29 Iyul 2025 09:21
144
DÜNYA

10-12 gün sonra dünyada nə BAŞ VERƏCƏK?

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə bağlı verdiyi 50 günlük müddəti qısaldıb. O, Şotlandiyada Britaniyanın baş naziri Kir Starmerlə keçirdiyi mətbuat konfransında Rusiyaya 10-12 gün vaxt verib.

“Mən artıq danışıqlarla maraqlanmıram”, - deyə Tramp Putinə ünvanladığı sərt açıqlamasında bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti ilə dəfələrlə danışmasına baxmayaraq, Ukraynaya hücumlar davam edir və bu, artıq “kifayətdir”.

ABŞ lideri bu vaxta qədər Putinə qarşı “çox səxavətli” olduğunu, 50 günlük zaman tanıdığını, lakin bu müddət ərzində real addım atılmadığını vurğulayıb. Yeni bəyanatla o, 10-12 gün ərzində sülh istiqamətində irəliləyiş baş verməyəcəyi təqdirdə Rusiyanın ticarət tərəfdaşlarına qarşı sərt 100%-lik tariflər tətbiq ediləcəyini xatırladıb.

Rusiya tərəfi hələlik Trampın bu yeni və daha sərt ultimatumuna reaksiya verməyib. Kremlin sözçüsü Dmitri Peskov ötən gün Putinin Trampla görüşə hazır olmadığı mesajını verib, belə bir hazırlığın aparılmadığını qeyd edib.

Ukrayna Trampın bəyanatını yüksək qiymətləndirib, Volodimir Zelenski ona təşəkkür edib. Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas da Trampın sərt ritorikasını alqışlayıb, lakin əvvəlki 50 günlük müddətin çox uzun olduğunu bildirmişdi.

Bölgədə diplomatik gərginliyin artdığı bir vaxtda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Putin və Tramp arasında mümkün görüşü İstanbulda təşkil etməyə hazır olduğunu bəyan edib. Amma hələlik tərəflərdən konkret razılıq gəlməyib.

Adalet.azModern.az-a istinadən xəbər ki, Trampın Putinə münasibəti son aylarda tədricən sərtləşib. İkinci prezidentlik dövrünün əvvəlində Rusiya haqqında danışmaqdan çəkinən Tramp indi “Vladimir, dayan!” çağırışları ilə çıxış edir.

Apreldən bu yana Tramp Rusiyanın hücumlarından narahat olduğunu gizlətmir və artıq Ukraynaya hərbi texnika göndəriləcəyini də açıqlayıb.

10-12 gün sonra nə baş verə bilər?

Ekspertlər bir neçə ehtimal irəli sürüb:

ABŞ Rusiyaya ticarət embarqosu tətbiq edə bilər;

NATO və Avropa dövlətləri yeni sanksiyalar dalğasına qoşula bilər;

Rusiya–ABŞ münasibətləri daha da gərginləşə bilər;

Ukraynaya hərbi yardımlar genişlənə bilər;

Türkiyənin vasitəçiliyi ilə yeni sülh platforması formalaşa bilər.

Ancaq hələlik bütün sualların cavabı 10-12 gün sonra bəlli olacaq…