəti var. Ha eləyib özümüzü ələ alana kimi, o istəyin mahiyyətinə varana kimi qatar ötüb gedir. Yeni istək çıxır ortaya. Bax, bu mənada həyatla üst-üstə düşmək, paralelləşmək çox zor bir işdi və hər adama da nəsib olmur. Mən də ona görə yaşadığım illərin içərisindən bəxtimə düşən, yaşadığım həftəni, günü seçib, sayıb üst-üstə yığanda həm təəssüflənmişəm, həm şükür etmişəm. Çünki bütün bu yaşananların içərisində seçilən, yaşanan nəsə var, nələrsə var və müqayisədə bunu dəyərləndirmək, qiymətləndirəmk lazımdır. Yeri gəlmişkən, xatirimdə qalmış bir ibrətamiz məsəl var. Onu elə burdaca sizə də demək istəyirəm. Həmin məsələ görə, çox müdrik bir insan digərlərinin həyat sevgisini artırmaq üçün təklif edir ki, şəhər əhli meydanda sıraya düzülsün. Ön cərgədə varlılar, ikinci cərgədə kasıblar, üçüncü cərgədə əlillər, dördüncü cərgədə zəlillər. Və sonra hər kəs özündən arxadakına dönüb baxsın. Onda varlı kasıba baxıb şükür edəcək... kasıb əlilə baxıb şükür edəcək... əlil zəlilə baxıb şükür edəcək...
Yəqin ki, bu müdrik kəlamın içini gördünüz, işığını gördünüz və mənim həmin o barmaqsayı həftələr, günlər üçün şükür etdiyimə iradınız qalmadı. İşdi, qalsa da mən sizdən incimirəm. Çünki hərənin öz parametri var. Və deməli, mən bir insan, bir varlıq olaraq həyatın nəbzini bu cür tutmuşam və o döyünən nəbz də mənə söylədiyim sayılı günləri, həftələri yaşadır. Mən də yaşadıqlarımın içərisində duyğularımı kökləməyə, fikirlərimi ifadə etməyə və sözü misraya çevirməyə çalışmışam - heç kimə, heç kəsə etiraz etmədən, üsyan etmədən. Amma içimdə çəkdiyimin ləzzətini ala-ala.

Oyun oynayır fələk
Oynasın xoş günümə.
Dərddən doyunca içib -
Olmuş sərxoş günümə!

Günü-gündən saralır
Ağ yazı da qaralır...
Kimin yeri daralır -
Gəlsin bu boş günümə.

Mən yaşayan qədərin
Görən yoxdu betərin...
Çəkmə gülüm, kədəri -
Gətir, sən qoş günümə!..

