SON DƏQİQƏ:

İŞIQ KİMİ ADAM

  44645   |  
Şriftin ölçüsü  

O, şərəfli ömür yaşadı.

Səhər-səhər bu xəbəri eşitdim. Daha doğrusu, qəzetdəki nekroloq diqqətimi çəkdi. Gözlərimə inana bilmədim. Və bir anlıq içimdən kədərli bir «ah» qopdu. Bu elə bir «ah»dı ki, onu mən söz ilə ifadə edə bilmərəm. Ona görə yox ki, söz tapmayacam. Xeyr! Kifayət qədər söz var. Elə bu məqamda deyim ki, sözün ən yaxşılarından birini millət vəkili, yazıçı Aqil Abbas ona həsr etdiyi povestində qələmə alıb, oxucuya çatdırıb. Özü də hardasa 40 il bundan öncə. Və mən də o povesti 80-ci illərdə oxumuşam. O vaxtdan yadımda qalıb. Hə, bir də Beyləqanda tez-tez onunla görüşürdüm. Həmin görüşlərin birində söz-sözü çəkdi və o ağ saçlı, dünya görmüş, yaşına görə öz gümrahlığını, şuxluğunu qoruyub saxlamış insan mənə bircə kəlmə dedi:

- Aqil yaxşı oğlandı, yaxşı da qələmi var. Mənimlə görüşmədən haqqımda o cür sanballı bir əsər yazmışdı. Sonra da çox axtardım həmin o kitabla bağlı bir dəfə də olsun mənimlə görüşmədi…

Yazımın bu nöqtəsinə qədər bilgisayara nə diqtə etdimsə hamısı mənim qəzetdə gözümə sataşan nekroloqun ilk təsiri idi. Sonra yavaş-yavaş başladım hər şeyi gözümün qabağında canlandırmağa – bildiklərimi də, gördüklərimi də, eşitdiklərimi də. Öncə başlayıram bildiklərimdən. Mən Məhi Quliyevi Sovet dönəmində ilk dəfə Bərdə rayonunda görmüşəm, ziyarət etmişəm. Onda Sosialist Əməyi Qəhrəmanı, rəhmətlik Rüstəm Səfərəliyev Bərdənin rayon Partiya Komitəsinin birinci katibi idi. Respublikanın ən sayılan, ən dizibərk katiblərindən birinin çiyindaşı olmaq, onunla bir rayonda işləmək hər kişiyə nəsib olan iş deyildi. Məhi müəllimə bu, özünün dediyi kimi, xoşbəxtlik nəsib olmuşdu. O da həmin dövrdə Bərdə rayon milis, bugünkü polis idarəsinə rəhbərlik edirdi. Təsəvvür edin ki, rayonun, daha doğrusu, respublikanın sayılan bir rəhbəri ilə işləyən polis rəisinin özü də nə qədər nüfuzlu, nə qədər sayılan, seçilən insan idi.

Bax, mən Bərdədə ilk dəfə gördüyüm Məhi müəllimin tərcümeyi-halını orda da öyrəndim. Bildim ki, əslən qarabağlıdır. Amma əmək fəaliyyətinə yaşının çox gənc çağlarında başlayıb. Bunu mənə özü söyləmişdi və demişdi ki, cəmi 23 yaşım olanda mən o vaxtkı KQB-də fəaliyyətə cəlb olunmuşdum. Özü də təsəvvür edin ki, söhbət 50-ci illərdən gedir. Məhi Quliyev özünü necə təsdiq etmişdisə, onu ölkənin başqa bir güc qurumunda fəaliyyətə yönəltmişdilər, etimad göstərmişdilər. Zamanında respublikanın ən böyük rayonlarında, hətta bir neçə rayonun birləşib vahid bir formada mövcud olduğu vaxtlarda Zaqatalanın, Yevlaxın, Bərdənin rəisi vəzifələrində çalışmış Məhi Quliyev özünün şəxsi nüfuzuyla, peşəkarlığıyla o dövrün milisini adamlara sevdirə bilmişdi. Mən şəxsən özüm dəfələrlə Yevlaxda, Zaqatalada, Balakəndə, Bərdədə, məclislərdə, lap elə yolüstü əyləşdiyim yeməkxanada, çayxanada söhbət əsnasında Məhi müəllimin adını çəkmişəm. Tanımadığım adamlar dərhal mənə yaxınlaşıb görüşüblər, məndən Məhi müəllimi soruşublar, ona salam göndəriblər. Və bu tanımadığım adamların Məhi müəllimə olan sevgisi məndə fəxr hissi ilə yanaşı, həm də maraq yaradıb. Həmin o tanımadığım adamlardan mən də elə özümü saxlamadan, necə deyərlər, ürəyim atlana-atlana soruşmuşam:

- Hardan tanıyırsınız Məhi müəllimi?

