adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Oğlun əsgər gedir!

8277 | 2012-10-20 01:09
Hərdən fikirləşirəm, yaxşı ki, mən Bakının həndəvərindən çox uzağa çıxmıram. Elə bizə qonşu olan dövlətlərdən birinə altı, yeddi günlük səfər etsəm, qayıdanda yəqin bir kitab bağlayaram. Ancaq bilmirəm bu kitabda yazacaqlarım ev sahibi olan ölkələrin yaxşısından bəhs edər, ya pisindən.
   
   Qınamayın vallah, gözüm paytaxtımızın küçəsində, metrosunda, avtobusunda baş verən o qədər əcayib olaylara şahid olub ki, elə bilirəm hər yerdə məni belə müsibətlər gözləyəcək.
   
   Qədim yazıçılarımızın təbirincə desəm, bir neçə gün bundan əqdəm yolum istifadəçiləri başqa metrolardan daha çox olan və gecələri ilə məşhur metroların birindən düşmüşdü. Yolboyu rastlaşdığım vaqiələr məni bu yazını yazmağa məcbur etdi.
   
   Bəri başdan üzrxahlıq edərək deyim ki, Allah-Təala elə bil məmləkətin ən qəribə, bəxti solaxay insanlarını ordan-burdan yığıb səpələyib həmin bu metro stansiyanın ətrafına.
   
   Əlqərəz, həmin günü avtobusdan düşüb təzəcə metroya girmək istəyirdim ki, bir-neçə dəfə ucadan Azərbaycan sözlərini eşitdim. Basabasın içərisində boylandım ki, görüm bu hansı vətənpərvər insandı belə dayanmadan ölkənin adını təkrarlayır. Handan-hana gördüm ki, limon satan bir qadın, ondan uzaqlaşıb gedən başqa rus qadının arxasınca deyinir - Azərbaycanın çörəyi burnunuzdan gəlsin. Azərbaycanın çörəyini yeyirlər, limonunu bəyənmirlər.
   
   Tez-tez eşitdiyimiz ət tökən sözlərdən biri...
   
   Limon satan xalanın deməyindən belə məlum oldu ki, rus qadın əvvəlcə limon almaq istəyib, lakin sonra limonların boş olduğunu görüb almaqdan vaz keçib. Xala da bu alıb-aldatma oyunundan əsəbiləşib, qarğışı yağdırır yazıq qadının üstünə.
   
   Bizim camaatımızdakı maşallah, qarğış məsələsi barədə çox yaradıcıdılar. İstənilən insana onun yaşayışından, vəzifəsindən, görünüşündən tutmuş, ailə vəziyyətinə qədər hər cür qarğış quraşdırıb deməyi bacarırlar. Heç bir xalqın leksikonunda bizim qarğışlar qədər mürəkkəb, tutarlı, daşı da iki yerə bölər inancını yaradan qarğışlar yoxdu.
   
   Nə isə. Metroya girib təzəcə nəfəsimi dərmişdim ki, bir xanım görünüşü ilə diqqətimi cəlb elədi. Xanım sözün əsl mənasında müasir "dindar" xanım idi. Botokslu yanaqları, tatirovkalı qaşları, süni kirpikləriylə birlikdə.
   
   Mövzudan kənara çıxıb onu deyim ki, əvvəllər tatirovkanı kişilər etdirirdilər. Ya əsgərlikdə, ya da türmədə. İndi bu dəb qadınlar arasında o qədər geniş vüsət alıb ki, kişilər bu işdən tamamilə əl götürüblər. Bir növ həvəsdən düşüb, arvad işini özlərinə yaraşdırmırlar.
   
   Hicab geyinmiş xanım kirpiklərinin üzərində necə "quraşdırma" işi aparmışdısa, gözlərini güclə yumub aça bilirdi. Onların uzunluğundan qadının qaşını görmək olmurdu. Mən xanımın ağ ipək hicabına, bərbəzəkli sifətinə, uzunluğu topuqlarına çatan yubkasına təzəcə nəzər yetirmişdim ki, birdən gözüm əynindəki köynəyə sataşdı. Deməli, mənim bayaqdan "hayıl-mayıl" olduğum xanım metro nəzarətçisi imiş.
   
   Hicablı qadınlarla çox peşə sahələrində rastlaşmışam. Məktəbdə, xəstəxananda, uşaq bağçasında və s. Ancaq nə yalan deyim, metro nəzarətçisi kimi rastlaşmamışdım.
   
   Siz xristian ölkələrinin hansı birindəsə rahibə paltarı geyinmiş metro nəzarətçisi işləyən qadın görmüsünüz? Məncə yox.
   
   Axı nə qədər də dindar olursan ol, bilməlisən ki, səni başqalarından fərqəndirən xüsusi bir iş geyimin və o geyimin verdiyi imtiyazdan yaranan məsuliyyətin var.
   
   Mən belə görürəm ki, bu gün-sabah stüardessalarımız təyyarəyə, balerinalarımız səhnəyə, idmançı qadınlarımız də oyuna üzü niqaflı təşrif edəcəklər.
   
   Mənzərəni artıq özünüz təsəvvürünüzə gətirin.
   
   Ola bilər, kimsə mənimlə razılaşmasın ki, nə dəxli var, həm dini, həm də xidməti vəzifəsini yerinə yetirir.
   
   Ancaq inanın çox yəqin ki, həmin nəzarətçi günün xeyli vaxtı kabinədə əyləşib sərnişinlərə nəzarət etmək əvəzinə, əlində Məşəddən, ya da Kəbədən gətirilmiş təsbehlə gündə yüz dəfə hansısa duanın zikrini edir.
   
