adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Məni aparan yollar

8834 | 2012-09-29 00:12
Maşına əyləşirəm, yolumuz Binəyədi. Evgördüyə gedirik. Bilmirəm başqa millətlərdə belə bir haqq-hesab var, ya yox. Amma bu bizdə adətdi. Hətta deyərdim ki, qayda-qanundu. Əgər yaxın adamlardan kimsə təzə ev alıbsa, mütləq gedib ona gözaydınlığı verməlisən. Yoxsa, bunun incikliyi əlli il çəkər.
   
   Qohumlardan biri on il kirayələrdə, yataqxanalarda zillət çəkəndən sonra axır ki, özünə iki otaqlı mənzil ala bilib.
   
   Hal-hazırda bu ölkədə kimi dindirsən ev sarıdan qan ağlayır. Və bu şaxsey-vaxsey"ə baxmayaraq əyalət insanlarının bir ucdan şəhərə axın etməsi çox təəccüblü görsənir.
   
   Bu yaxınlarda yolum şimal bölgələrimizdən birinə düşmüşdü. Bir kənddə yalan olmasın ya altı, ya da yeddi ev olardı ki, işığı gəlirdi. Evlər, onların bünövrəsini töküb, dünyadan köç edən sahibləri kimi o qədər köhnəlmişdilər ki, "yaşamağa" taqətləri qalmamışdı. Belə demək caizsə, kəndlərdə insana rast gəlmək mənim üçün günün günortaçağı çox maraqlı hadisə olardı.
   
   İnsanların paytaxta axın etməsi məni həmişə düşündürüb.
   
   Dar macalda, lap elə ağacların başındakı qarı çırpıb altında salamat qalmış meyvəni dərib yemək hara, şəhərin ucuz, zibilli gecəqondularında bircə gün qırx qəpiyin olmasa ac qalmaq hara?!
   
   Yazımın bu hissəsinə çathaçatda qapı döyülür. Fikrimin dağılmaması üçün açmamaqda qərarlıyam.
   
   Bilirəm ki, yad adamdı. Ev adamlarının hamısının açarı var. Uşaqlar da dərsdədirlər.
   
   Amma qapı inadla döyülür. Qalxıb açmağa məcburam.
   
   Tanış bir xanımdı. Səkkiz ildir iki uşaqla ərindən ayrılıb atası evinə qayıdıb. Borc pul üçün gəlib. Tərslikdən mənim üstümdə də, o istədiyi məbləğ yoxdur. Məktəbin açılması bütün var-dövlətimizin hamısını silib süpürüb. Bir sözlə, xanımı əliboş yola salmağa məcburam. Amma ürəyimdə ona çox acıyıram.
   
   Ər evində gəlin qayınana münasibətləri dözülməz həddə çatdığından ayrılmağa məcbur olub.
   
   Əslində başı hökumət işlərinə qarışan insanlardan bir çoxlarının nəzərindən qaçan çox ciddi problem indiki ailələrin dağılmasına səbəb olur. Təxminən on ailədən, səkkizində gəlin qayınana münasibətləri dözülməz gərginlikdədir. Ailələr tanıyıram ki, bir evin içərisində nəinki günlərlə, hətta aylarla bir-birlərini danışdırmırlar. Ailədə aqressiya, mübahisə həmişə pik həddində olur. Səbəb isə təbii ki, maddiyyat və insanların bir-birinə olan kini, nifrətidir.
   
   Nə isə, bu ayrı bir yazının mövzusu olduğu üçün qayıdıram yenə yazımın üzərinə.
   
   Qonaq gedəcəyimiz yerə çatmağımıza hələ xeyli vaxt var. Bir yandan da dəhşətli tıxaca düşürük. Sürücü bayaqdan bəri Röyanın "sintetik" mahnılarını dinləməkdə və dinlətməkdə israrlıdır...
   
   Yolboyu əkilmiş söyüd ağacları mənə uşaqlığımı keçirdiyim o torpaqları xatırladır.
   
   Üstümüzə qoyulan ad kimi qaça-qaça gəldiyimiz o yolları qarış-qarış anmağa başlayıram.
   
   On doqquz ildir ki, Bakıda yaşayıram, builki kimi rayonumuzu qəribsədiyim olmayıb.
   
   Bilirəm ki, keçmişlə üzülüşməyən hər gün insanın acı xatirələrinə ayna tutur.
   
   Müharibələr insanları yazıçıya, qatilə, şikəstə çevirməyi bacarır.
   
   İşğal olunmuş torpaqları, orda yaşayan minlərlə insanları gözlərim önünə gətirəndə dəhşətə gəlirəm.
   
   Gözəl təbiətindən, geniş dağlarından, yayın qırx dərəcə istisində belə diş kəsən buz bulaqlarından aralanıb, ilan mələyən düzəngahlarda palçıq daxmalara "kül tökməyin", lilli suya möhtac qalmağın nə demək olduğunu yalnız o insanlar özləri bilərlər.
   
   Bunun üstünə onların doğmalarını, qohumlarını müharibədə itirdiyini əlavə etsək vəziyyət daha da kədərli notlarla yüklənər.
   
