adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Kitab məsələsi

52357 | 2012-09-15 00:13
Sovet dövrünün vicdanlı yetirməsi kimi mənim əvvəldən yalan-palanla aram olmayıb. Nə görüb-eşitmişəmsə həmişə həqiqət tərəfə əyilmişəm. Elə bu yazımda da nə yazacamsa düzünə yazacam.
   
   Evimizin yaxınlığında torlu-torpaqlı neçə on illiyi arxada qoyan bir kitabxana var.
   
   On ilə yaxındı ki, bu kitabxananın cığırının ağarmasında mənim izimin özümə məlum payı var. Çünki bu kitabxanaya il ərzində məndən çox gedən evdar oxucu çox azdı. Bəlkə də heç yoxdu.
   
   İşin xoşluğundan kitabxananın xanım müdirəsiylə münasibətimiz də yaxşıdı.
   
   Zarafat deyil, ağzında on il deyirsən.
   
   Koroğlunun vaxtı olsaydı bu qədər ili bir igidə yaraşıq edərdilər.
   
   Zamanla bu kitabxananın bütün kitabları mənim əlimin sığalından keçiblər.
   
   Nagahan günlərin birində xəbər çıxdı ki, kitabxana təmirə bağlanıb. Dimdiyim düşdü. Həm də bu elə vaxta təsadüf elədi ki, nə internetim vardı, nə noutbukum, nə də Azərbaycan dilinə tərcümə olunan pullu kitablar.
   
   Çar-naçar təmirin sonunu gözləməyə başladım.
   
   Allahdan da yay fəsliydi, evdə iş-güc də nə qədər desən.
   
   Payız gəlib özünü bifərək yetirəndə, bir də ayıldım ki, kitabxana təmirdən çıxıb, köhnədən qalma, amma təzə boyanmış rəflərin içərisinə bərli-bəzəkli latın əlifbasıyla çap olunmuş kitablar da çoxdan düzülüb.
   
   Bir gün evdəki kitabları qoltuğuma vurub kitabxanaya gələndə kitabxananın çıxışında böyük qutuların içərisində kiril əlifbasıyla olan köhnə kitablar gördüm. Xəbər alanda, dedilər ki, bunları arxivə ordan da tonqalda qalamağa aparacaqlar.
   
   Pis oldum... Çoxunun üstündə mənim abunə nömrələrim vardı. Bu kitablar mənim üçün çox qiymətli idilər. Hətta hansı kitabı yaşantımın hansı anında oxuduğum da yadımdaydı.
   
   Məyus-məyus kitab yığılmış qutulara baxdım. Sonra ağlıma bir fikir gəldi.
   
   Müdirəylə danışıb, bu kitabların içərisindən bəzilərini bukinist qiymətinə pulla ondan almaq olardı. İnsafən də qadın bir balaca pulgiriydi.
   
   Ancaq müdirə xanım qanın qaşığa qoydu ki, bəs kitablara görə məsuliyyət daşıyır. Belə qanunsuz işlərə yol verə bilməz.
   
   Bu da on illik tanışlığın axırı...
   
   Təzəlikcə kitabxanaya bir də gedəndə eşitdim ki, müdirə məzuniyyətə çıxıb. Fikirləşdim, nə qədər ki, həvəsimi gözümdə qoyan müdirə yoxdu, qutuda yığılıb qalmılş kitablardan ən əziz olanlarını götürüb heç olmasa axırıncı dəfə oxumaq üçün evə aparım.
   
   Kitabları kitabxanaçı xanıma yazdırmaq istəyəndə kitabxanaçı dedi ki, götür bu kitabları sənə bağışlayıram, onsuz da onları atacağıq.
   
   Sevincdən gözlərimə nur gəldi. Bir neçə kitab da seçib kitabxanadan çıxdım.
   
   Yol gedə-gedə yadıma düşdü ki, aptekdən dərman almalıyam.
   
   Bir qucaq tozlu, bozarmış kitablarla hər tərəfi par-par parlayan, görünüşü qucağımdakı kitablara heç cür uyuşmayan aptekə girdim.
   
   Burda məni çoxdan tanıdığım hicablı xala qarşıladı. Həmin xala aptekin aparıcı əczaçılarından biriydi.
   
   Hicab deyəndə onu da qeyd edim ki, bu xalanın hicabı indi dəbdə olan toppuzlu dörd-beş qat bürülmüş hicablardan deyildi. Elə belə sadə bir yaylıqla başını bağlamışdı, telləri də alnından görsənirdi.
   
   Hicablı xala özü namaz qılan, oruc tutan, rəhmətlik atam demişkən, ağzı dualı arvadıydı. Amma dırnaqları həmişə boyalı, manikürlü olurdu. Deyirdi ki, mən dəstamazımı bir həftəlik "tədarük" edib sonra dırnaqlarımı boyalayıram.
   
