adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Birləzmək arzusu...

6309 | 2012-10-06 00:07
Xeyli vaxtın söhbəti olar, hələ erməni naqafil başımızın üstünü kəsdirib bizi bir gecədə on beş-iyirmi dəfə ürəkqopma azarına salmamışdı. Füzuli rayonunda bir bibim yaşayırdı. İsti günlərin birində bibim pay-puşlu bizə qonaq gəlmişdi. Əlinə keçən, kənd qatığından, pendirindən, çolpasından zənbilinə yığıb gətirmişdi.
   
   Bibimin adəti idi xörək yeyəndən sonra heç vaxt çay içməzdi. Yay-qış buz kimi su içərdi. Bu dəfə də yeməkdən sonra, su istədi. Mən qaçıb həyətdən buz kimi kəhriz suyundan bir stəkan doldurub gətirib bibimə verdim. Bibim suyu içib dedi:
   
   - Sərin sudu. Amma bizim Əliş kişinin satdığı səhəng suyuna çatmaz. O vaxtı uşaq marağıyla bibimdən soruşmuşdum: "Bibi, sizdə suyu satırlar?" Bibim də cavabında demişdi ki, Əliş adında kimsəsiz kişi var, hər gün səhəngini götürüb gedir meşələrin, dağların ən sərin yerindən su daşıyıb gətirib isti günlərdə yoldan keçənlərə sərin sudan verir ki, içib sərinləsinlər. Bir gün şəhərdən gələn bir ədəbaz qonaq suyu içdikdən sonra qocanın ovcuna qəpik pul qoyub gedir. O gün bu gün bir stəkan suya pul almaq bu kişinin adəti olur.
   
   O vaxtı bu söhbət mənə o qədər qəribə görsənmişdi ki, bibimlə olan bu dialoqu yalan olmasın, beş-altı il başımda hərlədim.
   
   Daha ağlıma da gəlməzdi ki, nə vaxtsa özüm də bir stəkan suyu pulla alıb içəcəm.
   
   Ümumiyyətlə mən bizim camaatımızdakı alqı-satqı məsələlərində olan peşəkarlıqlarına təəccüb etməkdən özümü türklər demiş, alı koya bilmirəm.
   
   Bir millət bu qədərmi ticarətə, dəyiş-düyüşə həvəsli ola bilər?
   
   Nə olar bir az da, oxumağa yazmağa meyilli olsaydınız dünya dağılmazdı ki.
   
   Cəfər Cabbarlının "Oqtay Eloğlu" pyesinin 3-cü pərdəsində Oqtayın dediyi sözləri xatırlayaq.
   
   "Sizdən mühit özü intiqam alacaqdır. Çünki siz bir heçsiniz, məqsədiniz mənsəb, diləyiniz pul, işlərinizdə özgələrindən meymunlar kimi kobudcasına alınmış bir moda! Fəqət mühit irəliləyir. Çəkməz çox zaman ki, taleyi ilə oynadığınız bu zavallı xalq özü əməlpərvər gənclər, səmimi idealçılar, böyük qəhrəmanlar, mübarizlər yetirəcək, mühit irəliləyəcək və sizi gərəksiz əski parçaları kimi işıqlıqda qaranlıqlar, aydınlıqda kölgələr deyə, diri ikən tarixin arxivlərinə atacaqlar."
   
   Bu cümlələrdən sonra yaxşı olardı ki, papağımızı qarşımıza qoyub düşünək.
   
   "Oqtay Eloğlu" pyesi yazılan vaxtdan az qala bir əsrə yaxın vaxt keçir. Sizcə bir dəyişiklik var? Məncə yox. Ona görə ki, insanları düz yoldan, məqsədindən, əqidəsindən, vicdanından sapdırıb, alayı işlərə yönləndirmək bizim canımızdadı. Biz tək indi yox, uzun əsrlərdi bu mərəzdən xilas yolu tapıb islah olunmuruq.
   
   Harda istedadlı insan görürüksə, bir müddət sonra eşidirik ki, onun yerinə su calayıb, əvəzinə ondan da qat-qat aşağı biliyə candərdi yiyələnmiş, dünyagörüşü qısır birini gətirib qoyurlar.
   