Təbəssümlə cavab veriblər:

- O ayrı bir kişidi! O bizim rayonda rəis işlədi – özü də kişi kimi işlədi! Kasıbın, əlsiz-ayaqsızın haqqını, hüququnu qorudu. Elin, obanın xeyirindən, şərindən qalmadı. Qapısını döyənin üzünə qapını özü açdı.


Bəli, mən beləcə qiyabi tanımışdım Məhi müəllimi. Sonra həyat elə gətirdi ki, Beyləqanda onunla əməlli-başlı dostlaşdıq. Bu dostluğumuzun səbəbkarı mərhum Elman Ağayev idi. Məhi müəllimin də dediyi kimi Ağa kişinin oğlu onda Beyləqanda prokuror müavini vəzifəsində işləyirdi. Demək olar ki, hər gün işin sonunda bir yerə yığışırdıq. Nərd oynamaq, çay içmək və bu əsnada da xatirələri çözələmək... Mən həmişə özümdən yaşlılardan söz, fikir, xatirə «oğurlamağa» çalışmışam. Bax, ailəmin ən əziz adamlarından olan Elman Ağayev də mənə bu məsələdə həmişə yardımçı olmuşdu. Elə ki, Məhi müəllimlə zəngləşdilər, dərhal məni axtarardı. İlk sözü də bu olardı:

- Məhi sənə bir «Göygöl» gətirib. Gəl görək onun böyür-başını necə səliqəyə salırıq.

Yeri gləmişkən, elə burdaca əlavə edim ki, Məhi müəllimin Beyləqandakı evində özünə aid bir guşə var idi. İçkiyə o qədər də meylli olmayan Məhi müəllim ona hədiyyə olunmuş müxtəlif çeşidli şərabları həmin o guşədə saxlayardı. Bir neçə dəfə mənə ad günü hədiyyəsi olaraq 70-ci illərin «Göygöl» konyaklarını da bağışlamışdı. Tam səmimi deyirəm ki, həmin konyakdan biri bu gün də mənim evimdə qalır. Ona söz vermişdim ki, biz o konyakı Füzuliyə qayıdanda içərik. Amma nəsib olmadı…

Bunu elə-belə xatırladım, sözgəlişi. Sözgəlişi onu da demək istəyirəm ki, mən «Ədalət» qəzetində Məhi müəllimlə bağlı bir neçə yazı da yazmışam. O yazılardan birini onun özündən icazə almadan Elman müəllimlə razılaşıb yazmışdım. Məhi müəllimin 70 yaşına yazmışdım o yazını. Və bu yazının çapından sonra eşitdim ki, məni axtarıb. Getdik görüşdük. Beyləqanda şəhərin içərisindən axan su kanalının üstündə onun həmişə oturub çay içdiyi bir yer var. Həmin çayxanada Elman müəllim, Məhi müəllim və mən üzbəüz oturduq:

- Yaxşı yazmısan, xoşum gəldi. Ən çox xoşuma gələn rəhmətlik Rüstəm Səfərəliyevi vurğulamağın oldu. Amma istəsən, vaxtın olsa bir dəfə də söhbət eləyərik. Onda mən danışaram, sən yazarsan – dedim.

Beləcə münasibət bildirdi Məhi müəllim mənim yazıma. Və mən onda anladım ki, oturuşmuş adamlar, dünya görmüş kişilər sözə necə qiymət verirlər. Necə ən incə nöqtəni tutub ən həssas məqamı qabardırlar.

Hə, mən Məhi Quliyevlə Beyləqanda yaranan o dostluğun fonunda onun bütün ailəsini tanıdım. Oğlanlarından, qızlarından, nəvələrindən xəbərdar oldum. Ömür-gün yoldaşının süzdüyü çayı içdim. Sonra Məhi müəllimin həyatındakı ən böyük sarsıntılarından biri olan xanımının vəfatının acısını da birlikdə bölüşdük. Daha sonra Elman Ağayevi itirdik. Və sonra həyat elə gətirdi ki, Məhi müəllim Beyləqandan Bakıya övladlarının yanına köçüb gəldi. Görüşlərimiz bir az seyrəldi. Daha çox telefonla əlaqə saxladıq. Bir də el-obamızın məclislərində görüşdük.