***
Bugünlərdə bir neçə üzüntülü hadisənin şahidi oldum. Və bu hadisələr qanımdan, canımdan gəlib keçdiyinə görə, bunun ağrı-acısı məni içimdə çox göynətdi. Hətta az qala içimi alt-üst etdi. Özümü təklənmiş, meydanda əliyalın qalmış bəndə kimi hiss etdim. Təbii ki, əksər hisslər, duyğular müəyyən mənada ötəri olur. Bu da zamanın sürəti ilə bağlı olan məsələdi. Üstəlik, burda bir gerçəklik də var. O da yaraların sağalmasıdı, daha doğrusu, qaysaq bağlamasıdı. Yara var ki, öz-özünü sağaldır, yara var ki, bunu diqqət, ülfət sağaldır, yara var ki, ona həkim müdaxiləsi lazımdı ki, sağalsın. Yara da var ki, o, zamanın iynə-sancağının altındadı. Yəni sağalması zaman məsələsidi. Bu mənada mənim içimdəki vətəndə vətənsizlik yarası sonuncuya aiddi. Yəni bu yara hər gün qan verir, hər gün sızıldayır. Xüsusilə faciələrin, işğal günlərin bəlli tarixi qapımı döyəndə. Məsələn, mən doğulduğum bölgənin Qaradağlı faciəsi. Mən havasını, suyunu daddığım, udduğum Xocalı qətliamı... Deməli, o yaralar mənim, sənin əlinlə sarınmayana qədər... o şəhid qanları tökülən torpaq mənim, sənin nəfəsinlə isinməyənə qədər bu yaraların sağalmasından danışmaq doğru deyil. Kim də desə, hətta sübut etməyə çalışsa ki, Xocalı dərdi, Qaradağlı yarası sağalıb, mən ona inana bilmərəm. Bu mümkünsüz bir işdi. Nə isə...
Hə, yaşadığım həmin o üzüntülü anlar məni həyatın nə qədər soyuqqanlı olduğuna da diqqət yetirməyə məcbur etdi. Baxıb gördüm ki, bir ucdan boşalıb dolan bu dünyada hissisiz, nişanəsiz nə qədər Allah bəndələri olub və var. Bundan sonra da olacaq. Bu Allah bəndələri köçüb gedəndə arxalarınca boylananların, saç yolub göz yaşı axıdanların, ya da içdən gələn bir "ah" çəkib təəssüf edənlərin olmaması görəsən nəyə işarədi? Görəsən bu nə deməkdi? Ümumiyyətlə, belə hallarla barışmaq və yaxud belə hallardan nələri öyrənmək gərəkdi? Dəfələrlə bu sualları verirəm özümg və dəfələrlə də susuram. Sükut güc gəlir mənə. Baxıb görürəm ki, burda verə biləcəyim heç bir cavab sualı tam əhatə etmir, sual yarımçıq qalır, cavab yarımçıq olur. Elə bil ki, yetişməmiş meyvəni dərirsən, dişləyirsən. Boğazından keçmir. Məhz mən indi gəldiyim nəticəyə görə, izsiz, nişanəsiz köçüb getmək hardasa bu həyatın zorla boğazından keçirdiyi yetişməmiş meyvədi. Neyləyək ki, biz həyatın bu qərarı önündə çox gücsüzük. Hətta səsimizi çıxarmağın özü belə heç nəyi dəyişmir, heç nəyə təsir etmir. Ona görə də susuruq. Təsəllimiz susmaq olur...
Hə, bəzən susmaq qızıldı, deyirlər. Bəzən isə gücsüzlük və yaxud da etiraf. Mən həyatın bu anında susmağı həyata tabe olmağın işarəsi kimi qəbul edirəm. Ona görə də çevrəmdəkiləri ən azından olduqları kimi qalmalarını və həyatla çəkişmələrdə qalib görmək istəyirəm. Təbii ki, bu mənim istəyimdi. Onların gücünün buna yetib-yetməməyi isə başqa bir mövzudu. İndiki anda isə mənim üçün o sızıltının içərisində də bir ümid axtarmaq, bir ümidə söykənmək gücünün mövcudluğudu. Elə həmin o ümidin işığında da bu misraları dilə gətirmək yəqin ki, sizin də ürəyinizcə olar.

Bu çiçək indi açıb
Hələ tərdi, hələ tər...
Üstündən arı uçub -
Zər qalıbdı, hələ zər!..

Ömrümün bu anında
Dərddi duran yanımda...
Qan donubdu canımda -
Tərdi daman, hələ tər!..

Köklə hicran tarını
Sovur saçın qarını...
Bu həsrətin barını -
Hələ oxşa, hələ dər!..

