adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Dekabr 2012 12:38
3564
ƏDƏBİYYAT
A- A+

Mirzə Abcabbarın sərgüzəştləri

İlham Abbasov,

hüquqşünas,

Azərbaycan

Jurnalistlər

Birliyinin üzvü

Onun əsl adı Mirzə Əbdülcabbar idi. Lakin şəkililər onu Mirzə Abcabbar kimi tanıyır, onu belə də çağırırdılar.

Mirzə Əbdülcabbarın konkret peşəsi də yox idi. Böyüklərimizin dediyinə görə əvvəllər mədrəsə təhsili almışdı, gözəl səsi vardı, bir sözlə, ərəb əlifbası ilə, həmçinin latın qrafikası ilə yazıb-oxumağı da bacarırdı.

Bir müddət Mirzə Əbdülcabbar aktyorluqla da məşğul olmuşdu. "Yenilməz batalyon" filmində Şəkidə Böyük karvansaranın həyətində çəkilmiş fındıq-qoz doldurulmuş çuvalları arabalara yükləyən fəhlələrin böyüyü rolunda, məhz Mirzə Əbdülcabbar çəkilmişdi.

Mirzə Əbdülcabbar xasiyyətcə çox baməzə və hazırcavab insan idi. Onun hazırcavab olması barədə aşağıdakı baməzə söhbətlər bu gün də Şəki əhli arasında dolaşmaqdadı.

***

Mirzə Əbdülcabbarın cavanlıq əyamları idi. Günlərin birində anası xəstələnir və yataqdan qalxmır. Anası Mirzə Əbdülcabbara deyir ki, bala mən xəstəyəm, həyətdəki toyuq-cücəni bir farağatda, yəni demək istəyir ki, toyuq-cücələri yemlə, suyunu ver.

Adətən, həyətdə olan toyuq-cücələrə səhər-səhər eyni vaxtda yem verildiyinə görə günün həmin vaxtında da toyuq-cücədə şərti refleks yaranır, toyuq-cücələr həmin vaxtı səs-küy salırlar. Bilirlər ki, sahibləri bunları yemləyəcəkdir.

Mirzə Əbdülcabbar anasına baş üstə deyib, həyətə çıxır və bir müddətdən sonra evə qayıdıb, anasına deyir:

- Ana, bütün toyuq-cücələri farağatladım.

Doğurdan da, artıq toyuq-cücənin səsi gəlmirmiş, anası da hesab edirmiş ki, oğlu toyuq-cücəni yemləyib, ona görə səsləri gəlmir. Mirzə Əbdülcabbarın anası səhəri hiss edir ki, toyuq-cücənin səsi gəlmir. Öz-özünə fikirləşir ki, görəsən, toyuq-cücəyə nə olmuşdu. Axı hər gün eyni vaxtda toyuq-cücə həmişə olduğu kimi səs çıxardırdılar. Mirzə Əbdülcabbarın anası eləmir tənbəllik, durub çıxır həyətə və görür ki, bütün toyuq-cücələrin başı kəsilib, sıra ilə yan-yana düzülüb.

Anası Mirzə Əbdülcabbara deyir:

- Ay bala, sən mənim başıma nə oyun açırsan? Toyuq-cücələrin başını niyə kəsmisən?

Mirzə Əbdülcabbar cavabında deyir:

- Ay ana, toyuq-cücə səs-küy salırdı, sən də xəstə adamsan, dedin ki, toyuq-cücəni farağatlayım, səni narahat etməsinlər. Mən də bunların başlarını kəsdim ki, səsləri birdəfəlik çıxmasın, səni də narahat etməsinlər, axı xəstə adamsan...

***

Mirzə Əbdülcabbar cavanlığında spirtli içkilərə meylli olub. Bir müddət o, spirtli içkiləri içməyi tərgidir. Həmin dövrdə Mirzə Əbdülcabbar mömün adam kimi kəbin kəsməklə də məşğul olur.

Günlərin birində o, bir məclisdə kəbin kəsmə mərasimi yenicə qurtarır və o, xeyir-dua verir. Necə olursa, həmin məclisə şəhərin Axundu da gəlib çıxır. Adətən dini kəbini mömün adamlar kəsə bilərdi. Şəhərin Axundu Mirzə Əbdülcabbarın kəbin kəsməsinin şahidi olub, rişxəndlə ona deyir:

- Mirzə, xeyir olsun, indi də kəbin kəsirsən?! Mən bilmirəm, sən kəsən kəbindən əmələ gələn uşaq necə olacaq?!

Axund bununla da Mirzə Əbdülcabbarın əvvəllər spirtli içki aludəçisi olmağına işarə vurur.

