“Bunlarda nə əxlaq, nə din, nə iman, nə də insani keyfiyyətlərdən əsər var...”
“İslam tarixindən aydın olur ki, müsəlmanlar arasında söyüş və təhqir ənənəsini Əməvilər, əsasən Müaviyyə gətirib. O qoyduğu bu ənənə ilə 70 ildən artıq İmam Əlini hətta məscid minbərlərindən təhqir etdirdi. Amma sonda özü xar oldu. Təhqir edənlər günah qazanıb cəhənnəmə vasil oldu, söyülən Əhli Beytin isə daha da fəziləti artdı”.
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
Onun sözlərinə görə, bu günkü İran Sasani rejimi də bütün siyasətində sırf Əməvilərin, əsasən Müaviyyənin üsulundan istifadə edir:
“Böhtan, şər, söyüş təhqir, terror, narkotik kimi bütün vasitələri caiz görür. Sosial şəbəkələrdə agentlərə tapşırılıb ki, bacardıqca Əhli Beytin əxlaqına zidd olaraq, Əməvi ənənələrinə uyğun şəkildə sizlə razılaşmayanları söyüb təhqir edin, şantaj edib şərləyib, təhdid edin. Əgər diqqət etsəniz sosial şəbəkələrdə profiliylə İrançı olduğunu sübut edən şəxslərin gün ərzində İslam, Əhli-Beyt düşmənçiliyi edərək saysız hesabsız söyüş, təhqir yazdığını görəcəksiniz. Məqsəd İslamı Qərbə çirkin göstərmək, nifrət etdirmək və nəticədə farsların qədim Məcusi dininə keçidi təmin etməkdir. Əhli Beyti sadəcə əldə qalxan, sipər edərək adı arxasında gizlənib Yezidlik, Müaviyyəlik etməkdir əsl məqsədləri. Əhli Beyt əxlaqı ilə müzakirə edən bircə İran agenti görməzsiniz. Əhli Beyt və davamçıları nəinki söyüş söyürdü, hətta onları söyənləri belə təhqir etmirdi. Çünki bu İmam Əli, İmam Həsən və İmam Zeydin, Həzrət Zeynəbin yolu idi. İmam Zeynəlabidinin əxlaqı və tərbiyəsi idi.Nasibi, yəni söyüş söyənlər əsla Əhli Beytin yolçusu ola bilməz. Onlar sadəcə Əhli Beyti istismar edərək onların müqəddəs obrazı arxasında gizlənmiş xain Əməvi davamçılarıdır. Tarix boyu sübut olunub ki, İmamları ən çox incidən də məhz bu zümrə olub”.
O, bildirib ki, mümkün qədər çalışırlar ki, sosial şəbəkələrdə iyrəncilik etməklə İslamı radikal, terrora meylli, təhlükəli, əxlaqa zidd din kimi təqdim etsinlər:
“Amma mütləq məğlub olacaqlar. Əməvi sistemi necə tarixin zibilliyinə getdisə Əhli Beyti istismar edib söyüş təhqir alətinə çevirənlər də eyni aqibəti yaşayacaq. İmam Sadiq əleyhissəlam buyurub ki, bizə hürən elə it olmadı ki, sonda qotur tutmasın. Sosial şəbəkələrdəki İran agentləri də söydükləri söyüşlərlə İmamların ruhunu incidib qotur tutublar. Bu qoturun qaşınmasıdır ki, söyüş və təhqiri tərgitmək istəmirlər. Eyni zamanda bu fəallıqlarına görə Rusiya vasitəsi ilə İrandan maddi dəstək alırlar. Amma nə pis azuqədir İslamı, Əhli Beyti alət edərək qazanılan azuqə. Dini təhqir edərək, İslam əxlaqına zidd olaraq söyüş və təhqirlə ad qazanmaq ən çirkin yoldur. Təbii ki, bunlar axirətə də inanmırlar. Çünki inansalar ilahi imtahandan çəkinib bu küfrə, fisqə yol verməzlər. Əhli Beytin müqəddəs və pak ünvanını dövrün Əməvi töküntülərindən qorumaq hər müsəlman üçün vacibdir. Sosial şəbəkələrdə söyüş, təhqir, fitnə yayan İran agentlərinin şərrindən, əsirliyindən, istismarından Əhli Beytin müqəddəs obrazını, irsini xilas etmək lazımdır. Bunlarda nə əxlaq, nə din, nə iman, nə də insani keyfiyyətlərdən əsər var. Vaxtında barələrində hüquqi məsuliyyət tədbiri görülməlidir. İctimai mənəviyyatı, mənəvi dəyərləri, insanları açıq şəkildə təhqir edən bu profillərin sahibləri təcili müəyyən edilməli və tədbir görülməlidir”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

