adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Bu nömrəyə zəng çatmır...

FAİQ QİSMƏTOĞLU
780 | 2022-06-06 13:35

...Hər dəfə bax bu sözləri eşidəndə o dünyanı görüb gəlirəm, amma həmin adamları görə bilmirəm və düşünürəm ki, bu dünyanın çox qəribə və həm də qeyri-adi bir yazılmamış qanunları var. Sevdiyin, seçdiyin və səni sevən adamları bir dəqiqənin içərisində itirirsən... Sonra da illərlə, aylarla, günlərlə özünə gələ bilmirsən... Və düşünürsən ki, itirdiyin adamlarla nə vaxtsa görüşəcəksən, yenidən dostluq edəcəksən... yenidən ürəyindəki sirləri onunla paylaşacaqsan... yenidən o xoş günlər davam edəcək ...

...Bütün bunlar bizim hər birimizin içindən, qəlbindən, ürəyindən keçən hisslər və duyğulardı və biz bu hisslərlə, duyğularla ölən günə qədər yaşayacayıq... Ölən günə qədər bir ümidin  budağından sallanıb sevdiyimiz və çox istədiyimiz adamlarla görüşəcəyimizə güvənirik... Belə baxanda elə biz həmin adamlarla tez-tez görüşürük. Sizi bilmirəm, itirdiyim və sevdiyim adamlar mənim tez-tez yuxuma girir və nə qədər qəribə olsa da bu yuxular o qədər inandırıcı, o qədər reallığı əks elətdirir ki, gördüyüm yuxularda əzizlərimin və dostlarımın hətta nəfəsini, səsini, qəlbinin çırpıntısını, pıçıltısını hiss edirəm...

...Metronun «Əhmədli» stansiyasında İlqar adlı dostumuzla görüşürük. Və gözləyirik ki, mənim uzun illərdir qardaşlıq elədiyim, göy üzü kimi təmiz, bulaq suyu kimi duru Daşdəmir Əjdəroğlu gələcək. Qatarlar bir-bir gəlir, o isə gəlib çıxmaq bilmir. Mən də, dostumuz İlqar müəllim də çox narahat oluruq. Çünki Daşdəmir çox dəqiq və sözünə dürüst adamdı. Mobil telefonuna zəng edirəm cavab gəlir: «Bu nömrəyə zəng çatmır...»

...Onsuz da kədərin üstünə köklənmişik. Məşhur jurnalist və tələbə dostum Məzahir Süleymanzadənin yas məclisinə gedirik. Telefondan gələn bu mesaj məni son bir ildə itirdiyim əzizlərimi və dostlarımı xatırladır. Yadıma Məhəmmədəli Mustafa düşür... yadıma Lətif Süleymanlı düşür... yadıma Qələndər Xaçınçaylı düşür... yadıma bəy oğlu bəy Nazim Ağamirov düşür... yadıma qardaşım Elxan düşür... Özüm də bilmirəm hansı ovqatdayam. Sanki havalanmışam. Hətta yanımda İlqarın da olduğunu unutmuşam və bir-bir həmin dostlarımın və qardaşımın nömrəsinə özümdən asılı olmayaraq zəng vururam və eyni cavab gəlir: «Bu nömrəyə zəng çatmır...» Öz-özümə beləcə  təsəlli verirəm. Elə bilirəm ki, onlar telefonu söndürüblər. Düzdü, onların heç birinin telefonu cavab vermir. Bir çox halda Məhəmmədəli Mustafanın telefonu açıq olur. Ona da qardaşı Azər cavab verir. Deyir ki, çox vaxtı Məhəmmədəli müəllimin telefonunu açıq qoyuram. Bu da bir təsəllidir ki, qoy dostları zəng edəndə onun səsini eşitəməsələr də mənim səsimi eşitsinlər. Biz bir-birimizə oxşadığımız kimi, səslərimiz də bir-birinə bənzəyir.

...Sanki Azər müəllim bu sözləri məndə yeni bir inam yaradır. Deyirəm ki, kaş dünyasını dəyişən o biri dostlarımızın da mobil telefonları açıq olaydı, özlərinin səsini eşitməsək də, qardaşlarının, övladlarının səslərini eşidəydik... Amma mənim zəng elədiyim bu dostların heç birinin telefon nömrəsi işləmir. Və mənə təsəlli olan odur ki, telefon nömrəsi işləməyən dostlarım və qardaşımı tez-tez yuxularımda görürəm və yuxularımda onlarla yenidən görüşür, istədiyimiz yerə gedir və istədiyimiz şirin söhbətləri də eləyirik. Nə yaxşı ki, heç olmasa bu yuxular var və əzizlərimizi bu yuxularda görürük...

...Bu vaxt qatar gəlir və qatarda Daşdəmir Əjdəroğlunu görürük. Qatardan düşür, öpüşüb-görüşürük. Deyirəm ay Daşdəmir, sən ki, dəqiq adamsan, mobil telefonun niyə işləmir, özün də gecikmisən. Sənin mobilinə zəng vurdum, bu cavabı eşitdim: «Bu nömrəyə zəng çatmır...» Bax, səndən sonra kövrəldim, dünyasını dəyişmiş dostlarım və qardaşım yadıma düşdü. Onların nömrəsinə zəng vurdum və eyni cavabı aldım. Daşdəmir də, İlqar dostumuz da kövrəlir, hətta Daşdəmir gözlərimin dolduğunu görüb məni qucaqlayıb öpür. Deyir, dostlarımız yoxdu, nə yaxşı ki, sən varsan!

...Amma mən olsam da, nə Məhəmmədəlinin, nə Qələndərin, nə Lətifin, nə Nazimin, nə də qardaşım Elxanın yerini verə bilərəm. Sadəcə dostlarımı və əzizlərimi mənə bir daha yada salan o telefondakı cavab oldu: «Bu nömrəyə zəng çatmır...» Allah o dünyalarını versin! Bizə də səbir versin ki, dərdimizi çəkə bilək və sağ qalan əzizlərimizi, dostlarımızı qoruyaq! Çünki biz itirdiyimiz əzizlərimizin qoxusunu o sağ qalan doğmalarımızdan, dostlarımızdan alırıq...
 
 

TƏQVİM / ARXİV