SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: KƏSİŞƏN YOLLAR

  39370   |  
Şriftin ölçüsü  

Adətən bir yerə gəzməyə və yaxud elə-belə, yolüstü maraq xatirinə səfər edəndə özümdən asılı olmadan hər şeylə maraqlanmağa, tanış simalar axtarmağa çalışıram. Öncədən deyim ki, göz yaddaşım məni çox az-az hallarda aldadıb. Bir dəfə gördüyüm insanı illər sonra görəndə də tanıyıram. Hətta bir az söhbət edəndən sonra az qala həmin adamla olan tanışlığımızın tarixini də danışmağa başlayıram. Çoxlarına qəribə gəlsə də, ünsiyyət qurmaq, adamları yaddaşıma köçürmək bir növ məndə vərdiş halını alıbdı. Hətta bəzən yaxınlarım bu qədər insanları necə tanıdığıma, necə yadımda saxladığıma şübhə ilə yanaşırlar. Olsun... Hər halda tanışlığın kimsəyə zərəri olmaz. Üstəlik, hər kənddə, hər eldə bir dostun olması elə həmin kənddə, həmin eldə özünə bir ev, bir sığınacaq tapmağın kimi bir şeydi. Naxçıvan səfərim zamanı onunla üz-üzə gəldik. Tam səmimi deyim ki, öncə yerişi, boy-buxunu diqqətimi çəkdi. Hiss etdim ki, bu yeriş, bu boy-buxun mənə tanışdı, onunla hardasa yolumuz kəsişib. Sonra söhbət başladı...

Haşiyə: Şulan Məşdi oğlu Abışov 1966-cı ilin avqustunda Naxçıvanın Babək rayonunun Cəhri kəndində doğulub. Elə bu kənddə də 8 illik məktəbi bitirdikdən sonra Naxçıvan şəhərindəki 32 nömrəli orta texniki peşə məktəbini bitirərək avtomobil çilingəri peşəsinə yiyələnib. Sonra Sovet Ordusunda xidmət edib. 1986-cı ildə hərbi xidməti başa vurduqdan sonra Kalininqrad vilayətində qalıb: həm işləyib, həm də qiyabi ali təhsil alıb. Qiyabi ali təhsilini Ukraynanın Dnepropetrovsk şəhərində davam etdirərkən bu ali məktəbin mexanika fakültəsində milliyyətcə erməni olan müəllimlə sözləri düz gəlməyib. Onun azərbaycanlı olduğunu bilən millətçi erməni açıq şəkildə bildirib ki, mən erməniyəm və sənə də heç vaxt qiymət verməyəcəm. Vəziyyətin bu cür alınması onun təhsilini yarımçıq qoymağa məcbur edib. Yenidən Babək rayonuna qayıdıb. Və...

Bəli, mən Qarabağla, torpaqlarımızın işğalı ilə bağlı yazdığım yazılarda həmişə cəbhədə, ön səngərdə, hətta əsgər və qaçqın düşərgələrinə yardım aparan karvanlarda kifayət qədər maraqlı insanlarla qarşılaşdığımı vurğulamışam. Və onların çoxunun adı o illərdən qalan yaddaş dəftərimdə hələ də saxlanılır. Əksəriyyəti də özlərini ya adları, ya soyadları, ya da kəndləri ilə qeyd etdiriblər. Tək-tək ünvan sahibləri var ki, onlar mənə müsahibə verərkən özləri barəsində də ətraflı danışıblar...


Bugünkü kimi yadımdadı, ilk dəfə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə o vaxtlar OMON adlandırılan könüllülər gəlmişdilər. Doğrudur, sonradan OMON-çular artıq rəsmiləşdi, onlar Daxili İşlər Nazirliyinin təkibində xüsusi bir qurum oldular. Və yadımdadı ki, o zamanlar Daxili İşlər naziri olan mərhum Məhəmməd Əsədovun əmri ilə yaradılmış həmin quruma general Ramiz Xosrov oğlu Məmmədov rəhbərlik edirdi. Bu "uşaqlar" ölümün üstünə gedirdilər. Onların adı da, onların sorağı da düşmənin bağrını çatladırdı. Sadə dildə desəm, bu laydivar oğlanların canında bir pələng, bir şir gücü var idi. Təəssüf ki, sonradan bu qüvvəni siyasətə qatdılar, siyasiləşdirdilər. Şükür ki, indi hər şey öz axarındadı, öz yerindədi. Nə isə...

Hə, yollarımız kəsişmişdi Şulan müəllimlə. Onda o, Bakıda Polis Akademiyasında təhsil alırdı. Həmin vaxt könüllülərdən ibarət xüsusi qrup ön cəbhəyə, yəni Ağdərə istiqamətinə göndərilmişdi. Bax, orada, Ağdərədə qarşılaşmışdıq Şulan müəllimlə. Ona qədər isə...

