adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Səhnə arxasında qalanlar...

7422 | 2012-11-03 00:44
Payız fəslinin ən dəmdəməki aylarından olan oktyabr axşamlarının birində Henrix Böllün beş yüz iyirmi səhifəlik kitabını sinəmə sıxıb təzəcə oxumağa başlamışdım ki, anamdan gələn zəng kitabı qatlamağıma səbəb oldu.
   
   Məktəblərin açılmasıyla, uşaqların dərsləri, ev işləri, yabançı dil öyrənmə uğrunda verdiyim mücadilələr məni çox yormuşdu. Anamla hər dəfə telefonla danışanda istirahət edə bilməməkdən şikayətlənməyim qadını bir xeyli məyus etmişdi ki, dincəlmək üçün məni öz evinə qonaq çağırmışdı.
   
   Həftə sonu çatan kimi çantamı yığıb yola düşdüm. Məlum olduğu kimi səfərim istirahətlə bağlıydı. Bunun üçün də oxumağa özümlə iki-üç kitab da götürmüşdüm.
   
   Mənzilbaşına çatıb yerbəyer oldum. Anamla bir az ordan-burdan dərdləşdikdən sonra mən kitablarımdan birini seçib mütaliyəyə başladım. Lakin, anam əzəli vərdişini xatırlayıb məni danlamağa başladı: -Az oxu, gözlərin kor olacaq. Bir-iki ildən sonra eynək taxacaqsan!
   
   Əlimə kitab götürüb oxuduğum gündən, anamdan bu sözləri eşitmişdim. Hətta bir dəfə o, necə əsəbləşmişdisə, Viktor Hüqonun "Səfillər" kitabını məndən alıb eyvandan aşağı tolazlamışdı...
   
   Nəysə, kitabı qatlayıb qoydum bir tərəfə. Anam mənimlə danışa-danışa pultun düymələrinə toxunub, yerli və əcnəbi kanallarda "gəzişirdi". Nəhayət o, yerli kanalların birində dayandı.
   
   Ölkəcə məhşur olan "Səni axtarıram" verlişi artıq başlamış, qonaqlar hamısı öz yerlərində əyləşmişdi. O, pultu əlindən yerə qoyanda, anladım ki, bu verliş bitənə qədər kanal dəyişməyəcək!
   
   Kitabımı qoltuğuma vurub, aradan çıxmaq üçün yeni bir cəhd də etmək istəyirdim ki, anam məni saxlayıb dedi: - Həyatı həmişə kitablardan oxumaq olmur. Arada belə verlişlərə də baxmalısan. Burdakı insanların həyatı qondarma deyil.
   
   Yazı-pozu adamı üçün bundan təsirli cümlə olmamalıydı ki, mən lal-dinməz öz yerimdə əyləşib verlişə baxmağa başladım.
   
   Mənim, yerli kanallarla üzülüşməyim təxminən il yarım əvvələ gedib çıxır. Çox az hallarda bir neçə rus və türk kanallarında izlədiyim verilişləri çıxsaq, demək olar ki, televizora baxmıram. Çünki, bizim kanallarımızın zəhlətökmələrini saymaqla qurtarmaq olmaz.
   
   Hələ də anlaya bilmirəm ki, gözəllik, zəriflik, səliqə-səhman təcəssümü olan xanım müğənnilərimiz beş-altı saat sürən bəzək-düzəkdən, geyinib-kecindirmədən sonra gəlib qoyun əti pörtlədilən qazanın yanında "şedevr" hesab etdikləri mahnıları necə oxuyurlar?!
   
   İstənilən kanalda günün hər vaxtı əyləncəli və biş-düş verlişlərindəki aparıcıların vurduqları fransız ətirləri ilə günəbaxan yağlarının qoxularının bir-birinə qarışması, cır səsli müğənnilərin günaşırı efirlərə çıxıb, paltarlarının, ayaqqabılarının qiymətlərini elan etmələri məni bu kanallardan küsdürməyə bəs etmişdi.
   
   "Səni axtarıram" verilişinə də axırıncı dəfə nə zaman baxdığımı unutmuşdum. Belə verilişə, ilk dəfə türk kanallarının birində baxmışdım. O vaxtlar Sinan Çətin adlı aparıcı neçə illər bir-birini axtaran insanları, tapıb gətirib öz verilişində toqquşdururdu. O zaman həmin verilişə baxanda fikirləşirdim ki, övladını atıb yenidən ərə gedən, evlənən, onları uzun illər xatırlamayan analar, atalar ancaq elə türklərdi. Azərbaycanda belə insanların olmasına heç vaxt inanmırdım.
   
   Lakin kanallarımıza belə verilişlərin açılması, bizdə də belə insanların olduqca çox olduğunu sübut etdi. Verilişdə əyləşib, əllərində axtardıqları adamların şəkillərini tutan insanlar, yer üzündəki etirbarsızlığın günü-gündən çoxalmasının ən bariz nümunəsiydi.
   
