Əbülfət MƏDƏTOĞLU: "SALAM, XATİRƏLƏRİM..."-dedi

ƏBÜLFƏT MƏDƏTOĞLU
2080 | 2024-04-17 10:59

Bu da may... Bu da ömrün daha bir ayı, daha bir mayı... Bu da illərin 1959-dan başlayan və 2024-ün qapısını açan "mayovka”sı. Amma 1991-ci ilin oktyabr ayının 30-dan 31-nə keçən gecədən  27 sentyabr 2020 -yə kimi yoxdur mənim üçün nə may, nə də mayovka!..

Düşünməyin ki, mən təqvimi qarışıq salıram, günləri, ayları dolaşdırıram. Bunu heç ağlınızın ucuna da gətirməyin. Ona görə ki, mən təqvim yazmıram, təqvim tutmuram və bir də bunu mən heç ağlımdan da keçirməmişəm. Ona görə ki, təqvim məndən öncə tutulub və məndən sonrakı təqvim də yazılıb. Bu güc sahibi hər kəsə - yerə də, göyə də, canlıya da, cansıza da nəzarət edəndi. Sadəcə, mən Allahın verdiyi ömrün mayovkalı günlərinin nisgilini, həsrətini yaşayıram. Onun ömrümə, günümə necə yazıldığını, yaddaşıma necə hoduğunu düşünəndə, gözümün önünə gətirəndə yaramın qaysaqları qopur... göynərtisi tüstümü təpəmdən çıxarır. Və inana bilmirəm ki, mən o günləri yaşamışam, mən o anların xoşbəxt bəndəsi olmuşam... İnana bilmirəm ki, indi günlər boşuna, mənasız və hətta bəzən cansıxıcı və üzücü keçir. Şəxsən mən bu günləri nə ömürdən saymıram, nə də onları "ölü günlər” adlandırmaqdan çəkinmirəm. Hətta...

Bəli, bu "ölü günlər” ömrə gün calayır... Ömrü zaman baxımından, say baxımından uzadır. Lakin bu günlər bir şeirdə yazdığım kimi:

 

Misraların

arasında

ötür günlərim...

Vergüllərlə

uzansa da,

nöqtələrlə

bitir günlərim...

Bəzən olur

baş qarışır

dost, tanışa...

ya bir işə

ya görüşə...

Ya da elə tənhalığa

çəkilirəm

bir anlığa...

Bütünlüklə

söylədiyim məqamlarda,

küsür məndən

qələm, kağız,

misralar da...

İnan,

cismən yaşasam da

bu arada,

elə-belə...

səs-səmirsiz

bitir günlər...

gəlib, keçib

ötür günlər!..

 

Hə, bax, belə yaşamağın mənasını, mahiyyətini düşünmək zənnimcə, heç kimin ürəyincə olmaz, necə ki, mənim də ürəyimcə deyil. Və ürəyimcə olmayan bu günlərdən qurtuluşumu mən xatirələrimdə tapıram. Ona görə də daha çox təkliyə, tənhalığa üz tuturam, daha çox səssizliyə çəkilirəm... həmsöhbət oluram xatirələrimlə. Yəni dünənimlə, özümlə və bir də bu xatirələrin personajları olan iştirakçılarla. Təbii ki, bu personajların içərisində canlı, nəfəsli, bu gün də yaşayanlar var, təbiət parçaları da, dünyasını dəyişmiş tanış-biliş də, doğmalar da...

Bəli, indi gözümün qarşısındadı doğulduğum kənd, oxuduğum məktəb, uşaqlıq dostlarım, müəllimlərim, şagird yoldaşlarım... Birmənalı şəkildə hamısının adını da, soyadını da, boy-buxununu da xatırlayıram. Təəssüf edirəm ki, sinif yoldaşlarımdan Pəhlivan, Aydın, İradə Şövkət... dünyasını dəyişib. Şagird dostlarımdan müharibənin yaralarını canında daşıyanlar da var, şəhid olanlar da var. Və onların hələ orta məktəbdən necə qəribə xüsusiyyətlərə malik olduqları az qala bir kitablıq yazı kimi yaddaşıma hopub... Bilmirəm, hansı anı dilə gətirim, hansı sözlərini təkrar edim. Ona görə də gücüm bir "ah” çəkməyə çatır. Hardasa inanıram ki, bu "ah” bir rəhmət duası kimi gedib çatacaq onlara, ruhlarını sevindirəcək. Elə dünyasını dəyişmiş müəllimlərimi də, doğmalarımı da, iş yoldaşlarımı da... Çünki axirətin sakini olan bu insanların hər biri nakamdı, Qarabağ nakamıdı... Gözləri o torpağın, o yurdun nisgilini özü ilə aparıb...

Hə, indi xatirələrlə bağlı ovqatın içərisində olduğum an kəndimin o gözəl mənzərəsi, o gözəl günləri çəkir məni özünə. Elə bil ki, cənnət çağırır məni... elə bil ki, dupduru hava, su, göz, könül oxşayan, ürəyi dağ boyda edən sevgi haraylayır məni. Və mən də dostlarımla evimizin nemətlərindən, bərəkətindən çantama yığıb bulaq başına gedirəm – Mayovkaya!