Haşiyə: Düşmən torpaq iddiasına düşəndən sonra həyasızlığı getdikcə artmağa başladı. Təkcə Dağlıq Qarabağda və onun ətrafında deyil, Naxçıvanda da artıq silahlar susmurdu. Demək olar ki, Ermənistanla sərhəd bölgədə vəziyyət təhlükəli bir həddə gəlib çatmışdı. Düşmən Sədərək istiqamətində hər gün təxribatlar törədirdi. Bax, belə bir vaxtda Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin tabeliyində xüsusi təyinatlı polis dəstəsi yaradılmışdı. Əsasən könüllülərdən, silahla davranmaq bacarığı olanlardan ibarət olan bu dəstə Nazirliyin əməkdaşları tərəfindən təlimlərə cəlb edilib və onların döyüş qabiliyyəti yüksəldilirdi. Və xüsusi təyinatlılar da artıq Naxçıvanın müdafiəçiləri sırasına daxil edilmişdilər. Şulan Abışov bu müraciətdən xəbər tutan kimi dərhal nazirliyə gəlmiş və qısa söhbətdən sonra onu Xüsusi Təyinatlıların sıralarına qəbul etmişdilər. İndi o, bir vətənsevər övlad kimi öz döyüş dostları ilə birlikdə səngərdəydi. Artıq Sədərək, Havuş, Yuxarı Buzqov, Gərməçataq, Şada, Batabat, Bəyəhməd, Kirid və digər sərhəd kəndlərinin qorunması uğrunda gedən döyüşlərdə xüsusi təyinatlıların göstərdiyi şücaət təkcə Naxçıvanda yox, onun hüdudlarından kənarda da danışılırdı. İndi Şulan Abışov xüsusi təyinatlıların çavuşu kimi daha məsuliyyətli, daha diqqətli olmağa çalışır, onun komandanlığı altında olan döyüş yoldaşlarının hər biri üçün daxili bir məsuliyyət hissi yaşayırdı. Döyüş dostları kimi o da həm torpaq uğrunda döyüşür, həm də ona bir komandir kimi inanan dostlarının taleyi üçün narahat olurdu. Özü özünə hesabat verir, özü-özündən bu cavan oğlanlar üçün əlavə diqqət, əlavə canıyananlıq tələb edirdi. Onun hər kəsə olan münasibəti döyüş dostlarına yaxşı məlum idi. Onlar da Şulan müəllimi həm böyük qardaş, həm dost, həm də komandir kimi çox istəyir, güvənirdilər. Elə Sədərək kəndindəki Qaraburun və Miltəpə uğrunda gedən ağır döyüşlərdə Şulan müəllim iki dəfə yaralandı. Ciddi yaraları sağalandan sonra 1992-ci ilin iyul ayında nazirliyin göstərişilə onu Bakıya - Polis Akademiyasına yola saldılar. Akademiyada uğurlu imtahanlardan sonra o, kursant adını qazandı. İndi Babək rayonundan gəlmiş və döyüş yolu keçmiş bu cavan oğlan hər bir polis zabitinin keçib mənimsədiyi elmin sirlərini öyrənməklə məşğul idi. Lakin...

Ölkədə siyasi hadisələr öz məcrasından çıxmaqda idi. Müstəqillik əldə etmiş Azərbaycanda 1993-cü ilin sonlarına qədər demək olar ki, bir hakimiyyətsizlik, bir başıpozuqluq hökm sürürdü. Ona görə də müxtəlif şəxslərin özəl dəstələri, eləcə də özünümüdafiə hissələri açıq-aşkar məhz həmin şəxslərin iradəsini yerinə yetirirdi. Bax, belə bir vaxtda Akademiyanın rəhbərliyi təqribən 50-60 nəfərlik bir qrupu Ağdərə şəhərinin müdafiəsi üçün Kasaped şəhərinə göndərdi. Ağır döyüşlər gedirdi. Tam formalaşmamış Milli Ordunun hissələri, könüllülər... eləcə də Xüsusi Təyinatlılar... polis qüvvələri... bir sözlə, belə bir durumda Kasaped kəndindən əks hücuma keçən qrupun bu qeyri-bərabər döyüşdə iki nəfəri yaralandı. Döyüş 1993-cü ilin mart ayının 7-də olduğundan həmin tarix Şulan müəllimin dəqiq yadında qalıb. Çünki o özü də həmin döyüşdə üç gün Ağdərə şəhərində tək döyüşmək məcburiyyətində qalmışdı. Yalnız üç gündən sonra ərazidə olan qüvvələr Nəcməddin Sadıqov və general-mayor Ramiz Məmmədovun rəhbərliyi altında əks hücuma keçərək Qlobus, Vışqa və Qəbiristanlıq adlanan yüksəklikləri düşməndən geri ala bildi. Bu döyüşlərin iştirakçısı olan Şulan Abışov Akademiyaya qayıdandan sonra öz raportuna əsasən könüllü şəkildə 43 nəfərlə birlikdə Murov dağını aşmaqla Kəlbəcərin müdafiəçilərinin köməyinə getmişdi...

