adalet.az header logo
  • Bakı -°C

Vaqif Yusifli Səyyarə Məmmədlidən yazdı

VAQİF YUSİFLİ
312 | 2026-01-27 14:05
A- A+

Səyyarə Məmmədli bir şair kimi son dərəcə həssasdır, bu həssaslıq bəzən kiçik bir qığılcımdan törəyib oda,  alova dönür. ...Səyyarə dərd şairidir, amma dərd eşq dərdi deyil – Vətən dərdidir.

Bu cümlələr mənim istedadlı şair kimi tanıdığım Səyyarə Məmmədlinin 2007-ci ildən nəşr edilən “Zamanın əl ağacı” şeirlər kitabına yazdığım ön sözdən (“Şeirimizin Səyyarəsi”)  götürülüb. On səkkiz ildən sonra Səyyarənin yeni şeirlər kitabı çapdan çıxıb və mən həvəslə onun bu kitabına da ön söz yazdım. Deyim ki bu 18 ildə Səyyarə Məmmədli bir şair kimi poetik inkişafda  olub, şeirlərinində sənətkarlıq səviyyəsini artırıb.

Hər bir şairin yazıçılığında onu daha çox məşğul edən mövzu olur - Səyyarə Məmmədli Vətən şairi – Yurd şairidir. O, bütün varlığı ilə Azərbaycana, doğulduğu torpağa bağlıdır, burada baş verən ictimai-siyasi hadisələr müstəqillik və azadlıq savaşı, Qarabağ müharibəsi – bu müharibədə şəhid olan igidlərimiz, qəlbində, ruhunda dolaşan azərbaycançılıq, türkçülük havası onun əksər şeirlərinin baş mövzusudur. Bu mövzu  Səyyarənin 2020-ci ildə nəşr olunan “Hələ də uzaq bir səyyarəyəm mən” şeirlər kitabında da  nəzərə çarpırdı.  Həmim kitab “Dünyam türk dünyasıdır”  şeiri ilə açılırdı:

Dünyanın özü qədə

Qədimdir türkün soyu,

Əzəməti titrədib

Hər zaman yeri, göyü.

Fəxarətdir, özümü

“Mən Türkəm” – deyə öyüm.

Ay məni danan, bir yol

Tariximə bax mənim

Dünyam türk dünyasıdır,

Başqa dünyam yox mənim!

Yeni şeirlər kitabında da “Dünyam Türk dünyasıdır” ideyası və bu ideya ilə sıx bağlı olan, onu düşündürən nə varsa, bütün bunlar şeirlərində öz poetik ifadəsini tapır.

Səyyarə Məmmədli son 30-40 il ərzində Azərbaycanda baş verən hadisələri şeirlərində əks etdirir və burada “şair olmaya bilərsən, amma vətəndaş olmağa borclusan”  deyimi yada düşür. Amma belə bir həqiqəti unutmayaq ki, Azərbaycan şairləri – o sıradan Səyyarə Məmmədli də - şairliyi vətəndaşlıqla, vətənpərvərliklə vəhdətdə düşünürlər. Səyyarə Məmmədli həqiqətən (şeirlərindən də çox aydın görünür) baş verən bütün hadisələrin içində görünür. O, “44 günün şeirləri” silsiləsini yazır – bu silsilədə noyabrın 8-dəki qələbəmizi alqışlayır; Kəlbəcərin işğaldan azad olunması onu hədsiz sevindirir və arzu edir ki:

Qandalsız əlini tez başına çək,

Uzat sağ əlini, uzat, Kəlbəcər!

Səndən keçib, səndən sonraya gedək,

Olsun Göyçəmiz də azad, Kəlbəcər!

Deyim “göy” mahalı, göy “mən”i gördüm,

Baxıb Kəlbəcərdən Göyçəni gördüm!

Xatırladım ki, Səyyarə Oruc qızı Məmmədli Göyçə mahalında – Kəsəmən kəndində, ziyalı ailəsində dünyaya gəlib. Onun şeirlərində Göyçə həsrəti Vətən həsrəti kimi mənalanır:

Güclü ordum, azad yurdum vat mənim

Hər əsgəri igid, mərdim var mənim,

Hələ Göyçə kimi dərdim var mənim,

Məni o dərddən də qurtar, İlahi!

Bizə Göyçəmizi qaytar, İlahi!

Şeirlərində “Allah”, “İlahi”, “Tanrı” kəlmələrinə - bu ulu sözlərə tez-tez müraciət olunur. Təbii ki, dini mənada yox, Allah burada şairin bütün dərdlərinə, müşküllərinə şərik olan ulu Varlıqdır!

30 il kim oldum, 44 gündə kim,

Göstərdim düşmənə, o kimdi, mən kim,

Yenidən gəlmişəm dünyaya sanki,

Gördüm hər kəs “Vətən daşı”dı, Allah!

Qələbəni mən də yaşadım, Allah!