   İnsanları pulun əsirinə çevirməkdən qürur duyub, həzz alırıq.
   
   Məsələn, biz beş oktyabrda, səkkiz martda dəstə-dəstə pulu yığıb müəllimlərin stolunun üstünə qoymağı bir çox xalqlardan yaxşı bacarırıq. İndi deyəcəksiniz. Müəllimlər az məvacib alırlarlar. Güzəranları yaxşı deyil.
   
   Guya biz müəllimlərdən ağ gündə yaşayırıq? Fərz edək ki, fəhlə işləyən valideynə kim gətirib məvacibindən əlavə pul verir ki, o da o pulu gətirib müəllimlərə versin. Bəlkə belə bir məsələ gündəmə qoyaq. Kimin atası məvacibindən əlavə pul qazanırsa, müəllimə də həmin valideyn pul versin. Daha müəllimlər kasıb-kusubun, fəqir-füqaranın uşaqlarını gözümçıxdıya salmasın. Elə bilirsiniz yoxdu belələri. Müəllimi hər ay görüm-baxım edən valideynlər o qədərdilər ki.
   
   Yazıq o fəhlənin övladının halına ki, elələrinin uşaqları ilə bir sinifdə oxuyur. Dərs danışmaq üçün əllərini qaldırmaqdan yorulur. Müəllim isə inadla varlının, rüşvət verənin uşağını ayağa qalxızıb onu irəli çəkir. Nəticədə isə olan bizə olur. Şagird məktəbə həvəsli günlərindən ruhdan düşür. Kitaba qarşı laqeydləşir. Oxumaqdan əl çəkir. Sonra da deyirik ki, niyə heç kim kitab oxumur. Çünki kitaba nifrət bizə anadangəlmə aşılanır.
   
   Cəmiyyətdə haqsızlığa məruz qalanda haqqını tələb edən cəsarətli, qorxmaz insana dəli, ağzının danışığını bilməyən adam kimi baxırlar. Düz sözləri deməkdən çəkinirik, qorxuruq. Bir-birimizi pulla imtahana çəkməkdə isə heç kimdən geri qalmırıq.
   
   Biz torpağımızı, oxuyanımızı, yazanımızı, bir balaca vicdanı olan şəxlərimizi birləşib qorumaqda çox aciz olsaq da, pul məsələsində mütləq əlbir olub, birləşməyi yaxşı bacarırıq.
   
   Mən belə hallarla çox rastlaşmışam. Yəni dediyim odur ki, başım çox çəkib...
   
   2007-ci ilin fevral ayı Nefçilər xəstəxanasının 2-ci mərtəbəsi, kardiologiya şöbəsi. Qucağımda iki yaşlı oğlum və ailə üzvlərimlə kardioloqun qapısının ağzında dörd saata yaxındır ki, sinsinirik. Günorta saat üç olur, heç kim qucağımda xeyli vaxtdı ağlayan çəlimsiz körpəyə əhəmiyyət vermir. Zırpı-zırpı kişilər həkimin qəbuluna düşüb gedirlər. Növbəsini iki yaşlı oğluma vermək istəyən bir nəfər könüllü vətəndaş tapılmır. (bunu ona görə yazıram ki, biz özümüzün ürəyiyumşaqlığını, səmimiyyətini tərifləməyi çox sevirik). Sonunda həkimin qəbuluna düşə bilirik. Uşağın kağızlarına baxıb deyir ki, bu uşaq iki-üç ay müddətində əməliyyat olunmazsa, ömürlük və sağalmaz xəstəlik qazana bilər. Əməliyyat qiymətini xəbər alırıq, yüksək məbləğ deyirlər. Suyumuz süzülə-süzülə evə gəlirik. Maraqlanıb öyrənirik. Rus dilli ölkələrin birində bu əməliyyat bizdəkindən iki dəfə az qiymətə başa gəlir.
   
   Başlayırıq qohum-əqrəbadan pul toplamağa və xarici pasport idarəsinə gedirik. Pasportun beş günə hazırlanması üçün bizdən pul umurlar. Daha sonra onlar bizi imtiyazlı xəstə kimi təcili göndəriş kağızı almaq üçün Səhiyyə Nazirliyinə göndərirlər. Beləlilklə, ötür-ötür əlbirliyi başlanır.
   
