SON DƏQİQƏ:

Ağac kötüklərində dərs keçən müəllim… – DƏRS OTAĞI

  88797   |  
Şriftin ölçüsü  

"Dərs otağı” adlı layihə sayəsində müəllimlərimizin həyat hekayətləri, müəllimlik fəaliyyətləri, şagirdlərlə münasibətlər, yaşadıqları çətinliklər haqqında öyrənə biləcəksiniz. Bizi yetişdirən və cəmiyyətə qazandıran müəllimlərin həyatına işıq tutan layihədə "uşaqların şəhəri"nə də bərabər səyahət edəcəyik. Layihənin bu dəfəki qonağı Saatlı rayon Hacıqasımlı kənd tam orta məktəbində ibtidai sinif müəllimi Aynur Qarayevadır.


Qısa tanışlıq

1980- ci il 13 noyabr tarixində Ağdam şəhərində doğulmuşam. 1986-cı ildə Ağdam şəhər 8 saylı ort məktəbin I sinfinə daxil olmuş, 1996-cı ildə Saatlı rayonun Qıraqlı kənd tam orta məktəbini bitirmişəm. 1998 – 2001- ci illərdə Gəncə şəhər Məişət Xidməti Kollecini İbtidai sinif müəllimi ixtisası üzrə təhsil almış. 2013 – cü ildə "Yaradıcılıq Fakültəsi” ni bitirmişəm. Hazırda TC Atatürk Universiteti Sosiologiya fakultəsində oxuyuram. Könüllü kimi 20 ildir uşaq və yeniyetmələrin təlim – tərbiyəsi ilə məşğul oluram. Hal-hazırda Saatlı rayon Hacıqasımlı kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyirəm.


Müəllim ailəsi

Ata babam müəllim, sonra məktəb direktoru olub. Anam Azərbaycan dili və ədəbiyyat müəllimidir və hazırda Saatlı rayon Qıraqlı kənd tam orta məktəbində ixtisası üzrə müəllim işləyir. Atam tar ifaçısı və Ağdam Musiqi Texnikomunda müəllim işləyib. Müharibə başlayanda ilk könüllülərdən olub və itkin düşüb. Ailədə müəllimliyə böyük hörmət olub. Bu gündə ailəmizin çoxu müəllimdi. Amma mən hüquqşünas olmaq istəmişəm. Uşaqlıqdan ancaq dedektiv əsərlər oxuyurdum və BDU – nin hüquq fakultəsi əvəzedilməz xəyalım idi. Bu gün də köhnə kitab dəftərləri vərəqləyəndə arzularımla bağlı qeydləri görürəm. Anam hüququn qadın işi olmadığını düşünürdü və ən çox eşitdiyim söz bu idi ki, "mənə Mehman olmayacaqsan.”


Ağac kötüklərinin üzərində dərs keçirdim...

Məcburi köçkün olduğumuz üçün Qıraqlı kənd məktəbində yaşayırdıq. Bizimlə bərabər məktəb otaqlarında çox ailələr yaşayırdı. Ailə başçıları işə gedirdi. Uşaqlar evdə qalırdı və qonşu uşaqları yığıb hazırlıq keçirdim, dərslərinə kömək edirdim. Sonralar bu peşəkar səviyyə aldı. UAFA, UNİSEF, BMT – nin qaçqın və məcburi köçkünlər üçün olan təhsil layihələrində könüllü müəllim olaraq çalışmağa başladım. Çadır-çadır, vaqon-vaqon gəzərək səyyar dərslər keçdim. Yay aylarında dərsləri kötüklərin üzərində keçirdim. Çox çətin günlər idi. Çadırın ortasında bir ağac tapıb ordan lövhə asardıq, uşaqlar da daş, kötük, kraska qabı tapıb otururdu. Sonralar yeni tipli qəsəbələr tikildi və mən də həm ev, həm işlə təmin olundum. İlk iş yerim Saatlı rayon Nərimankənd qəsəbəsində yerləşən Cəbrayıl rayon 2 saylı məktəb olub. 3 il işlədikdən sonra yaşayış yerimi dəyişdiyim üçün işdən ayrılmış və AQUPD – nin rayonda yerləşən mərkəzində medost, təlimçi işləmişəm. 2014 cü ildə MİQ – də iştirak edərək ucqar kənd məktəbində müəllim işləməyə başlamışam. Artıq 4 – cü ildir ki, həmin məktəbdə işləyirəm.