Səyyarənin Qələbə və Vətən eşqi şeirləri ilə yanaşı, şəhidlərə həsr etdiyi şeirləri də diqqətə layiqdir. “İtkin rəqəmi belədir – 2783 şəhid” –  bu şeir kədər hissi ilə sevincin vəhtətindən yaranıb. Şəhidlik həm də qəhrəmanlıqdır, şeirdə məhz bu fikir təbliğ olunur:

Dünyanı mat qoydu rəşadətiniz,

Qəlblərdə yurd saldı məhəbbətiniz,

Ən uca məqamdır şəhadətiniz,

Oldunuz ucalan başda tac, şəhidlər.

Səyyarə Məmmədli “Məzarsız şəhid” şeir mənim fikrimcə, təkcə onun yaradıcılığında deyil,  bütünlükdə müasir şeirimizdə uğurlu bir nümunədir.

Bu şeir Birinci Qarabağ müharibəsi şəhidi İsmayıl İsmayılovun bacısı Lalə İsmayılın qardaşının ad gününə yazdığı şeirin təsirilə qələmə alınıb:

Bu yerin üstündə, göyün altında,

Harda uyuyursan, məzarsız şəhid?

Məlum olmasa da məkanın, yerin,

Hər yerdə varsan sən, məzarsız şəhid!

 

Məzarın yerlə göy arasındadır,

Almaq olmaz səni hasara, şəhid,

Elə böyükdür ki, sevgin vətənə,

Sığmadın bir kiçik məzara, şəhid!

“Xan, qayıt gəl kəndinə” şeiri də bu mövzuda yazılan ən gözəl şeir kimi yadda qalır. Xan – burada tarixi və müasirliyi birləşdirən obrazdır. O, artıq “qayıtdı xan kəndinə, öz doğma Xankəndinə”.

Təbii ki, Qələbə, Vətən eşqi, şəhidlik şeirləri ilə Şuşaya şeirlər həsr etməmək günah olardı və Səyyarə Məmmədli Azərbaycanın gözəllik tacı olan Şuşanı da hərarətlə vəsf edir:

Bu torpağın ömrü bitməzdir sanki,

Ona verilən can şəhid qanıdır.

Burda yaşıllığa təravət verən,

Torpağa çilənən şəhid qanıdır.

 

Bircə kərə səni görən kəs istər,

Qala burda səninbalan tək, Şuşa!

Gözümə köçürdüm səni beləcə,

Yenə də alınmaz qalam tək, Şuşa!

Səyyarə Məmmədli “Ürək dililə danışan” şairlərdən biridir. Ona ürəyinə hökm edirsə, onu yazır. “Mənə göyçəni verin” şeirində yurd həsrətini  dilə gətirir (“Mənə Göyçəni verin, Vətən mənə dar gəlir”), milli bəzəyimiz olan kəlağayını mədh edir (“Elə incədir ki, üzükdən keçir, Açılanda yamağ,yol kəlağayı”), qəbristanlıqda düşüncələrə dalır (“Üstdə daşıar “bir”dir”, amma bilinmir, Tortaq altda kimin yeri haradır”), ürəyindən şikayətlənir və həm də onu sevir (“Nə qədər dərd, fikir olsun, ürək onu tək daşıyır”), zamanın varlığını təsdiq edir(“Hər şey dəyişəndir həyatda, yalnız dəyişməz zamanın hamar, düz yolu”), həyatdakı təzadlardan da söz açır və s.

Amma onun bir şeiri də var  ki, bu şeir Səyyarənin poetik obraz yaratmaq bacarığını sübut edir. Bu, “Ümid” şeiridir:

Bir kərə doğrulmamısan,

De mənimçün nəsən, ümid!?

Nə mən səndən əl çəkirəm,

Əl çəkirsən nə sən, ümid!

 

“Yox”dan işarıb yanma sən,

Olub, özünü danma sən,

Mən yaşa doldum, amma sən,

Necə var eləsən, ümid!

Səyyarə Məmmədli qısa – yığcam  şeirlər də yazır. Əsasən 4 misradan ibarət olan bu bayatı, rübai şeirlərinə xas olan fikrlərin bədii ifadəsi əsas yer tutur.

Əl çəkmir yaxandan tapanda səni,

Düzülə-düzülə dözülmür ki, dərd!

Sanki xoşhal olur, üzdükcə səni,

“Çəkdikcə” uzanır, üzülmür ki, dərd!

 

Gedirik, gedənin ardınca biz də,

Yenə vaxtın çoxu “anmağa” gedir

Görən nə qalacaq bizdən həyatda,

Ömrümüzün çoxu “yanmağa” gedir.

Mən Səyyarə Məmmədlinin yeni şeirlər kitabını oxudm,  onun bir şair kimi artıq tam yetkinlik mərhələsinə qədəm qoyduğunu söyləyirəm. Ona yeni poetik uğurlar arzulayıram!

 

TƏQVİM / ARXİV