   Orda da bizi insaf limiti dolmuş pərgar bir məmur qarşılayır. Xeyli sorğu-sualdan sonra bizi əliboş yola salır. Məmurun bər-bəzəkli otağından çıxanda yadıma Kafkanın "Qəsr" romanı düşür...
   
   Beləliklə, biz əməliyyat üçün xarici ölkəyə may ayında gedib çıxa bilirik.
   
   Mənimlə bir otaqda qalan Moldoviyadan gəlmiş on doqquz yaşlı Nataşa altı aylıq qızını gətirib. Nataşa əlini pul kisəsinə aparıb bir qəpik pul xərcləməyib. Yaşadığı dövlətin Səhiyyə Nazirliyi tərəfindən göndərilib. Qonşu otaqda Belorusiyadan oğlunu gətirmiş Maksim də həmçinin. Xatırladım ki, o uşaqlarla mənim oğlumun diaqnozları eynidir. Bir sözlə, rusdilli ölkələrdən gələn xəstələr yüngül ürək qüsurları ilə hamısı həmin ölkənin vicdanlı loğmanları tərəfindən bu ölkəyə göndəriliblər
   
   Aradan bir neçə gün keçir, Azərbaycandan da xəstələr gəlməyə başlayırlar. Gələn xəstələrin bir qismi bizim kimi öz hesablarına gəliblər, bir qismi isə hansısa xeyriyyəçilər tərəfindən göndəriliblər.
   
   Əməliyyat bitir, sağalan xəstələr bir-iki evlərinə gedirlər. Eləcə də bizimkilər.
   
   Ancaq bizim uşağı əməliyyat edən cərrah və onun köməkçi personalı uşağı hər dəfə müayinə edəndə bizə qəribə, umacalı nəzərlərlə baxırlar.
   
   Biz isə başqa ölkənin ciddi qayda-qanunlarına tam formada uyğunlaşmışıq. Pulumuzu ödəyib rahatca oturmuşuq. Bura da öz xəstəxanalarımız deyil ki, həkiminə, tibb bacısına, xadiməsinə ayrıca pul ödəyək.
   
   Ancaq sonrakı günlərdə bizə məlum olur ki, əziz həmvətənlərimiz öz xəstələrinin əməliyyatı üçün xəstəxanaya pul ödədkidən sonra cərrahları, həkimləri də əməlli-başlı görüm-baxım ediblər. Gücü pula çatan pul, konyak, konfet qutusu və s.
   
   Bizimkilər burada da dinc dayanmayıb xarici həkimləri də hədiyyələrə, bəxşişlərə öyrədib, bizdən umacaqlı ediblər.
   
   İnsafınız olsun da. Heç olmasa imkan verin, vətəndən kənarda özümüzü normal hiss edək.
   
   Niyə, axı biz vicdan, ədalət, əqidə sözünün Cəfər Cabbarlının, Hüseyn Cavidin və başqa klassiklərimizin əsərlərindən oxumalıyıq?! Niyə biz belə insanların var olmasına səmimi qəlbdən mane olub, onları məhv edirik?
   
   Olmazmı ki, biz də öz savadlı, gözütox müəllimimizi, həkimimizi, başqa peşə nümayəndələrimizi yetişdirək.
   
   Nə olar ki, bizim insanlarımız da düzgün yaşamağı, qidalanmağı, oxumağı, oxutdurmağı öyrənsinlər.
   
   Olmasın azar, bir xəstəmiz də olanda qucağımıza alıb xarici ölkələrin xəstəxanalarını gəzdirib, sonra da başqa millətlərə baxıb köks ötürməyək.
   
   Axı bizim də görkəmli yazıçılarımız, elm adamlarımız, həkimlərimiz, bizi ağ günə çıxarmaq istəyən Mirzə Fətəli Axundovumuz, Cəlil Məmmədquluzadəmiz, Əbdürrəhimbəy Haqverdiyevimiz olub. İnsaf edin heç olmasa onların möhtərəm ruhları xatirinə pis xasiyyətlərinizdən, vərdişlərinizdən əl çəkib sağlam, təhsilli, dözümlü gələcək üçün əlbir olub, birləşək.

TƏQVİM / ARXİV