Mirzə Əbdülcabbar tez özünü itirmədən cavab verir:

- Axund Ağa sağ olsun, siz kəsən kəbindən mən olmuşam, mən kəsən kəbindən isə Allah bilir kim olacaq.

***

Günlərin birində Mirzə Əbdülcabbar o qədər spirtli içki içir ki, artıq ayaq üstə dayana bilmir və yolun qırağındakı xəndəyə yıxılıb yatır.

Mirzə Əbdülcabbarın bu vəziyyətini görən milis nəfəri onun yıxıldığı yerə yaxınlaşıb deyir:

- Vətəndaş, bu nə vəziyyətdir, yoldan keçən insanlar var, buradan qadın-uşaq keçir, onlar sənin bu vəziyyətini görüb nə düşünüb və nə deyərlər. Vətəndaş, ona görə də qalxın ayağa, mənimlə milis şöbəsinə (indiki polis şöbəsinə-İ.A.) getməliyik.

Mirzə Əbdülcabbar başını yerdən qaldırıb, milis nəfərinə deyir:

- Ay yoldaş milis, gedə bilsəm elə evimə gedərəm. A zalım oğlu, daha mənim milisdə nə işim var?..

***

Bir müddət Mirzə Əbdülcabbar doktor Mirqasım Ocaqovun (Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, keçmiş SSRİ və keçmiş Azərbaycan SSR Dövlət mükafatları laureatı, məşhur kino xadimi mərhum Rasim Ocaqovun atası-İ.A.) evi üçün bazarlıq edirmiş. Doktor Ocaqov hiss edir ki, son vaxtlar Mirzə Əbdülcabbar bazarlıq etmək üçün verilən pulun haqq-hesabını verərkən qeyri-səmimliyə yol verir, bazarlığın pulunu ondan iki qat alır. Məsələn, son vaxtlar Mirzə Əbdülcabbar aldığı pul hesabatını verərkən göy-göyərti, kartof-soğan, mer-meyvə və s. bu kimi qeyri-dəqiq ifadələri işlədir, hesabat verərkən, qeyri-səmimiliyə yol verir, açığını desək, bazarlığın pulunu şişirdərək qiymət fərqini özü üçün götürür. Doktor Ocaqov artıq qəti başa düşür ki, Mirzə Əbdülcabbar aldığı pulun hesabatını düz vermir, başqa sözlə, haqq-hesabda onu aldadır. Ona görə də axırda doktor Ocaqov Mirzə Əbdülcabbara qəti deyir:

-Yox Mirzə, bu cür bazarlıq mənə əl vermir. Daha sənin bazarlıq etməyin bizə lazım deyil.

Mirzə Əbdülcabbar doktor Ocaqovdan bir növ narazı qalır.

Qarşıdan isə soyuq qarlı dekabr ayı gəlir. Bir hüzr məclisində doktor Ocaqov Mirzə Əbdülcabbarla qarşılaşır. Hava soyuq olduğundan paltosuz olan Mirzə Əbdülcabbar sanki doktor Ocaqova özünü incimiş kimi göstərir. Doktor Ocaqov görür ki, hava soyuq, qar yağır, Mirzə Əbdülcabbar isə paltosuz, ona görə də Mirzə Əbdülcabbarı yanına çağırıb deyir:

- Mirzə, görürəm, paltosuzsan, get bizə, doktora (həyat yoldaşı Samiyə xanım-İ.A.) de ki, mənim evdə olan köhnə paltomu versin sənə, dərziyə ver çevirtdir, həmçinin sənin ölçünə uyğunlaşdırsın, geyin, qışı başa vur.

Onu da deyim ki, doktor Mirqasım Ocaqovun da həyat yoldaşı Samiyə xanım da həkim idi. O, həkim-genekoloq idi. Ər-arvad Şəkinin ilk həkimlərindən olmaqla, çox mehriban ər-arvad idilər. Doktor Mirqasım Ocaqov isə həkim-terapevt idi. Hər ikisinin Şəkidə böyük nüfuzları vardı: həm həkim kimi, həm də bir insan kimi. Hər ikisi də respublikanın Əməkdar həkimi adına layiq görülmüşdülər.

İkinci Cahan müharibəsi qurtaran vaxtlar idi. Bütün ölkədə olduğu kimi, mağazalarda geyim paltarları və müxtəlif çeşidli parçaların qıtlığı hiss edilirdi. Ona görə də dərzilər köhnə kostyumları və ya başqa geyim paltarlarını çevirir, başqa sözlə, kostyumun və ya başqa geyim paltarlarının iç üzünü çevirir, bununla da, bir növ, yeni kostyum alınırdı. Bu əməliyyata isə dərzilər çevirmək adını vermişdilər.