   Aparıcı verilişin səbəbkarlarından birini təqdim etdi. Balacaboy, ağ sifət kişiydi. Əlli-əlli beş yaşı olardı. Kişinin verilişə çıxmasına səbəb otuz il əvvəl rus dilli ölkələrin birində başına gələn əvvəli xoş, sonu ağlamalı qəziyyə olub.
   
   O, əcnəbi xanımı sevib, iki il onunla birlikdə qərib ellərdə yaşayıb. İki qız övladı olduqdan sonra, xanımı Bakıya gətirməyə razı sala bilmədiyindən onu tərk edib vətənə gəlib və burda ailə qurub. Aradan illər keçib, kişi hiss edib ki, tərk edib gəldiyi övladlarından ötrü çox qəribsəyib.
   
   Səbəbkar haqqında bura qədər nəql etdiyim bəsdir. Çünki mən həmin kişidən yox, onu sevən, qızları ilə birgə onun sorağıyla bura gələn, finalda isə gözə görünməyən qadın haqqında bir neçə kəlmə yazmağı özümə borc bilirəm.
   
   Bəri başdan onu deyim ki, slavyan qadınlarına çox dərin və möhkəm hörmətim var. Bu həqiqətdir ki, həmin qadınların arxasında güclü tarix, mükəmməl ədəbiyyat və bütün bunları özündə birləşdirən sarsılmaz mədəniyyət dayanır. Slavyan qadını güclü, məğrur, dözümlü və özünü sevəndi. O ağlayıb, sızlamağı xoşlamır. Amma yeri gələndə bunu o qədər ürəkdən etməyi bacarır ki, qarşısındakı insanı ram edə bilir.
   
   Onlar Tolstoyun, Dostoyevskinin, Puşkinin əsərlərindən çıxmış qadınlardı.
   
   Verilişdəki xanımda Puşkinin əsərindəki qadın qəhrəmanlardan birinin adını daşıyırdı. Alqışa layiq halıydı ki, bu xanım otuz ilə yaxın müddətdə onu axtarmayan insana qarşı övladlarına zərrə qədər də olsun nifrət, qəzəb hissi aşılamamış, əksinə öz ürəyində olan məhəbbəti olduğu kimi, qızlarının ürəyinə köçürtmüşdü. Atalarından yadigar qalan şəkilin qızları tərəfindən hər gün öpülüb, oxşanması, buna görə də şəkilin üstündəki göz yerlərinin silinməsi qadının yüksək mənəviyyata sahib olmasının göstəricisiydi.
   
   Etiraf edək ki, ərindən ayrılandan sonra geridə qalan hörməti, sevgini bu cür qoruyub, saxlamaq hər qadının hünəri deyil.
   
   Mən xeyli qadın tanıyıram ki, neçə illər bir yastığa baş qoyduğu ərindən ayrıldıqdan sonra, uşaqlarına ataları haqqında o qədər kin, nifrət təlqin ediblər ki, həmin uşaqlar atalarını hətta ölümlə də hədələyiblər.
   
   Boşanandan sonra məhkəmə dəhlizlərində bir-birləri ilə pul, ev davası aparan qadınların hərəkətləri adamı dəhşətə gətirir. Belələri nə vaxtsa qızıldan don geyinib, and-aman etsələr də, mən yenə də inanmaram ki, onlar övladlarına ərləri haqqında xoş, sevgi dolu sözlər deyiblər.
   
   Uzun sürən reklam, gözyaşı dolu anonslarından sonra qızıyla görüşmək üçün verilişə gəlmiış kişi, bələkdə qoyub gəldiyi qızına otuz ildən sonra qovuşur.
   
   Bütün bunları studiyada olan, lakin qarşı tərəfin ikinci ailəsində söz-söhbətə səbəb olmasını istəməyən xanım göz yaşlarıyla, hıçqırıqlarla kənardan seyr edir. Hətta aparıcının onları görüşdürmək istəyinə də etriaz edən qadın səhnəyə çıxmayıb, məğrurcasına, həyatın onun üçün tərtib etmiş olduğu, səhnənin arxasında qalmağı üstün tutur...
   
   Otuz ildən sonra uğrunda göz yaşı axıtdığın insanla eyni məkanda olub, lakin onunla görüşməməyin yaratdığı kədərin nə olduğunu duyarlı insanların anlaması o qədər də çətin deyil.
   
   Tanımadığım o qadının ağlamaqdan qızarmış gözlərini görəndə, mənim də gözlərim yaşardı.
   
   O zaman anladım ki, saf, həqiqi, təmənnasız məhəbbət məhz belə qadınların təmiz qəlbləri vasitəsi ilə gələcək nəsillərə ötürüləcək.

TƏQVİM / ARXİV