   Not demişkən, son vaxtlar oxuduğum musiqi məktəbini də tez-tez xatırlayıram.
   
   Uzun, yarı işıqlı, hündür tavanlı dəhliz. Dəhlizin ən yuxarı hissəsindən Üzeyir Hacıbəyovun yağlı boya ilə çəkilmiş portreti asılıb. Fonda isə pianino, qaval, kamança, müəllimlərin ayaqları ilə ritm tutma səsləri eşidilir.
   
   Ancaq bu müharibə deyilən mərət heç bir musiqi, filan tanımır.
   
   Bir dəfə dərs vaxtı pianino müəlliməm Məlahətin yenicə ailə qurduğu, müharibədə döyüşən ərinin ölüm xəbərini almasının şahidi olmuşdum. Çox dəhşətli idi.
   
   Tərslikdən xəbər gətirən də naşı adam olmuşdu. Qapını açıb birbaşa qadının üzünə - müəllimə əriniz minaya düşüb, demişdi.
   
   Məlahət müəllimə həmin vaxt beş aylıq hamilə idi. Olduqca da gözəl, nazənin xanımıydı. Ərinin qırxı çıxanacan dərsə gəlmədi. Gələndə isə gözəlliyindən əsər qalmamışdı. Üzü kədərli, soluxmuş, gözləri isə yaşlı...
   
   Yaşım az olsa, da evlənməmişdən əvvəl mən onların bir-birlərinə dediyi xoş sözləri, xısın-xısın gülüşmələrini indi də xatırlayıram.
   
   Əri öləndən sonra mən elə bilirdim Məlahət müəllimə də öləcək, amma ölmədi. Sonra düşündüm ki, o bir də heç vaxt ərə getməz, lakin ərə də getdi.
   
   İndi üç uşaq anası kimi ömrünə davam edir. Bir şəhidin dul qalmış qarısı kimi yox, üç uşaq anası kimi...
   
   Heç kəsi qınamayaq. Həyatdır da. Hərəyə öz çeşməsindən bir cürə süzür.
   
   Maşın Neftçilər xəstəxanasına yaxınlaşır. Sonra isə Əfəndiyev xəstəxanasının dar girişinin yanından şütüyüb keçir.
   
   Siz içərisində heç bir xəstəsi olmaya-olmaya xəstəxana qapılarına həsrətlə baxan birisini görmüsünüzmü? Yox?
   
   Elə isə tanış olun, onlardan biri mənəm! Hər dəfə Əfəndiyev xəstəxanasının yaxınlığından keçəndə diqqətlə içəri boylanıram. Elə bilirəm ki, yenə əlimdə bir qazan xörək, bir banka qatıq, bir termos çay atamın yanına gedirəm.
   
   Bu həyətdə mən nə qədər əllərim qoynumda boynubükük dayanmışam, ilahi?
   
   Nə qədər özümdən balaca bacımın yaşlı gözlərinin yaşını silmişəm, özümdən böyük qardaşımın baxışlarında azca da olsa təsəlli aramışam, anamın içinə sıxdığı kədərin hıçqırıqlarını eşitmişəm.
   
   Atam da müharibənin "yaraladığı" insanlardan olub. Ömrünün əlli ilini yaşadığı obasından bir gecənin içərisində çıxmağa məcbur olub. Sonralar da olmazın əziyyətlərə sinə gərib. Qismətinə isə xəstəlikdən sonra lal baxışlarla, gülməyi bacarmayan gözlərlə dünyadan köçmək düşüb.
   
   Eh danışmaqla bitməz ki...
   
   Nə qədər şablon səslənsə də, yazacam. Biz doğurdan da çox unutqan xalqıq. Yadınıza salın 20 Yanvar və ya Xocalı soyqırımının il dönümlərində səhərdən axşama qədər kədərli şeirlər, musiqilər, filmlər nümayiş etdirilir. Hər kəs yas maskasını üzünə taxıb gecə saat on ikinin olmasını, günün tezliklə bitməsini gözləyir. Vədə tamam olur. Elə bil sehrli bir dəyənək ehmalca televizorun ekranına toxunur. Və bayaqdan qaraya boyanmış hər tərəf bir göz qırpımında al-əlvan rənglərə, parıltılara qərq olur. Bütün şou nümayəndələri gecələri telekanallarda yatmış kimi düzülürlər yan-yana...
   
   ...Bir bayram bənzətməsi etmək istəyirəm. Amma əlimi dinc saxlasam yaxşıdır. Sonra onların içərisindən bir başbilən çıxıb məni şəxsiyyəti təhqir etməkdə günahlandırar.
   
   Nəhayət maşın mənzilbaşına çatır. Mənim də düşüncələrim səngiyir. Maşından düşmək vaxtıdır. Qapını üzümüzə qohumum özü açır, gülərüz simayla.
   
   Bu dəfə isə biz televizordan səsi gələn, Röyanı isə onunla rəqabət aparmaqda suçlayan başqa bir müğəninin şaqraq mahnısının sədaları altında mənzilə giririk.
   
   Məni evgördüyə aparan yollar belə qəribə və lağlağı sonluqla bitir.

TƏQVİM / ARXİV