Mirzə Əbdülcabbar ona görə də dərhal doktor Ocaqovgilə gedir, salamlaşdıqdan sonra Samiyə xanıma deyir ki, məni doktor Ocaqov göndərib, deyib ki, köhnə paltosunu mənə verəsiniz, aparım dərziyə, çevirtdirib, ölçüsünü uyğunlaşdırıb qışda geyinim. Samiyə xanım da doktor Mirqasım Ocaqovun evdə olan köhnə paltosunu Mirzə Əbdülcabbara verir.

Mirzə Əbdülcabbar paltonu şəhərdə tanınmış bir dərziyə aparır və xahiş edir ki, paltonu çevirsin, özünün ölçüsünə uyğunlaşdırsın. Dərzi paltonu görən kimi deyir ki, bu doktor Ocaqovun paltosu olar. Mirzə Əbdülcabbar cavab verir:

- Düzdür, bu palto doktor Ocaqovun köhnə paltosudur, mənə verib ki, onu çevirtdirib, öz ölçümə uyğunlaşdırıb geyinim.

Usta razılaşır, Mirzə Abcabbarın ölçülərini götürür və deyir ki, on gündən sonra gəl paltonu götür.

Onu da deyim ki, dərzi də vaxtilə, Mirzə Abcabbarın doktor Ocaqovgilin bazarlığını etməsini bilirmiş.

Mirzə Əbdülcabbar dərzi ilə xudahafizləşərkən, işin qiymətini də soruşur. Dərzi bildirir ki, çevirtdirmək, ölçüyə uyğunlaşdırmağın xərci yüz manat edir.

Mirzə Əbdülcabbar dərzi ilə xudahafizləşib gedir və doktor Ocaqova deyir ki, dərzi ondan bu iş üçün iki yüz manat istəyib. Doktor Ocaqov çox təəccüblənir, dərzinin iki yüz manat istəməsinə bir növ narazı qalır. Lakin köhnə paltosunun Mirzə Əbdülcabbara verəcəyini və dərziyə təmir pulunun da özü verəcəyini öhdəsinə götürməsini nəzərə alaraq, ona bir söz demir və iki yüz manatı çıxardıb Mirzə Əbdülcabbara verir.

On gündən sonra Mirzə Əbdülcabbar dərzinin yanına gəlir və yüz manatı dərziyə verir, doktor Ocaqovun verdiyi paltonu dərzidən götürərək, geyinir, qışı başa vurur.

Günlərin birində doktor Ocaqov toy mərasimlərinin birində həmin dərzi ilə görüşür, dərzinin paltonu çevrilməsi və Mirzə Əbdülcabbarın ölçüsünə uyğunlaşdırmasına görə iki yüz manata zəhmət haqqı almasını dərziyə irad tutur. Dərzi deyir:

- Doktor, ayıb deyil, siz şəhərimizin hörmətli, sayılıb-seçilən adamlarındansınız. Paltonu görən kimi tanıdım. Dedim ki, bu palto doktorun paltosudur. Mən Mirzə Əbdülcabbardan cəmi yüz manat zəhmət haqqı istəmişəm, o da mənə yüz manat verib, özü də deyib ki, dərzi pulunu da doktor özü verib.

Doktor Ocaqov bu söhbətdən başa düşür ki, Mirzə Əbdülcabbar etibardan sui-istifadə edərək, dərzinin yüz manat istəməsi əvəzinə ondan iki yüz manat istəyib, lakin yüz manatını dərziyə verib, yüz manatını isə özü xərcləyib.

Bu hadisədən az keçmiş doktor Ocaqov məclislərin birində Mirzə Əbdülcabbara rast gəlir və ona deyir:

- Yaxşı Mirzə, ayıb deyil, dərzi öz paltomu çevirtdirib, ölçünə uyğunlaşdırması üçün səndən yüz manat istəyir, sən isə məndən iki yüz manat alıb, yüz manatını dərziyə verirsən, yüz manatını isə özün üçün xərcləyirsən. Mənə də yalan danışırsan.

Mirzə Əbdülcabbar özünü itirmədən deyir:

- Ay doktor, yəni deyirsən, bu tranzit alverdən mənim yüz manat da qazancım olmasın?..

***

Şəkidə şəhərin bir neçə yerində qəbiristanlıq vardır. Ona görə də adam öləndə onu məhəllənin yaxınlığındakı qəbiristanlıqda dəfn edirlər. Qəbiristanlıqların bəziləri şəhərin dağlıq hissəsində yerləşir. Həmin qəbiristanlıqların bəziləri daş divarla əhatə olunsa da, dağlıq yerlərdə mövcud qəbiristanlıqların yola yaxın tərəfində, bir qayda olaraq, dəmir məhəccər olur ki, yaxınlıqda otlamaq üçün buraxılan mal-qara qəbiristanlığa daxil olmasın. Lakin dəfn mərasimində adamların girişini asanlaşdırmaq üçün dəmir məhəccərin bir neçə yerində elə məhəccərin öz materialından da qapı qoyulur.