... Söhbət edirik. Əslində bu, söhbətdən daha çox o illərə qayıtmaq idi. O illərə ki, onda yer, göy qan ağlayırdı... onda Azərbaycan qan içində idi... onda qaçqınların, köçkünlərin fəryadı, evləri gözləri önündə yandırılıb yağmalanan insanların "ah"ı ayaq tutub yeriyirdi. Biz hər ikimiz bu hadisələrin canlı şahidi kimi bir-birimizin sözünü kəsə-kəsə danışırdıq, xatırlayırdıq gözlərimizin önünə gətirirdik. O günlərimizin şahidi olan dostların, tanışların adını çəkirdik. Daha çox isə general Ramiz Xosrov oğlu Məmmədovdan danışırdıq. Onun tabeçiliyində olanlara qayğısından, diqqətindən, peşəkarlığından söhbət edirdik. Və bu söhbətin içərisində mən yaddaşımda ilişib qalmış bir məqamı da təzələyirəm. Xatırlayıram ki, həmin Kəlbəcər uğrunda gedən döyüşlərdə düşmənin vurduğu Mİ-8 vertolyotumuzun həlak olmuş ekipaj üzvlərinin nəşini məhz Şulan dostumun də daxil olduğu dəstə qarlı aşırımlardan keçirib aşağıya endirə bilmişdi. Bu döyüşlər anbaan Şulanın yaddaşına həkk olunub. Ona görə də o, hər bir hadisəni bütün detalları ilə elə danışır ki, bəzən mən özüm də heyrət edirəm. Şahidi olduğum məqamlar sanki gözümün önündə yenidən baş verir, yenidən o barıt qoxusu, o qan qoxusu bürüyür ətrafımı. Və belə bir məqamda Şulan xatırlayır ki, may ayının oratalarında onlar yenidən Polis Akademiyasına qayıdıblar. Təhsilini davam etdirmək istəyi bu qayıdışda da baş tutmayıb. Çünki iyun ayında həyəcan siqanlı verilib. Avtobuslarla Binə hava limanına, oradan isə TU-154 tipli təyyarə ilə Gəncə hava limanına uçublar. General-mayor Ramiz Məmmədov, polkovnik-leytenant Mahir Əhmədov, eləcə də Daxili İşlər Nazirliyinin bir neçə yüksək rütbəli əməkdaşı da onlarla birlikdə olublar. Gəncədə baş vermiş qiyamın qarşısını almaq, eləcə də Gəncə hava limanını qorumaq tapşırığı almış 100-130 nəfərlik qrup artıq ilk dəqiqələrdən bu qədim şəhərdə nələr baş verdiyini anlamağa başladılar. Açıq-aydın görünürdü ki, Gəncədə hakimiyyət uğrunda silaha sarılan bir dəstə vətəndaş müharibəsindən, qardaş qırğınından çəkinmir. Ancaq general-mayor Ramiz Məmmədovun qətiyyəti, cəsarətli qərarları qiyamçılara hava limanına daxil olmaq imkanı vermədi. Akademiyanın kursantları müdafiəni düzgün təşkil etdiyindən onların istəkləri reallaşmırdı. Üç gündən artıq davam edən həmlələrə baxmayaraq, kursantlara üç nəfər qiyamçını həbs edib Bakıya yola salmaq müəssər oldu. Lakin məqsədlərinə çatmaq üçün qan tökməkdən belə çəkinməyən qiyamçılar dördüncü gün hava limanını iriçaplı silahlardan, döyüş texnikalarından istifadə etməklə atəşə tutdular. Atılan mərmilər hava limanını tamamilə yararsız hala saldı. Necə deyərlər, qardaş qardaş üzərinə tank, top, hətta qırıcı təyyarə və "krokadil" tipli vertolyotlar da qaldırmışdı. Bütün bunlar nə qədər acınacaqlı və üzücü olsa da, kursantlar sona qədər hava limanının müdafiəsində qaldılar. Yalnız yaralıları və şəhidləri çıxartdıqdan sonra sonuncu iki nəfərlə birlikdə Şulan da hava limanını tərk etdi. Onlar Samux istiqamətində Mingəçevir Su Anbarının kənarından keçməklə Gürcüstan-Zaqatala istiqamətində hərəkət edib Şamaxı yolu ilə Bakıya qayıtdılar.