***
Hər bir insan, təbii ki, söhbət normal insandan gedir, düşünmək qabiliyyətinə malikdi. Və düşünməyi bacaranda müəyyən vəziyyətlərdən çıxış yolu tapa bilir. Bax, bu mənada istər sovet dönəmində, istər işğalın başladığı gündən bu günə qədər qarşılaşdığım hər bir məqam dostların, güvəndiyim insanların, xüsusilə ürək sirdaşlarımın tövsiyələri, yardımları mənim çıxış yolu tapmağımda əsas stimulum, əsas təkanverici gücüm olubdu. Mən onlara söykənib addım atmışam. Görmüşəm ki, o söykəndiklərim, o dayaqlar məni ayaqda saxlayırlar, məni yıxılmağa qoymurlar. Lakin zaman-zaman həm gördüyün, həm öyrəndiklərin öz təsrini də adama yükləyir. Bax, bu da müəyyən mənada dayaqları, səni ayaqda saxlayanları bir az yükdən azad edir, bir az onların sənə yönələn, daha doğrusu, mənə yönələn gücünü, diqqətini özündə saxlamağa imkan verir. Deməli, bax, bu aspektdən yanaşanda, onda görürəm ki, çevrəm məni daha güclü edir. Çevrəmdən kənarda yalnız tək qalmıram, həm də güc itirirəm. Bu yerdə itkinin nə olduğunu canında, qanında hiss edən bir Allah bəndəsi kimi bir sızıltı da yaşayıram. Bunsuz mümkün deyil. Çünki itkidən söhbət düşəndə gözlərimin önündə şəhid doğmalarım, dünyanı vaxtsız tərk etmiş can qardaşlarım - Vahid Əlifoğlu, Vaqif Cəfərli, eləcə də Ələsgər, Rafiq və daha kimlər, kimlər gəlib dayanır. Onda bir daha anlayıram ki, bəlkə də Tanrı məni onların ruhunu sevindirmək üçün onlardan bir az da artıq yaşadır. Hər halda, bu qənaətin Tanrının mənə lütfüdüsə, bunu xoşbəxtlik kimi qiymətləndirməyə candan, qandan hazıram!..
İndi bütün yazı boyu həyatı sağdan, soldan, altdan, üstdən nə qədər vərəqləməyə, çevirməyə çalışsam da hiss edirəm ki, heç nə dəyişmir. Necə deyərlər, bu yazı həyatın bir tükünü də tərpətmir. Az qala çaxçaxın baş ağrıtması kimi bir işlə məşğulam. Dəyirman öz bildiyini edir. Mən də elə dəyirmanın acığına ürəyimdəki ən isti sözü, ən böyük istəyi bütün səsimlə, bütün gücümlə bilgisayara, kağıza köçürürəm. İstəyirəm ki, həyatla mübarizədə, qarşılaşmada nə qədər kiçik olsam da, içimin, yəni ürəyimin böyüklüyü o kiçikliyi üstələsin, o kiçikliyi görünməz etsin. Axı mən bu həyatı və Allahın mənə verdiklərini o böyük ürəklə sevmişəm və sevirəm. Ona görə də hətta şeirlərimin birində yazmışam ki, bəlkə də Allah məni hər kəsə, Sev! - demək üçün göndərib. Mən də dərdimi də, sevincimi də, həsrətimi də, vüsalımı da, göz yaşımı da, gülüşümü də sevə-sevə misralara çevirirəm. Bilirəm ki, bu yanaşma məni təklənməkdən, tək qalmaqdan xilas edəcək. Ən azından bu hiss mənim yanımda olacaq. Həmişə onun əlini çiynimdə his edəcəm... həmişə onun kölgəsini başımın üstündə görəcəm. Elə indi oxuyacağınız şeirdə dediklərimin əksini bəlkə də daha uyğun biləcəksiniz, ona daha çox inanacaqsınız və:

Yorulmuşam, yorğunam
Üstümdün ötür bir il...
Mümkünsə sən cəzamın -
Üstündən götür bir il!..

Nəfəsim son nöqtədə
Yükdü mənə nöqtə də!..
Bu enmədə, çökmədə -
Ümid tək gətir bir il!..

Qarşıma yerimişdin
Yoluma yol sərmişdin...
Mənə möhlət vermişdin -
Bu da son - bitir bir il!..

Hə, mən sizə, yəni dəyərli oxucularıma sadəcə öz missiyamı yerinə yetirərək SEVin! - deyirəm. Çünki sevəndə yaşayırsınız. Həyat da yaşayanda gözəl olur!



Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29
2020-09-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK