adalet.az header logo
  • Bakı -°C
29 Yanvar 2026 16:06
64
İQTİSADİYYAT
A- A+

"İndiki mərhələdə belə bir dönüş nöqtəsinə ehtiyac var" - İqtisadçı

"Üç gün əvvəl "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib. Sənəd həcmcə böyükdür, məzmunca isə olduqca stratejidir".

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. İqtisadçı düşünür ki, kənar maneələr və təzyiqlər olmazsa, bu informasiya sistemi dövlət maliyyə idarəçiliyinin arxitekturasını dəyişə bilər.

"Sistemin əsas məqamlarına gəldikdə, dövlət büdcəsi, dövlət borcu, xəzinədarlıq, investisiya layihələri, inzibati cərimələr, rüsumlar, dövlət müəssisələri, mühasibat uçotu və bu sistemlə əlaqəli nə varsa, hamısı vahid rəqəmsal platformada toplanır. Sistemdə məlumatlar real vaxt rejimində izlənilir, təhlil edilir və proqnozlaşdırılır. Büdcə xərcləri üzrə nəzarət mexanizmi güclənir, “sonradan yoxlama” əvəzinə “icra zamanı monitorinq” yanaşması tətbiq olunur. Eyni zamanda güzəştlərin, azadolmaların, subsidiyaların büdcəyə real təsiri ölçülə bilən olur. Dövlət müəssisələri üzrə maliyyə intizamı və şəffaflıq sistemli şəkildə artırılır. Həmçinin, elektron müqavilə, elektron mühasibat, elektron rüsum və mədaxil mexanizmləri kölgəni daraldır, hesabatlılığı genişləndirir.

Məsələnin ən vacib tərəfi isə budur ki, bu Əsasnamə maliyyə dayanıqlığı, şəffaflıq, hesabatlılıq və dövlət vəsaitinə nəzarət baxımından uzun müddətdir danışılan, amma bəzi hissələri parçalı şəkildə tətbiq edilən yanaşmaları vahid sistemə birləşdirir. Kənar müdaxilələrsiz və texniki-institusional baxımdan düzgün icra edilərsə, bu sistem dövlət maliyyəsinin idarə olunmasında qaydaları dəyişə bilər. Hansı ki, indiki mərhələdə ölkə üçün məhz belə bir dönüş nöqtəsinə ehtiyac var".