Süfrə açırıq... Özümüzlə gətirdiyimiz nemətləri düzürük süfrəyə. Topladığımız quru ağaclardan ocaq çatırıq. Öncədən evdə basdırma etdiyimiz əti çubuq şişlərə çəkirik. Bu işin ustası uşaqların içərisində daha fəal olan Zakirdi. Bu da səbəbsiz deyil. Onun atası rəhmətlik Həmid kişi meşəbəyi idi. Ona görə həmişə meşədə, təbiətin qoynunda olan Zakir atasının "çölçülüyünü” yaxşı mənimsəmişdi. Hansı bulağın başında əyləşməyi, hansı ağacın közündə kabab bişirməyi və kababa hansı otlarla, çiçəklərlə dada gətirməyi mükəmməl bilirdi. Beləcə, başlayırdı "mayovkamız!”. Bütün günümüz deməklə, gülməklə, zarafatla, hətta müxtəlif oyunlarla keçirdi. Bir də baxıb görürdük ki, şər qarışıb, artıq evə qayıtmaq vaxtıdı... Doğrusunu deyim ki, həmin günün səhəri adamın heç məktəbə getməyə həvəsi olmurdu. Amma getməliydik. Həm şagird kimi borcumuz idi, həm də valideyn nəzarəti bizim başımızın üstünü kəsmişdi. Və biz məktəbdə də, fasilələr zamanı ancaq mayovkadan söhbət edirdik...

İndi bütün bunların ovqatını yaşaya-yaşaya bir vaxtlar yazdığım şeirin misralarını da yaddaşımda təzələyirəm. Onda yazmışdım ki:

 

Daha dağdan enirəm
Yavaş-yavaş sönürəm...
Dünənimə dönürəm -
Salam, xatirələrim...
Balam - xatirələrim!..

O ləzətlə, o, tamla -
Əlin dolu bir camla...
Gəldim yenə, bir damla -
Alam, xatirələrim...
Salam, xatirələrim...

Bir də bu yol salınmaz
Bir də o ney çalınmaz...
Bircə sənsən, alınmaz -
Qalam, xatirələrim!
Salam, xatirələrim...

İçdin ruhumun yağın
Öpdün gözümün ağın...
Mənə hamıdan yaxın -
Balam, xatirələrim
Salam, xatirələrim...

Haqdan mənə "çök!"-gəlib
Karvan yorğun - lök gəlib!
Öz ömrümə köklənib..
Lalam,xatirələrim!
Salam, xatirələrim....

 

***

Bəli, xatirələr adamı danışdırır. Hətta ən susqun adamın da dilini açır. Və bir də görürsən ki, ömrün, günün çözələnib. Həmin çözələn zamanın içərisində kədərin özü də adama doğmadı. Çünki o kədəri sən öz çevrənlə, öz mühitinlə, səni anlayanla birlikdə yaşamısan. Sağında, solunda, hətta kürəyində doğma nəfəs, güvəncli nəfəs hiss edirən. Onda kədərə güc gəlirsən, kədər dizindən aşağıda qalır. Qalib sən olursan, kədər yox!

Nə deyim illərə... Nə deyim zamana... Doğrusunu etiraf etsəm, deməyə söz çoxdu. Amma illər, zaman ötüb gedibdi. Deyəcəyim söz elə bir sürət sahibi deyil ki, gedib onlara çatsın, yetişsin. Odur ki, elə bildiklərimi, duyduqlarımı xatirələrim kimi ürəyimdə çözüb özümün həmsöhbət olmağım daha dürüst qərardı. Mən də bu qərara istinad edərək bu nəticəyə gəlirəm ki, insanın iç dünyası özünəməxsus olmaqla yanaşı, həm də ən böyük sığınacağıdı. O sığınacaqdan insanı yalnız ölüm çıxara bilir və bir də harda olduğunu Allah bilir! Və bir də o sığınacaq ömür uzadır. Çünki səni arzuladığın, xatırladığın yerlərə, adamlara aparır...

İndi bu xatirələr ovqatının diqtəsiylə öz-özümə pıçıldayıram:

 

Qapım daha döyülmür

Gün düşmür pəncərəmə...

Bütün bunlara görə

Allahı dəng eləmə -

Sus... otur...

 

Günü günə qaynaq et

Qəlbi dərdə yaylaq et!

Vüsalını bayraq et

Həsrətlə cəng eləmə -

Sus... otur...

 

Gecdi ta umma öyüd

Ömür payını üyüt!

Ümidini sən böyüt

Heç kimə zəng eləmə -

Sus... otur...

 

Yazı birdi, pozan bir

Mənim kimi ozan bir!

Olsa da bil, yozan bir

Dünyanı çəngələmə -

Sus, otur!..

***

Hə, mən bu yazını illərimin yaddaşımda qaladığı ocağın işığında yazıram. Bu obrazlı bir fikir olsa da, əslində bir gerçəkdi. Çünki yaş artdıqca həyatın gerçək üzü daha çox çılpaqlaşıb özünü büruzə verdikcə dünyanın necə namərd olduğunu anlayırsan. Ömrün etibarsızlığına, adamların biganəliyinə alışırsan. Tam şəkildə bilirsən ki, bu dünyada sənə qalan və özünlə aparacağın iki qismətin var, iki payın var – onun biri xatirələrindi, biri də sevgin! Hər an səninlə olan xatirələrin və sevgin canına, qanına o qədər bağlıdır ki, onu ölüm də səndən ala bilmir. Məcbur olub səninlə birlikdə aparır. Yaddaşa köçürsən, bax, onda kimlərinsə o xatirəlrədən, o sevgidən xəbəri varsa, məqamı gələndə, söz-sözü çəkəndə dilə gətirir. Xəbəri olmayanlar isə...

... Hə,birdə  sizlərdən kimsə mayovkada olubsa, onun da yaddaşında bu yazı bir qığılcım kimi işaracaq... onu da dünənə çəkib aparacaq... onu da mənim kimi kövrəldəcək... Məhz həmin o adamlar mütləq mənimlə həmfikir olacaqlar. Axı biz eyni şineldən çıxmışıq, eyni zamanın adamlarıyıq. Və deməli, hər gün xatirələrimizə doğru gedir və ona qovuşmağa can atırıq...

  • Dekabr:
  • 6

TƏQVİM / ARXİV