Sonuncu dəfə onunla dostum Ənvərin övladının toyunda qucaqlaşıb bir-birimizə sarıldıq. Gözləmədiyim halda, daha doğrusu, həyatımda ilk dəfə gördüm ki, Məhi müəllim kövrəlib. Hörmət əlaməti olaraq məclis sahibi ağsaqqalımıza söz verdi. Elə kövrələ-kövrələ də danışdı. Sonra birlikdə foyeyə çıxdıq. Əlimdən tutub yanında oturtdu:

- Gəl bir-iki dəqiqə söhbət edək. Çoxdandı səndən xəbərim yoxdu.

Oturdum yanında. Təəssüf hiss etdirəcək bir səslə dedi:

- Hə, Əbülfət, ömür gedir. Yanımızdakılar yaman seyrəlirlər. Amma qalanların hamısı da etibarlı deyil. Heç onları da qınamıram. İndi o qədər qayğı var ki, adamlar bir-birini arayıb-axtarmağa vaxt tapmırlar…

Mən mövzunu dəyişmək üçün səhhətini, nəvələrini soruşdum. Ən çox onu narahat edən Qarabağ həsrətimizdən danışdıq. Həmişəki kimi yenə boynuma bir haqq qoydu:

- Sən qəzet adamısan. Müdirin də deputatdı. Az-çox xəbərin olar Qarabağdakı durumdan. Oralarda təzə nə var, nə yox? – deyə soruşdu.

Mən də bildiyimdən danışdım və ərkyana bir şəkildə «özünüzdən muğayat olun» - dedim – «siz hələ bizə çox lazımsınız» - söylədim. Sonra ayağa qalxdıq və bildirdi ki, mən daha toylarda çox otura bilmirəm. Sən uşaqlarla əyləş, mən də yavaş-yavaş gedim. Maşına qədər ötürmək istədim, ona da imkan vermədi. Hətta zarafatla dedi ki, «get, yeməyini soyutma».

Bəli, mən Məhi Quliyevin Azərbaycana, dövlətimizə, qanunlarımıza nə qədər bağlı olduğunu çox gözəl bilirdim. Onun mənə söylədiyi xatirələrindən biri Ulu Öndərin Bərdəyə səfərləri zamanı olan görüşləri, bu səfərlərin təhlükəsizliyinin ona həvalə olunması idi. Məhi müəllim mənim marağımı həmişə nəzərə alıb keçmişdən, ötən günlərdən, silahdaşlarından, şahidi olduğu hadisələrdən danışmağı xoşlayırdı. Və hər dəfə də xüsusi vurğulayırdı ki, onları sənin üçün danışıram. Görürəm ki, keçənlərlə, keçmişlərlə çox maraqlanırsan. Və bir dəfə də söhbət əsnasında vurğuladı ki, Bərdədə işlədiyim dövr idi. Telefon zəng çaldı. Rüstəm müəllim idi. Dedi ki, təcili Bakıya getməlisən. Və telefonun dəstəyini asdı. Durub Raykoma gəldim. Rüstəm Səfərəliyevlə görüşdüm. Bakı məsələsini soruşdum. Dedi ki, Nazirlikdə sənin yerinin dəyişdirilməsi müzakirə olunub. Mənə dedilər mən də Heydər Əliyevlə danışdım. Narahatçılıq yoxdu. Amma bir Nazirliyə baş çək. Təbii ki, gəldim, aidiyyəti yoldaşlarla görüşdüm və hamısı bircə kəlmə dedi:

- Səfərəliyev səni yaman çox istəyir. İmkan vermədi ki, yerini dəyişək.

Bəli, mən bu yazını necə yazdım və bu yazıda Məhi müəllimə olan özümün və onu tanıyanların təəssüf dolu sevgimizi ifadə edə bildim ya yox deyə bilmərəm. Çünki bu xəbər mənə doğrudan-doğruya bir şok yaşatdı. Ən azından ona görə ki, bir güvəncim də, bir xatirə ünvanım da bitdi. Ona görə itirilən dəyərli insanın acısını isti-isti yaşaya bilmədim. Amma bircə onu bilirəm və uca səslə ifadə edirəm ki, Məhi Quliyev Azərbaycanın daxili işlər oqranının ən ləyaqətli, ən halal, ən nümunəvi əməkdaşlarından biri idi. Mənim gözümdə o, Azərbaycan milisinin həm ensiklopediyası idi, həm də şərəfi, vicdanı. Düşünürəm ki, bu cür insanlar özlərini həsr etdikləri peşəni həmişə ucada tutublar, ucada saxlayıblar və özləri də o ucalığa doğru yol gediblər. Elə Məhi müəllim kimi.

Ruhun şad olsun, dəyərli insan! Məkanın cənnət olsun, cənab polkovnik!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK