adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Ölümə uduzanlar

9581 | 2012-10-13 00:26
Bu yazını Avstriya bəstəkarı Frans Şubertin "Ave Mariya" musiqisinin sədaları altında yazıram. Əslində bunu ilk dəfə edirəm. Heç vaxt yazı yazarkən musiqi dinləməmişəm. Çünki həmişə musiqinin yazını başqa səmtə çəkib aparacağından ehtiyat etmişəm. Amma bu dəfə nədənsə, möhtəşəm "Ave Mariya"nı, "İvan İliçin ölümü" əsəri ilə uzlaşdırıb yazmağa davam edirəm.
   
   Lev Tolstoyun əsərləri ilə mənim tanışlığım iyirmi yaşımda başlayıb. İlk mütaliəmi "Anna Karenina", "Dirilmə", "Hərb və Sülh" romanları və hekayələri ilə davam etmişəm.
   
   Bu əsərlərin bir qismini oxuduğum vaxt mən indiki yaşıma on il nisbət gənc idim. Və bir çox gənclər kimi "İvan İliçin ölümü" əsərindən bixəbər yaşayırdım.
   
   Məişət qayğıları başımın üstünü alıb ədəbiyyata ayıracağım zamanımı aldıqdan sonra, mən qarşıma çıxan yazıçılardan, ədəbiyyat adamlarından oxunması vacib olan yazıçıların adlarını vermələrini xahiş edirdim. Fikirləşirdim ki, heç olmasa özümə qalan kiçik vaxtı ən yaxşı müəlliflərin kitablarını oxuyaram.
   
   Bir gün çox hörmət etdiyim yazıçı Fəxri Uğurludan böyük bir siyahı aldım. Bu siyahının içərisində Lev Tolstoyun "İvan İliçin ölümü" povestini oxumağım da məsləhət görülmüşdü.
   
   Həmin əsəri bir il sərasər axtardım. Ancaq nə elektron variantda, nə kitab halında rastıma çıxmadı. Bircə dəfə istisna olmaqla. Kitab mağazalarından birində Tolstoyun qalın cildliyin tapdım. İçərisində axtardığım əsər vardı. Lakin həmin kitab türk dilində olduğuna görə çox bahaydı. Nə isə kitabı ala bilməyib yerinə qoymuşdum.
   
   Ancaq bir gün heç gözləmədiyim vaxtda kitabxanadan "İvan İliçin ölümü"nü tapdım. Rus dilindəydi. Üç saata yaxın diqqətlə oxudum. Elə yerlər var idi ki, o hissələri qayıdıb yenidən oxuyurdum.
   
   Kitabı bitirəndən sonra bir neçə vaxt özümə gələ bilmədim. Axırıncı dəfə belə sarsıntını Çexovun "6 nömrəli palata" hekayəsində, Con Steynbekinin "Adamlar və siçanlar" romanında keçirmişdim.
   
   Əsəri oxuyanların canı sağ olsun, oxumayanlara isə kiçik giriş vermək istəyirəm.
   
   İvan İliç məhkəmədə hakim işləyir. Sakit, qayğısız ömür yaşayır. Bu ahəstə güzəranı arabir xanımı ilə olan toqquşmalar korlamasa, o özünü daha da xöşbəxt hiss edə bilər.
   
   İvan İliç düşünür ki, insan məhz onun kimi yaşamalıdı. İş, ev, qayğısız ailə və.s. Belə rahat günlərin birində çarəsi olmayan, sağalmaz bir xəstəlik onun başının üstünü kəsdirir. İvan İliç əvvəllər bu xəstəliyi ötəri hesab edib, əhəmiyyət vermək istəməsə də, sonrakı vaxtlarda xəstəlik özünün əsl sifətini göstərir. Və İvan İliç tədricən yatağa məhkum olur. Həmin xəstəlik müddətində özü ilə yetərincə tək qalmağa məcbur olan qəhrəman ətrafında baş verənləri daha aydın görüb, dərk edə bilir.
   
   Əvvəllər xəstəliyini, daha sonralar isə tezliklə öləcəyini ailə üzvlərinin ondan naşılıqla gizlətmələri, insanların iki üzlülüyünün verdiyi əzablar xəstəliyi ilə bərabər İvan İliçi əldən salır. O, evindəki insanların onu yalnız çay, yemək və başqa fiziki ehtiyacları olduğu zaman xatırladıqlarını görür. Xanımının ona riyakar, saxta məhəbbəti onu xəstəliklə bərabər məhv edir.
   
