SON DƏQİQƏ:

ŞƏKLİ İLƏ DANIŞDIĞIM XATİRƏ

  30234   |  
Şriftin ölçüsü  

O yaxasına atasının medallarını taxıb

Qarşımda bir şəkil var... Üç gündən artıqdı ki, bu şəkil masamın üstündədi... Amma mən o şəklə bircə dəfə baxdım... Baxdım və indi baxa bilmirəm. Çünki o şəkil o qədər suallar yükləyib ki, baxışlarına, o qədər məsum bir formada cavablar gözləyir ki, baxmaq olmur. Amma o şəkildə bir məqam da var. O da körpə qüruru, körpə vüqarıdı.

Hələ 4 yaşı tamam olmayıb Xatirənin. Amma onu az qala bütün Azərbaycan tanıyır. Onu doğulduğu bölgədə də, Samuxda da, Gəncədə də hamı ürəyinin bir parçası hesab edir. Çünki Xatirə bir ömrün nişanəsidi, bir ömrün xatirəsidi, bir sevginin yadigarıdı!.. Çünki Xatirə şəhid Fərman Əsədlinin ciyərparəsidi...…

Oxucularımız xatırlayar. Xatırlamayanların yaddaşına işıq salmaq üçün o günlərə qayıdıram - ötən ilin aprelinə. Aprel döyüşlərində biz özümüzü tanıdıq... biz özümüzü təkrar düşmənə göstərdik. Aprel döyüşlərində biz təkcə əsgər, zabit, döyüşçü yox, həm də vətən övladı, düşmən çəpəri olduğumuzu ortaya qoyduq. Bax, həmin aprel döyüşlərində Gəncədən Tərtərə bir "Niva" markalı maşın üz tutub gedirdi. Heç kimə heç nə demədən, heç kimdən tapşırıq, göstəriş almadan... Gücü, imkanı çatan ərzaq məhsullarından yük tutmuşdu bu maşın, tələsirdi döyüşçülərn yanına... tələsirdi səngərdə duranların yanına maddi dəstək olsun... tələsirdi yaşıdı olan əsgərlərə desin ki, mən mülki vətəndaş olsam da, sənin yanındayam. Mən ordudan təxris olunmuş olsam belə sizinlə bir sıradayam. Bu səngər həm də mənim səngərimdi... bu müharibə həm də mənim müharibəmdi!..

Səhərin gözü açılar-açılmaz 3 yaşlı Xatirəsini öpüb evdən çıxan Fərman yaxın qohumu ilə birbaşa Tərtərə tələsəndə heç ağlına gətirmirdi ki, onun dodaqlarının izi Xatirənin saçında, yanağında, bir də gözlərində qalacaqdı... Özü ilə böyüdəcək o izi... Özünə hopdurduğu ata nəfəsini sığallayıb, tumarlayıb ən əziz yadigar kimi yaşadacaq canında, qanında, ürəyində...

Bəli, Fərman Əsədli aprel döyüşlərində Tərtərdə mülki vətəndaş kimi şəhid oldu. Şəhid olacağını təsdiq etmək üçün ona ancaq Vətən sevgisi gərək idi. Həmin sevgi də Fərmanın şah damarından axıb bütün bədənini özünə təslim etmişdi. O, bu sevgiylə yaşayırdı. Və bu sevginin də şəhidi oldu.

Mən Fərman Elçin oğlu Əsədlinin döyüş yolu haqqında hələ ötən ilin bu vaxtlarında "Ədalət"də yazmışdım. Sonra telekanallarda, müxtəlif mətbu orqanlarda onun barəsində oxudum, izlədim. Atası müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant Elçin Əsədovu Ağdamdakı xidməti dövründən tanıdığım üçün bu ailənin bütün halları, bütün yaşantıları mənə bəllidi və mən bir gerçəyin də şahidiyəm. O da Fərmanın anasının, xanımının, digər doğmalarının və nəhayət, onda 3 yaşı olan Xatirəsinin dözümüdü. Bu insanlar şəhidlik zirvəsinə yüksələn Fərman üçün göynəsələr də, sızlasalar da, ürəkləri param-parça olsa da, qürurlarına, vüqarlarına kölgə düşməsinə imkan vermədilər, ucada durdular. Uca övladlarının adına güvənib, onun xidmətinə baxıb iç dünyalarında öyündülər.