   Axı, adam gün ərzində Allahın qapısını neçə dəfə döyər? Ürəyində arzun var çox gözəl, çox pakizə. Gündə bir dəfə duanı et otur nəzakətlə duanın müstəcəb olmasını gözlə də. Daha bir duanı yüz dəfə zikr edib özünü əldən salmağına nə hacət?
   
   Birdən nəzarətçi xanım zikrə məşğul olub, özünü göyün yüksək mərtəbələrində hiss etdiyi vaxt, birinin halı xarab oldu yıxıldı eskalatorun üstünə. Onda necə olacaq?!
   
   Ümimiyyətlə bizim cəmiyyətdə öz işi ilə səmimi qəlbdən məşğul olan vicdanlı insanlar çox azdı. Belə adamlar təhsil, səhiyyə, eləcə də bir çox sahələrdə var.
   
   Müəllim uşaqlara bütün günü şərəfdən, namusdan, vicdandan dərs keçir. Amma iş gəlib uşaqlardan pul yığmaq məsələsinə çatanda onun öz vicdanı daşa dirənir. Və yaxud da həkim, xəstəyə düzgün müalicə əvəzinə, firma dərmanları yazıb onların orqanizmini məhv eləməklə məşğul olur.
   
   Çox az-az həkimin iş otağında tibbə dair kitablar görmüşəm.
   
   Dəfələrlə qəbuluna düşdüyüm həkimlərin qəbulunda elə xəstələrin sayı qədər firma dərmanlar satmaqla məşğul olanlarla rastlaşmışam. Özü də nə sirrdirsə onların sayı hər gün dayanmadan artır.
   
   Həkimlər bir tərəfə səhər işə gələn tibb bacıları bütün baxdıqları seriallardan tutmuş, bişirdikləri xörəklərin reseptlərinə qədər hamısını gəlib xəstəxanada müzakirə edirlər. Hətta mən xəstəxanada göyərti təmizləyən, lobya doğrayan tibb bacılarıyla da rastlaşmışam.
   
   Bu ilin əvvəllərində mənim öz başıma iş vaxtı işi ilə məşğul olmağa ərinən belə səriştəsiz insanların ucbatından çox qəribə bir əhvalat gəldi.
   
   Bir gün səhər saatlarında ev telefonuma zəng gəldi. Dəstəyi qaldıranda bir kişi xeylağı ədəb-ərkanla salamlaşıb evin ünvanını, evdə kimlərin yaşadığını soruşandan sonra altı yaşı təzəcə tamam olmuş oğlum haqqında sorğu-sual etməyə başladı.
   
   Ardınca da birdəfəyə dedi ki, bəs oğlunuzun hərbi çağırış vaxtıdı, onu da götürüb gəlin hərbi komissarlığa!!!
   
   Açığı bu ölkənin xırdasından tutmuş, böyüyünə qədər hamısından ən absurd hərəkəti gözləmək olardı. Amma daha beləsini yox. Ona görə ki, bayaqdan bəri mənə bir sicilləmə sual yağdıran bu hərbiçi, vətən keşikçilərini vətənə, ay mən nə bilim torpağa təhvil verib, təhvil alan bu şəxs mənim oğlumun on altı yox, altı yaşı olduğundan xəbəri yox idi.
   
   Təsəvvür edin də, evinizə zəng vurub bağçaya gedən oğlunuzu əsgərə çağırırlar.
   
   Dedim - ay yoldaş, axı mənim oğlumun altı yaşı var!
   
   Telefondakı kişi bir az təəccübləndi. Sonra tövrünü pozmadan başladı mənə yol-yolağa göstərməyə ki, filan idarəyə get, filan sənədi ver və.s.
   
   Etiraz edib bildirdim ki, bu səhvi kim edib zəhmət çəkib o da düzəltsin. Altı yaşlı uşağı əsgər aparacaqsınızsa, buyurun gəlin aparın. Hərçənd mən bu məmləkətdə onu da edənin tapılacağına inanıram.
   
   Sizə nə baş ağrısı verim. İş yenə düşdü bizim üstümüzə. Oğlumun şəhadətnaməsinin sürətini təsdiq elətdirib hərbi komissarlığa verdik.
   
   Bu dəfə də dedilər ki, bəs bu kağızdan birini də uşaq xəstəxanasına verməlisiniz. Çünki səhv həmin xəstəxanada baş verib, 1996-cı ildə doğulan uşaqla, sizin oğlunuzun sənədlərini bir-birinə qarışdırıb tarixləri səhv yazıblar. Yox, əgər belə etməsəniz hər il hərbi çağırış vaxtlarında sizə zəng edib deyəcəklər ki, oğlun əsgər gedir!
   
   Kəsə yoldan gedib onu deyə bilərəm ki, üç dəfə notarius kontoruna, iki dəfə poliklinkaya ayaq döyəndən sonra bu işi yoluna qoya bildim.
   
   Növbəti hərbi çağırış zamanı əlim ürəyimin üstündə qaldı ki, birdən yenə zəng vurub oğlumu əsgərə aparmaq istəyərlər.
   
   Amma deyəsən, bu dəfə əcnəbi serialların rəngarəng kanallarımızdan yığışdırılması səhiyyə işçilərimizin fikirlərini işlərinə cəm etmələrinə yardımçı olmuşdu.

TƏQVİM / ARXİV