İqor Korotçenkodan bərk incimişəm, barışmaram... - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
3563 | 2024-04-09 10:16

Rusiyanın bir hərbi eksperti var: “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko! Haqq üçünə demək olar ki, ədalətli biridir, haqqı çalışır ki, nahaqqa verməsin! Çıxışlarında, açıqlamalarında, sosial şəbəkə statuslarında da əvvəldən Azərbaycanın haqq işini dəstəkləyib. Çox vaxt erməniləri ciyarına qədər yandırıb töküb. Antiterror əməliyyatından sonra statusunda yazdı ki, Qarabağ məsələsi bitdi, Qarabağ “de fakto” və “de yure” Azərbaycandır. Ermənilər necə yanıb töküldülərsə, rəy bölümündə politoloqa demədiklərini buraxmadılar. 

Uzun sözün qısası, həmişə Korotçenkonu, ictimai xadim, jurnalist Maksim Şevçenkonu, tarixçi və politoloq Oleq Kuznetsovu, Siyasi Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Sergey Markovu  Rusiyanın vicdanlarını itirməmiş siyasətçiləri hesab etmişəm və həmişə də onları “balet” eləmişəm.

Mətləbdən uzaqlaşmayaq: Son zamanlar Korotçenkodan bərk incimişəm. Heç olmayan kimi... Soruşursunuzsa “niyə?”, onda mən danışım, siz dinləyin, səhvəmsə, deyin səhvsən!
Deməli, ötən il Ermənistan KTMT təlimlərindən imtina edib, ölkəsində hərbi təlim görmək istəmədiyini bildirəndə Korotçenko buna bərk qanı qaraldı. Dedi ki, Moskva İrəvanla siyasi çəkişmələrə girməməlidir. Biz artıq hər şeyi dedik.(Sətiraltı hədə) Nəhayət, özünüzə hörmət etməlisiniz. Əgər N.Paşinyan və onun yaxın ətrafı Rusiyaya qarşı kobudluq edirsə, ölkəmizi və onun məmurlarını təhqir edirsə, biz qeyd edirik və nəticə çıxarırıq. (Konkret hədə)

Ötən ay Ukrayna Prezidenti V. Zelenskinin İrəvana səfərini eşidən Korotçenko əsəbləşdi. Dedi ki, heç kim Paşinyanın çoxvektorlu yanaşmasının əleyhinə deyil: hamı yaşamaq istəyir.

Amma Cənubi Qafqazda Ermənistanın Ukraynaya çevrilməsi...( Sonra da 3 nöqtə -yəni ki, Paşinyan sən qarışıq, Ermənistanı da salarıq Ukraynanın gününə - açıq hücum) .

Paşinyan nə Korotçenkonu, nə də onun prezidenti V. Putini Avropaya – Brüsselə uçan təyyarəsinin “ qluşitel”inə də almadı. Növbəti dəfə Rusiyanın əleyhinə təşkil olunmuş tədbirə getdi. Bilirsiniz də 5 apreldə Brüsseldə keçirilən ABŞ-Aİ-Ermənistan görüşünü deyirəm.
Bu dəfə Korotçenko lap qəzəbləndi və dedi ki, belə bir anlayış var ki, Paşinyan Qərbə tərəf çevrilib:” Bu, Ermənistanın geri dönüşü olmayan yola çıxdığını göstərir. Brüssel görüşü ilə bağlı verilən şərhlər onu göstərir ki, həm Kremldə, həm Rusiya xüsusi xidmət orqanlarında, eləcə də Müdafiə Nazirliyində bu cür görüşlərin keçirilməsi çox mənfi qiymətləndirilir. Ermənistan bugünki Suriyaya çevrilə bilər”.( Barmaq silkələmək, plan hazırlığına başlamaq xəbərdarlığı)


Mənim Korotçenkodan inciməyimin də səbəbini açım, siz də rahatlaşın:

Bir kişi səfərə çıxır, xeyli yol getdikdən sonra qaranlığa düşür. Görür ki, bir kəndin kənarında bir ev var. Yaxınlaşır evə ”ay ev yiyəsi, ay ev yiyəsi” deyib çağırır. İçəridən bir qadın çıxır, deyir ki, evdə kişi xeylağı olmadığına görə, qonaq saxlamır. Kişi çox dil tökür, ağlayır, sızlayır ki, çöldə gecələsə çaqqallar, canavarlar onu parçalayar. Sonra da and içir ki, mən çox düzgün, qeyrətli adamam, sən tərəfə də baxmaram.

Qadının ürəyi yumşalır. Kişini evə buraxır. Arxa evdə özünə, girəcək evdə isə kişiyə yer açır. İki otağı bir-birindən ayıran, dəmir barmaqlıqları olan pəncərə olur. Nəisə ... Nə bu evdə kişinin gözünə yuxu gedir, nə bu birisi evdə qadının gözünə...
Qadın çarpayıda o üz bu üzə o qədər çönür ki... Kişinin də gözünə yuxu gedər? O da özün yatmışlığa vurur... Guya yuxunun içərisində “sayıqlayır”: "Bir dəli şeytan deyir, dur qapını parçala..gir o gözəl xanımın yanına ...”
Qadın yenə o üz bu üzə çönür, amma səsin çıxarmır...

Kişi yenə “sayıqlayır”:"Bir dəli şeytan deyir, pəncərəni silkələ. qır, tök yerə, gir o gözəl xanımın yanına ... ...”
Dinşəyir, görür qadından yenə  səs- səmir gəlmir, təkcə çarpayının cırıltısından başqa...
Kişinin "sayıqlaması" 3-4 dəfə baş verir .

Sonda yenə sayıqlayır deyir:”Bir dəli şeytan deyir, get sən də uzan çarpayıya, o gözəl xanımın yanına ...”
(Yəni təklif verib, dəvət gözləyir)

Axırda arvad kişinin qorxaqlığına dözmür, hikkəylə qışqırır:” Kül sənin kişi başına,  bayaqdan elə deyirsən, deyirsən, deyirsən, amma heç eləmirsən!”

Ukrayna , Suriya... deyirsən, deyirsən, deyirsən, amma heç eləmirsən....İnciyəjəm dəəə!...Barışmaram...


Əntiqə Rəşid

  • Sentyabr:
  • 20

TƏQVİM / ARXİV