Hə, bu məğrurluq və bir də Fərmanın halal haqqı müəyyən zaman kəsiyindən sonra səpilmiş toxum kimi cücərməyə başladı. Öncə ona Samux rayon İcra Hakimiyyətinin təşəbbüsü, şəxsən icra başçısının qayğısı və diqqəti ilə şəhid statusu verildi. Bu şəhidimizin, yəni Fərman Əsədlinin etiraf olunan ilk halal haqqı idi. Sonra müdafiə nazirimiz cənab Zakir Həsənovun imzaladığı əmrlə Fərman Əsədli "Şücaətə görə" medalı ilə təltif olundu. Bunun ardınca ona Gəncənin və Samuxun Qarabağ Əlillər Cəmiyyəti özünün fəxri medallarını təqdim etdilər. Bütün bunlar və barəsində yazılanlar, çəkilib göstərilənlər Fərmanın bir şəhid kimi kimsədən ummadığı, lakin halalca haqqı olan mükafatlar idi. Gec də olsa həmin mükafatlar Fərmanın bu gün Xatirəsi böyüyən evin qapısını döydü...

Masamın üstündəki şəkil Xatirənin şəklidi. Yaxın zamanlarda 4 yaşı olacaq. Bu qızcığaz atasına verilmiş medalları yaxasından asıb. Mən onun hansı hissləri keçirdiyini duymaqda çox gücsüzəm. Etiraf edim ki, bu gücsüzlüyüm imkan vermir ki, o şəkillə söhbət edim. Amma özümdən asılı olmadan hər dəfə əlimi uzadıb masamın üstündəki o şəkili götürüb öpürəm. Və mənə elə gəlir ki, həmin an həm də qarşısında baş əydiyim Fərmanın ruhunu öpürəm. Çünki həmin o ruh həm o qızın özünə hopub, həm də onun başının üzərində dayanmaqla öz kölgəsində böyüdür Xatirəni... Qürurlu, təmkinli, cəsarətli, bir az da şıltaq Xatirəni!

Mən masamın üstündəki şəkillə bağlı bu yazını yazmağa başlayanda ağlımdan gəlib keçdi ki, Fərman Elçin oğlu Əsədlinin haqqını, hüququnu tanıyıb onun bir şəhid kimi gənc nəsilə örnək olmaq imtiyazını qəbul edən, rəsmiləşdirən, hər kəsə təşəkkürümü də çatdırım - istər Samux və Gəncə şəhərdərində, istər ölkə rəhbərliyində... Demək istəyirəm ki, bu gün Fərmanın xanımı, qızı, anası, xüsusilə müharibəni yaşamış zabit atası heç kimdən heç bir maddi yardım ummadan şəhid Fərman Əsədliyə göstərilən diqqətdən məmnundular. Onların ürəklərində, yaddaşlarında yaşayan Fərman artıq Azərbaycanın hər bir ailəsinə aiddi. Onun şücaəti bütün Azərbaycan gəncliyinə nümunədi. Deməli, bu cür oğulla fəxr etmək, onların Tanrıdan gələn haqqıdı. Eyni zamanda, şəhidin haqqını tanıyıb onu təsdiq etmək də səlahiyyət sahiblərinin vəzifəsi olmaqla yanaşı, həm də içlərindəki vətəndaş sevgisinin diktəsidi. Yaxşı ki, bəzən gec olsa da hər kəsin haqqı tanınır. Və inanıram ki, günlərin bir günündə Xatirə atasının adını daşıyan məktəbdə oxuyacaq... atasının adını daşıyan küçə ilə keçib gedəcək... atasının adına məktəb kitablarında rast gələcək... Bütün bunlar mütləq olacaq!



Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

10-12 il bundan qabaq möhkəm qar yağanda, Bakı kəndlərinin birində rəhmətə gedən olur. Hava dəhşət soyuq, çovğun olduğuna görə molla Yasini oxuya bilmirmiş.

Qəbirin yaxınlığına bir maşın gətirirlər, deyirlər, otur maşında, oxu. Molla oturub oxuyur, hərdən pəncərəni açıb “Fatihə!” qışqırırmış.

Axırda bir-iki nəfər mollaya yaxınlaşıb deyir ki, molla əmi, sən əziyyət çəkib pəncərəni açma, 2 dənə siqnal ver, özümüz biləcəyik.

ARXİV

TƏQVİM

FACEBOOK