Günlərin birində Bacıoğlu Yusif rəhmətə gedir. Onu şəhərin kənarında dağlıq hissədə yerləşən qəbiristanlıqda dəfn etməli olurlar. "Bacıoğlu" onun ləqəbi idi. Bacıoğlu Yusif də sağlığında zarafatcıl adam olub.

Həmin vaxt payız ayları olmaqla, havalar artıq soyuq keçirdi.

Dəfn mərasimində Mirzə Əbdülcabbar da iştirak edir və mərhuma yaxın adam kimi qəbrin yaxınında olur.

Bu zaman, əvvəl dediyim kimi, adamların qəbiristanlığa girişini asanlaşdırmaq məqsədilə məhəccərdən düzəldilmiş qapıların ikisi də açıq olur.

Molla Quran ayəsini oxuyub qurtarır. Mərasimdə iştirak edən mərhumun yaxınları meyiti qəbrə qoymaq üçün mollanın göstərişini gözləyirlər. Bu zaman, təbii ki, qəbiristanlıqda sakitlik olur. Ona görə də Mirzə Əbdülcabbarın yaxınlığındakı cavan bir adama dediyi sözləri oraya toplaşmış adamların çoxu eşidir.

Mirzə Əbdülcabbar yaxınlığında olan cavan bir oğlana deyir:

- Ay bala, get, yuxarıdakı məhəccər qapını ört.

Həmin cavan oğlan da bunun səbəbini soruşmadan gedib qapını örtür. Bu zaman daha bir baməzə adam Mirzə Əbdülcabbardan soruşur ki, o məhəccər qapını örtməsini niyə cavan oğlana dedi.

Mirzə Əbdülcabbar başqalarının da eşidəcəyi tərzdə deyir:

- Ə görmürsən, Bacıoğlu Yusifə "skvazniyak"dadır (skvazniyak-otaqda bir-birinin qarşısında olan açıq yerlərdən gəlib keçən kəskin hava, yel-İ.A.). Sonra bunun xətası çıxar...

Xan Şuşinski Fondu ilk layihəsinə başladı

Xan Şuşinski Fondu ilk layihəsinə başlayıb. Fondun prezidenti, ustadın qızı Bəyimxanım Verdiyeva Lent.az-a açıqlamasında bildirib ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən "Azərbaycan musiqisinin dünəni, bu günü və sabahı" adlı diskussiya keçirilib. İctimai Televiziyada aparılan diskussiyada ölkənin tanınmış sənətkarları fikir səsləndiriblər. Xalq artistləri Arif Babayev, Əlibababa Məmmədov, Mənsum İbrahimov, Samir Cəfərov və digərləri Azərbaycan musiqisinin tarixi inkişafından söhbət açıblar. Fondun prezidenti bildirib ki, qarşıda daha bir neçə layihələrin həyata keçirilməsi planlaşdırılır.

Bəyimxanım Verdiyeva deyib ki, yaxın günlərdə Xan Şuşinskinin saytı yaradılacaq: "Rabitə və informasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə Xan Şuşinski adına sayt yaradılacaq. Sayt Azərbaycan dili ilə yanaşı, bir neçə xarici dildə də fəaliyyət göstərəcək. Məqsədimiz Qarabağın əsasını qoymuş Cavanşirlər sülaləsindən olan, böyük ustadların ona verdikləri Xan adını öz şəxsiyyəti, sənəti ilə daim yaşadaraq, zəngin yaradıcılığı ilə Azərbaycan musiqisinə misilsiz xidmətlər göstərən Xan Şuşinskini gələcək nəsillərə tanıtmaqdır. Fonda yığılan vəsait Xan Şuşinskinin yaradıcılığını öyrənmək və təbliğ etmək, istedadlı muğam ifaçılarına dəstək vermək, muğamın yayılmasına və inkişafına yardım etmək, xalq musiqisinə aid festivallar və tədbirlər keçirmək və sairə layihələrə sərf ediləcək".

Qeyd edək ki, fondun təsisçiləri Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri Fikrət Verdiyev və Milli Konservatoriyanın, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin pedaqoqu Məryəmxanım Hüseynovadır. Fondun açılış mərasimi gələn ilin martında Xan Şuşinskinin anım günü ərəfəsində olacaq.