Doğmalıq və məktəb

Kənd məktəblərinin öz spesifik cəhətləri var ki, yaxşı cəhətlər çoxluq təşkil edir. İşlədiyim kənd məktəbinin binası köhnədir. Kənddə qaz olmadığından sinif otaqları odun peçi ilə istilənir. İnternetimiz olsa da, elektron lövhə və s. bu kimi imkanlarımız məhduddur. Lakin bütün bunlara baxmayaraq, çox səmimi bir kollektivimiz var. Doğmalıq hissi kənd məktəblərinin sütunu təşkil edir. Hamı bir – birini tanıyır. Ya yaxın, ya da uzaq qohumdu. Məhz bu əməkdaşlıq, dostluq münasibətlərini uzunmüddətli edir. Milli dəyərlərimiz, adət- ənənəlirimiz qorunur və genetik olaraq ötürülür. Kəndin təmiz havası, təmiz insanları mənə zövq verir. Yaşadığım qəsəbədən rayon mərkəzinə, mərkəzdən kəndə gedirəm. Özümü bir neçə tarixi zamanda hiss edirəm. Eyni zaman kəsiyində həm təbaşir lövhədə dərs keçir, həyətdəki dəmir lövhənin döyəclənməsi ilə dərsin bitdiyini bilirəm. Həm də ən yeni texnologiyalarla dərslər hazırlayıb, təlimlərdə iştirak edirəm.


Məktub yazan balaca əllər

Şagirdlərlə çox səmimiyəm. Səhərlər məni məktəb qapısında gözləyirlər. Növbə ilə hamısı ilə qucaqlaşıb görüşürəm. Bayramlarda hədiyyələr alıram. Uşaq mənim ən həssas tərəfimdi. Uzun müddət uşaq hüquqları ilə məşğul olmuşam və bu sahə üzrə peşəkar təlimçiyəm, şagirdlərimi heç bir halda döymürəm. Mənə görə döymək acizlikdi, döymək heç bir halda tədris və öyrətmə üsulu ola bilməz. Döyməyə vərdiş etmiş müəllim yeni öyrətmə üsullarını öyrənmək istəməyən birisidir. Döymək mütləq fiziki acı verir, eyni zamanda psixoloji travma, özünə inamsızlıq, qarşı tərəfə nifrət və qorxu formalaşdırır. Döyülmə öyrətmə üsulu deyil və ola bilməz. Olsa olsa qorxudan əzbərləmək olar ki, bu da bir günlük bilikdi.

Sinifdə ədalətli olmaq və şagirdlərə bərabər yanaşmaq ən diqqət etdiyim məsələdi. İstər-istəməz hansısa şagirdi daha çox sevir və bəyənirəm, lakin bunun hiss olunması mənim peşəkarlığımı kölgələyər. Bunun üçün sinifdə bəzi qaydalarımız var. Səsvermə yolu ilə mübahisələri, məsələləri həll edirik. Məktub vasitəsilə də deyə bilmədiklərimizi. Şagirdlərim mənə xeyli məktublar yazırlar ki, bunlardan çoxu sevgi və hörmətlərini bildirməkdən ibarət olur. Bəzən adımı yazır və zərlərlə, bəzəklərlə bəzəyirlər. Ürək şəkli çəkib içərisinə adlarımızı yazırlar. Ad günlərində və əlamətdar günlərdə isə açıqçalar yazırlar. Çox vaxt sinifdə bir – birlərinə, valideyinlərinə bərabər açıqçalar hazırlayırıq. Onlar da evdə mənə hazırlayır.


Şagird, müəllim və gözyaşı...

Çox vaxt məktəb qapısına qədər maşınla gəlirəm. Bəzən yolüstü düşüb məktəbə qədər piyada getdiyim də olur. Elə günlərdən biri idi. Soyuq yağışlı bir hava. Dərsdən sonra iclasa gedəcəyim üçün hündürdaban ayaqqabı geyinmişdim. Səhər mən dərsə gedəndə kənd camaatı da mal-qarasın naxıra yola salırdı. Qorxmasam da həmişə kənara çəkilib gözələyirəm. Bu dəfə də divar dibinə sıxıldım ki, inəklərin içindən keçməyim. Bu vaxt hirsli bir dana naxırdan ayrılıb mənə sarı gəlməyə başladı. Yer gil palçıq ayaqqabının dabanı nece yerə batıbsa, mən çəkirəm ayağım yerdən qopmur. Dana mənə çatınca birtəhər ayağımı yerdən ayırıb özümü məktəbə çatdırmışam. Qapıya çatanda nə görsəm yaxşıdı, daban qırılıb torpaqda qalıb.