...Və bir neçə gün sonra isə onlara paytaxtda asayişi təmin etmək göstərişi verildi.

Biz söhbət edirik. Bu söhbət zamanı fikrimiz yenidən Naxçıvana, Sədərək hadisələrinə tərəf yönəlir. Şulan dostum onunla birlikdə döyüşmüş Xüsusi Təyinatlıları xatırlayır. Onların arasında qəhrəmanlığı ilə fərqlənən, hamıya can yandıran, necə deyərlər, hamıdan çevik olan İlkin barəsində söhbət açır və İlkinin adını çəkəndə gözləri yaşarır. Vurğulayır ki, İlkin od parçasıydı. Sovet ordusunda xidmət keçmişdi, idmançıydı. Bir anın içərisində səngərdə yerini elə dəyişirdi ki, düşmən onu hədəfə ala bilmirdi. Sürünə-sürünə düşmənin beş addımlığına qədər gedirdi. Atdığı qumbaralar birbaşa səngərin içərisinə düşürdü. Ona görə də düşmən snayperləri onu izləyirdilər. Axır ki, onların bu qara niyyəti baş tutdu. Nişanlı olan, yaxın günlərdə ailə quracağını hamımıza öncədən söyləyən İlkin məhz snayper gülləsilə şəhid oldu. Bu günün özündə də onun adı gələndə, onu xatırlayanda özümə yer tapa bilmirəm. Və inana bilmirəm ki, İlkin şəhid olub...


Bəli, söhbətimizin mövzusu yenidən Bakıya qayıdır. Daha doğrusu, Bakıdakı günlərin ifadəçisinə çevrilir. Şulan deyir ki, 30 nəfərlik bir qrupla məni Daxili İşlər Nazirliyinə göndərdilər. Mən qrupun rəhbəri idim. Akademiyanın rəhbərliyi bizi yola salarkən şəxsən mənə bildirdi ki, nazirliyə gedib orada əmr və göstərişləri yerinə yetirməliyik. Biz əmrə uyğun olaraq nazirliyə gəldik. Mənə nazirliyin komendantı vəzifəsi tapşırıldı. Bir müddətdən sonra nazirlikdə işlər öz rəsmi axarına düşəndən sonra yenidən Akademiyaya qayıtdım. Yalnız 1996-cı ildə təhsilimi başa vuraraq Naxçıvana göndərildim. O vaxtdan təqaüd yaşımın tamam olduğu 2013-cü ilə qədər Naxçıvanda müxtəlif vəzifələrdə çalışdım. Və nəhayət, 2013-cü ildə polkovnik-leytenant kimi təqaüdə göndərildim...

Bəli, mənim həyat yolu barəsində artıq kifayət qədər bilgi əldə etdiyim Şulan Abışov üç övlad atasıdı. İki oğlu, bir qızı var. Qızı Naxçıvan Dövlət Universitetində, oğlanları isə orta məktəbdə təhsil alır.

Bəlkə də Şulan qardaşımın döyüş yolundan, keçdiyi çətinliklərdən xəbəri olmayan şəxslər üçün bütün bu yazdıqlarım elə bir önəm kəsb etməz. Amma unutmaq lazım deyil ki, məhz Şulan kimi oğulların cəsarəti, qeyrəti, şücaəti, fədakarlığı Sədərəyin müdaifəsini təmin etmişdi, qardaş qırğınının qarşısını almışdı və Azərbaycanın bugünkü inkişafına zəmin olmuşdu. Axı hər kəs ayrılıqda bir fərddi, bir zərrədi. Amma o fərdlər, o zərrələr birləşəndə, bir araya gələndə artıq bu ordudu, bu gücdü, bu həm də Azərbaycandı.


Bax, bu mənada mən Qarabağda, işğal olunmuş torpaqlarımız uğrunda gedən savaş yollarında tanıdığım Şulan Məşdi oğlu ilə Naxçıvanda yenidən görüşəndə qədim bir atalar sözünü ağlımdan keçirdim. Yəni, "dağ dağa rast gəlməsə də, insan insana rast gəlir". Həm də inandım ki, mən səngərdə tanıdığım hər kəsə öz mənəvi borcumu ödəmək missiyasını hələ bitirməmişəm, hələ yazmalı qəhrəmanlarımız, tanıdılası oğullarımız çoxdu. Bax, onlardan biri də Şulan Məşdi oğlu Abışov idi ki, onun barəsində mən sizə danışdım. Amma hələ danışılası, yazılası o qədər sözlər, mövzular qaldı ki... İnşallah, o da nəsib olar...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK