adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Torpaq rəngində...

7833 | 2012-09-22 04:57
Son zamanlar tanımadığım insanların arasında olmaq, hərəkət etmək məni sarsıdır. Hətta bu sarsıntı o qədər güclü və qalıcı olur ki, uzun müddət insanlardan uzaq olmağa, onlarla ünsiyyətə girməməyə çalışıram.
   
   Küçədə, metroda, avtobusda əlləri qoynunda olan minlərlə, milyonlarla düşüncəli, kədərli, hirsli insanlar bir ucdan sona doğru tələsirlər.
   
   Bir başqası bircə saniyəliyə onların yolunu kəsəndə, onları parçalamağa hazır olanların arasında sıxılmamaq, əsəbləşməmək mümkün deyil.
   
   Mindiyim avtobusun sərnişinləri də qayğılı və yalnızdılar. Hamımız bayağı musiqinin səsinə güc verib, sürət həddini keçən sürücünün ümidinə qalmış yolçularıq.
   
   Arxa oturacaqların birində əyləşmiş dalğın baxışlı bir qadının qucağındakı körpə öz diliylə qığıltılar edib, hərdənbir ətrafındakılara məsum gülücüklər bəxş edir.
   
   Deyəsən, bir tək o bu dünyanın gərdişindən, gələnindən-gedənindən xəbərsiz yaşayır...
   
   Amma nə fərqi var ki. Beş ildən, on ildən sonra o da böyüyüb bizə qoşulanlardan olacaq.
   
   Hələ ki, kirlənməmiş, saf dünyasında özü üçün yaşamağa davam edir.
   
   Avtobus dayanır. Müşahidələrim isə davam etməkdədir. Bu yol müşahidələri bir gün mənim axırıma çıxacaq.
   
   Rastlaşdığım insanların kasıb, yazıq, rəncidə olunmuş görünüşləri mənə olmazın acılar yaşadır.
   
   Bəzən məktəbə getmək əvəzinə yağışın, qarın altında dilənən 10-12 yaşlı qızcığazı, limon, qələm satan ahıl qocaları günlərlə unuda bilmirəm.
   
   Arıq, soğun simalı bir qadın avtovusa minir. Əlli-əlli beş yaşlarında olan qadın üz-gözündən ağır xəstəlikdən yenicə ayağa qalxan adama oxşayır.
   
   Boz rəngində, oğlansayağı kəsilmiş saçları çox seyrəkdi. Bəzi hissələrdən saçları tökülüb.
   
   Gözləri bulanıq, baxışları qəmgindi. Üzünün rəngi istidən quruyub çat vermiş torpaq rəngini xatırladır.
   
   O ətrafında heç kim yoxmuş kimi əyləşib baxışlarını uzaqlara yollayır.
   
   Üzbəüz əyləşdiyimizdən indi onu daha yaxşı süzə bilirəm. Özü-özümə fikirləşirəm. Deyəsən, bu qadın ölümün yaxınlığını duyanlarındı.
   
   İndi ölümünü duyan insanlar da əvvəlki illərə nisbətən çoxdu. Həmdə lap çox!
   
   Əvvəllər həkimlər bir xəstənin xəstəliyini onlarla aylarla bildirməyib ürəklərində çək-çevir edərdilər.
   
   İndi isə həkimlər onların qəbuluna düşən xəstəyə bir yığın xəstəliklər sadalayır, axırda da heç bir xeyri olmayan zəhər kimi dərmanlar yazıb yola salır. İndi gəl yazıq xəstə bu depressiv, psixoloji durumla sağal görüm, necə sağalırsan.
   
   Bir-iki il əvvəl qalxanvari vəzimdə yaranan narahatçılıqla bağlı bir həkimin yanına getmişdim. Həkim qadın idi. Bütün müayinələrdən sonra onun mənə ilk sözü bu olmuşdu. Sənin yaşamağını bu gündən etibarən mən və mənim yazdığım dərmanlar idarə edəcək.
   
   Buyurun. Sonra da qadın nəzakətindən, qadın zərifliyindən dəm vururuq.
   
   Bəs, bunların nəzakətləri, yuxa ürəklərinin zəriflikləri hara qaldı? Hara yoxa çıxdı qadınlar haqqında, üstəlik həkim qadınlar haqqında deyilən, yazılan o müqəddəs sözlər?!
   
   Həkimin heç nə olmamış kimi qəddarcasına və saymazyana dediyi bu sözlərdən sonra mən bir də heç vaxt onun yanına getmədim.
   
   Birdən qarşımdakı qadın lap diqqətlə mənə baxmağa başlayır...
   
   Cüzi də olsa, bir-birimizi anlayırıq.
   
   O hiss edir ki, ətrafdakı insanlardan təkcə mən onun yer üzündəki tənhalığını, ölümə olan yaxınlığını duymuşam. Həsəd və heyfsilənmə duyğusuyla ah çəkir.
   
   Yəqin indi öz ürəyində fikirləşir - Mavi gözlü, sarı saçlı, ağbənizli xöşbəxt xanım, axı bir vaxtlar mən də sizin kimi cavan, sağlam olmuşam.
   
   Ehh... O öz fikirləşməyində olsun. Elə mən də.
   
   Qəfildən yadıma, ac, xəstə, üzü ləkəli və vərəmli insanları palçıqlı, soyuq küçələrdən yaddaşına, ordan da romanlarına daşıyan Dostoyevski düşür. Onun "Cinayət və cəza"sındakı Katerina İvanovnada ölümünü bilən insanlardan olur. O öz ölümünü aldada-aldada yaşayır. Amma necə yaşayır? Sürünə-sürünə ac-susuz, səfil, cır-cındırın içərisində.
   
   Ölümünü qarşılamağın bütün "hazırlıqlarını" görən qadın ərinin ağır yaralanmasını və qəfil ölümüylə onu qabaqlamasını ərinə bağışlamır. Daim isterik halda olan Katerina İvanovna həyatdan aldığı bütün zərbələrin heyfini yaralı, ölümcül, bir-iki saatlıq ömrü qalan ərindən çıxmaqdan belə çəkinmir. Axırda isə dəli olub ölür.
   
   Görəsən, bu dünyada ölümünü əvvəlcədən bilib dəli olmayan insanlar onları bu hala salan həyatdan niyə belə dörd əlli yapışıblar? Üzünə min yol söydükləri, yaxasından yapışıb silkələdikləri, haqq-hesab tələb etikləri həyatda yaşamaq bu qədərmi vacibdir?!
   
   Baxışlarım yenidən qayıdır qadının üzərinə. Gözlərini ucsuz-bucaqsız torpaqlara zilləyib...
   
   Çöhrəsində rahatlıq duyuram. Gec-tez milyonlardan gübrələnmilş bu torpaqda rahatlıq tapacağını hər nəfəs almasında xatırlayır.
   
   Dayanacaqların birində o düşüb gedir. Mənsə geriyə boylanıb qadının arxasınca baxıram. Avtobus irəlilədikcə qadın gözdən itib torpağın rənginə qarışır.

TƏQVİM / ARXİV