   O, duyur ki, xəstəliyin onu ölümə hər gün bir az daha yaxınlaşdırması ən yaxın adamlarının belə gündəlik yaşantılarına təsir etmir. Hətta onun daha tez ölməsini arzuladıqlarını hər kəsin gözlərindən, baxışlarından anlayır. Həyat davam edir və hamı öz ömrünü sevinclə yaşamaq istəyir.
   
   Xeyli boş zamanlarında İvan İliç özünün yaşadığı ömrə nəzər salır. Uşaqlıq çağlarındakı xöşbəxt günlərini, universitet illərindəki bir neçə gözəl arzularını çıxdıqdan sonra o həyatının mənasız, boz rəngdən ibarət olduğunu anlayır.
   
   Xeyli çəkən mənəvi və cismani ağrılardan sonra hamı kimi İvan İliçdə sonunda ölümə uduzur...
   
   Ümumiyyətlə Lev Tolstoy qədər ölüm anını açıq-aydın, bir o qədər də əzabla, təsvir edən çox az yazıçı tanıyıram. Bu fikrimi "Hərb və Sülh" romanında Knyaz Andreyin ölüm anını yada salmaqla da möhkəmlədə bilərəm.
   
   İvan İliçin ölümü əsərini çox gənc yaşlarda oxumaq çətin olar. Çünki həyatında heç bir itki görməmiş, duymamış insan üçün bu əsər çox ağır təsir göstərə bilər.
   
   Lakin az-çox itkiylə, əziyyətlə üzləşmiş insanlar bu əsərin qalıcı təsirindən xilas ola bilməsələr də, əsərə qarşı daha dözümlü ola bilərlər.
   
   Ətrafımızda azmı olub xəstəliyindən xəbərsiz, ölümlə çarpışan insanlar? Azmı olub onları, xoş günlər, səfalı ömür sürəcəyi haqqında vədlər verib aldatdığımız?!
   
   Mən indi bilirəm ki, həmin xəstə olan insanlar lal baxışlarla bizə baxarkən ürəklərindən nələr keçiriblərmiş. Biz elə bilmişik ki, onları aldatmışıq. Əslində isə onlar bizi öz ölümlərini həssaslıqla duyub bilməklə və bizdən gizlətməklə aldadıblar.
   
   Mən bir-iki günlük ömrü qalan insanın yatdığı otaqdan aralı otaqda təmir işi aparan, atasının ölümündən sonra gələcək qonaq qaranı yola salmaq üçün otaq düzəldib qaydaya salan oğullarının hərəkətindən əzab çəkən ata görmüşəm.
   
   Ölümcül xəstəliyin caynağında çırpınan, yeməkdən-içməkdən kəsilən ölümə anban yaxınlaşan ananın yaşlı gözləri qarşısında onun cehizlik qab-qacağını bölüşdürən, mebel dəstini çölə atan, bir vaxtlar həvəslə alıb kitab rəfinə yığdığı kitabları yığıb zibilxanalara tullayan qızlar görmüşəm.
   
   İnsanın gözü baxa-baxa onun ölümünə hazırlaşanların insanlıqdan, vicdandan, mərhəmətdən danışmalarını necə qəbul etmək olar?!
   
   Ölən insan ətrafdakılara baxa-baxa onların cavan, təravətli olduğunu yaşamağa davam etdiklərini görür. Əzab çəkir.
   
   Özünü insanlardan təcrid etmək istəyir, amma bacarmır. Ən azından fiziki mənada onlardan asılı vəziyyətdə olduğundan onlara dözməyə məcbur olur. Öz canını kiməsə əmanət etmək və bu canı itirmək qorxusu, acısı. Bu da təbiətin insana layiq bildiyi amansız bir işgəncədir.
   
   Frans Şubertin Valter Skottun "Göl xanımı" himninin sözlərinə bəstələnmiş "Ave Mariya" əsəri də bu yazıyla birgə bitir.
   
   Sonralar yəqin ki, mən hər dəfə bu möhtəşəm əsəri dinləyəndə, "İvan İliçin ölümü"nü təkrar-təkrar "oxuyacağam" ki, ölümə uduzmayım.

TƏQVİM / ARXİV