Növbə formalaşdırmaq üçün şagirdlərin adları olan kiçik ox formasında vərəqlərimiz var ki, ordan hansı adı çəksəm sualıma həmin şagird cavab verməlidir. I dərs bitdi bir şagirdin adına rastlamadım, II dərs artıq şübhələndim, gözəyarı vərəqləri saydım, biri əskik idi. Yenə əlimi vərəqlərdən birinə uzatdım və şagirdin adını çəkdim. Uşaq diksindi və ola bilməz müəllim bir də oxuyun dedi. Dedim, niyə olmasın ki? Şagirdin cavabı ilə hamını gülmək tutdu.

- Müəllim mənin adım altımdadı ( Vərəqin üstündə oturmuşdu)

Xüsusi qayğılı şagirdim var ki, evdə fərdi dərs keçirəm. Uşaqlıqdan türk cizgi filmlərinə baxdığından öz dilimizi zəif bilir. Dərs keçə-keçə bildiyi sözlərin dilimizdəki variantını da öyrədirəm. Maraqlı bir xarakterdi, əsəbi olduğu üçün arada əlimi dişləyir. Əvvəllər əlimi çəkirdim ağrıdığını hiss etdiyi üçün gülürdü, bu onun xoşuna gəlirdi hardasa, zamanla çox istədikcə mənə qıymamağa başladı və hər dəfəsində deyirdi:


- Canın acıyor, oysa senin elini ısırırım, bak benim köpek dişlerim var, çokk acıyor öylemiii. Anne ögretmenimin ne tatlı canı var yaaa.

Sen bir az sert olamazmıydın?

Bir dəfə də yenə həmin şagirdimin evindəydim. Əlim yanmışdı. Çox da böyük olmayan yanıq yeri vardı. Gördüm diqqətlə baxır, əlimi stolun altında gizlədim ki, uşaqdı pis olmasın. Üzümə baxıb:

- Neden kaçırıyorsun elini? – dedi

- Ağrımır, davam edək – dedim. Əlini ürəyinin üstünə vura- vura:

- Ama benim şuram ağrıyor, ögretmenim, şuram. Nədən dağınıksın, nereye bakıyordun. Lanet olsun ateş seni yakmışmı?

Ağlamağa başladı. Mən də ona qoşulub ağladım.


Müəllimin nüfuzu yüksəlib

Bununla razı deyiləm. Son illər müəllimin nüfuzunun yüksəldikməsi sahəsində çox işlər görülür. Gənc müəllim kimi ucqar kənddə işlədiyim üçün ayda 60 manat əlavə yol pulu, yüksək dərs saatı ilə təmin olunmuşam. Həvəsləndirici tədbirlər, yeni qrant layihələri bu peşəyə marağı daha da artırıb. Cəmiyyətdə yaxşı müəllimə həmişə hörmət olub. Özünə hörmət qoymayan, savadsız kadrlar bütün sahələrdə var və yəqin ki, kadr islahatları, attestasiya nəticəsində hər kəs haqqı olanı alacaq.

Mənə bir gün də olsun elm öyrətmiş hər kəsə sonsuz minnətdaram. Müəllimlərimi sevirəm və onlardan həmişə sevgi, qayğı, özümə inam görmüşəm. Onlar mənim üçün o qədər müqəddəs ki, onlarla bir cəhbədə olduğum üçün çox şanslıyam.

Kompyuter kursum var və əsasən daha fərqli fokus qrupları ilə işləyirəm. Bütün yaş qruplarında şagirdlərim olur. İbtidai və məktəbəqədər məşğələləri ya pulsuz keçirəm, ya da layihələr çərçivəsində könüllü olaraq. " Mərhəmət” İB – nin Saatlı, Sabirabad və İmişli üzrə nümayəndəsiyəm və birliyin bütün təhsil layihələrində yüzlərlə uşağa məşğələlər keçirəm.


Xorla şeir oxuyanlar...