   Kitabları piştaxtanın üstünə qoyub, üstümün qurumunu təzəcə çırpmışdım ki, xala mənə baxıb kitabları xəbər aldı.
   
   Biləndə ki, bu kitabların hamısını oxumaq üçün evə aparıram. Arvad haldan-dondan çıxıb, başladı nəsihət eləməyə - ay qızım ağlını başına yığ, bu qədər kitabı oxuyub beynini-başını korlamaqdansa, get əyləncəli verilişlərə bax, mahnılara qulaq as və s.
   
   İstədim xalanın dərsini elə ordaca verim. Amma gördüm ki, yox, xala həm cahillikdə, həm də cahilliyin ona aşılamış olduğu təkəbbürdə məndən ustadı.
   
   Aptekdən çıxıb evə gəlib çatanda elə bil üstümə bir qaynar qazan su tökmüşdülər.
   
   İnsanların sağlamlığında müəyyən qədər payı olan bir insanın kitaba qarşı belə çiy, əsassız, biabırçı münasibəti məni yandırıb tökmüşdü.
   
   Bir müddət sonra həmin əczaçı xala haqqında çox qəribə bir əhvalat eşitdim.
   
   Bu xala əvvəllər evarası tibb bacısı kimi işləyib. Kiminə iynə vururmuş, kiminə sistem qoşurmuş.
   
   Bir dəfə də xalanı bədənində səpkiləri olan, xəstə qadının yanına çağırırlar. Xala da özbaşına həmin xəstəyə nə iynəsi vurursa, beş dəqiqədən sonra qadın rəhmətə gedir...
   
   Mən bu hadisəni eşidəndə qətiyyən təəccüblənmədim. Çünki kitaba bu cür nifrət edən bir şəxsin əlinə düşən adamın aqibəti də mütləq pis qutarmalıydı!
   
   Bəlkə elə buna görə bizim əhalimiz günü-gündən dilənçi vəziyyətinə düşür, kasıbçılıq, işsizlik, sayğısızlıq baş alıb gedir.
   
   İndiki zəmanədə altmış yaşı ötən insanların sayı sürətlə azalmaqda, xəstəliklər tüğyan etməkdədi.
   
   Bu insanlar axı niyə anlamaq istəmirlər ki, kitabsız heç nə etmək mümkün deyil!
   
   Amerikada il ərzində bir adam orta hesabla 34 kitab oxuyur. Yaponiyada bu say 25-30 rəqəmi arasında dəyişir.
   
   Bizdə necə? Ümumiyyətlə bizdə nə isə oxuyan varmı? Orta məktəbə bir dəftərlə gedən şagirdlər, ali məktəbləri pulla oxuyan tələbələr və nəhayətində cəmiyyətimizdə kitab düşməni olan milyonlarla insanlar...
   
   Bilənlər bilir, bilməyənlərə də əyan olsun. Təzəlikcə bir neçə ədəbiyyat müsabiqəsi keçirildi.
   
   Müsabiqələrin oxucuların ixtiyarına verilmiş səsvermə göstəricilərinə baxanda adamı dəhşət bürüyürdü. Bir həftədən də çox saytlara yerləşdirilən səsvermənin ən yüksək həddi 250 səsdən o tərəfə keçə bilməmişdi.
   
   Bir anlıq düşünürəm musiqi, meyxana yarışlarına beş dəqiqə ərzində telefon vasitəsiylə ödənişli səsvermədə səslər beş, altı mini ötüb keçir. Əbəbiyyata faydası olan ədəbi müsabiqələrin səsverməsi pulsuz olduğu halda belə acınacaqlı vəziyyətlə qarşılaşır.
   
   Bir ara şoumenlərdən biri böyük iş görmüş kimi bar-bar bağırırdı ki, ilk şounu mən yaradıb, şoumenliyini də özüm etmişəm. Guya çox artıq bir iş görüb.
   
   Həmin şoumen özü də yaxşı bilir ki, yaratdığı (əgər yaradıbsa) bu boya məzhəkəçi dəstəsinin qarşısında biz hələ ki, çox acizik.
   
   Bəli, biz oxumadıq. Oxuyan xalq olmadıq. Nanay-ninaylara, şıkıdımlara əl çaldıq, onları alqışlayıb başımızın üstünə qaldırdıq. Əvəzində onlar da bizim savadlanmaq istədiyimiz kitabları əzib, cırıqlayıb ayaqları altına salıb tapdaladılar.
   
   Bizə xor baxanları, oxumağımızı lağa qoyub, bizi dəli, başdanxarab adlandıran cahil kütləsini isə özümüz yaratdıq.

TƏQVİM / ARXİV