Tədris planında olan şeirləri əvvəl özüm oxuyuram dinləyirlər, sonra xorla oxuyuruq. Tədris olunan şairlərin başqa şeirlərin də, oxu saatlarında oxuyuruq. İmkan daxilində dinləmə saatları edirəm və şagirdlər şairlərin öz səsində şeirlər dinləyirlər. Bəzən şagirdlərim oxuduqları kiçik mətn və şeirləri mənim ifamda dinləmək istəyir.

Şagirdlərimin hər biri mənim üçün doğmadı, hərəsinin öz yeri var. Eyni zamanda mən yeni tanış olduğum şagirdimi sosial yanaşma aspektindən qiymətləndirirəm, ailəsini, ətrafını, yaşadığı məkanı, sevib-sevmədiklərini öyrənirəm. Bütün şagirdlərimin bir dəfə də olsa evində oluram. Onların yaşamı, gündəlik vərdişləri və həyatı mənə çox şey deyir. Həll edə biləcəyim problemlərində yaxından iştirak edirəm. Bu vaxta qədər bir neçə şagirdimin alimentinin verilməsi üçün məhkəmə prosesi açmışam. Bir çox şağirdimin həkim müayinəsi və müalicəsinə dəstək olmuşam.


Müəllimi ana bilən şagirdlər

Özüm tək övlad olduğum üçün evin tək uşaqlarını heç vaxt unuda bilmirəm. Ad çəkmək lazımsa, Nərgiz, Toğrul, Rahim, Cavidan evin yeganə övladları olduqları üçün daha doğmadılar mənə. Şəms elitası və mədəniyyəti ilə, Əsmər məntiqi təfəkkürü və zəhmətkeşliyi ilə güvəndiyim şagirdlərimdi. Məni sevindirən odur ki, təkcə dərs dediyim şagirdlərim yox, onların ətrafı və yaxınları, hazırlıq uşaqlarımın çoxu mənə, ana və ya mama deyir. Bununla bağlı bir xatirə yadıma düşdü.

Rəhman adlı nənə qəyyumluğunda olan bir şagirdim var. Bir az şuluq uşaqdı. Bir gün Polis Şöbəsindən mənə zəng gəldi.

- Salam

- Salam

- Oğlunuz yanımızdadı, imkan varsa şöbəyə gəlin.

Oğlum da qarşımda əyləşib yazı yazır. Dedim ki, səhv salmısız mənim oğlum evdədi. Dedilər ki, biz parkın güllərin çıxartdığı üçün bir uşaq saxlamışıq, inadla sizin oğlunuz olduğunu deyir.

Həm gülmək tutub məni, həm də kövrəlmişəm. Dedim ki, olar telefonu verəsiz uşaqla danışam. Səsi gələ, görəm Rəhman.

Deyirəm niyə polisə yalan deyirsən?

- Valla yalan demirəm , mənim mamam sənsən.

Sonra polisdən xahiş etdim ki, evə buraxsın nənəsi nigarındır.


Qadın xeylağı profil açmaz

Rayon əhalisi üçün yenilikçi biri olmaq problemdi. Kənddə ilk işlədiyim ili, kəndin cavanlarından biri mənə Facebook da yazmışdı: "sən bizim məktəbdə işləyirsən, qeyrətin qeyrətimizdi, profil şəklindəki özünsən, əvvəl dedilər inanmadım, amma sonra uşaqlarla şəklini görüb inandım. Qadın xeylağı öz adı ilə, öz şəkli ilə profil açmaz. Kənddə müasir düşüncəli insanlar çoxdu, ali təhsil ocaqlarında xeyli tələbəmiz var. Amma istər kənd, istər rayon, istər bütün respublika...

Özün olmaq, özün kimi olmaq çox da mentalitetə uyğun deyil. Hamı kimi başını aşağı sal, çörəyini qazan.

Fərlisənsə, cəsarətli addımlar atırsansa mütləq qınaq obyekti olacaqsan. Amma nə vaxtsa düz yolda olduğuna, haqlı olduğuna inanacaqlar. İnandığım yolda tək olsa belə sonuna qədər getmişəm. İnanmaq, inandırmağı bacarmaq müəllim olmağın açarıdı. Əsl müəllim arxasınca aparmağı bacarandı. Öz davranışları və cəsarəti ilə nümunə olandı. Müəllim olmaq gözəldi.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK