adalet.az header logo
  • Bakı -°C
01 Oktyabr 2026 18:29
57
ƏDƏBİYYAT
A- A+

Tofiq Bakıxanovun silinməz izləri hər zaman yaşayacaq

Bu gün Azərbaycan musiqi mədəniyyətinin parlaq və unudulmaz simalarından biri, Xalq artisti, professor Tofiq Bakıxanovun aramızdan ayrılmasından 40 gün ötür. Vaxtın sürəti qarşısında aciz qaldığımız bu məqamda bir daha dərk edirik ki, Tofiq müəllimin yoxluğu təkcə yaxınları üçün deyil, bütöv bir sənət dünyası, musiqi ictimaiyyəti üçün əvəzsiz bir itkidir. 

​Tofiq Bakıxanov mahiyyətcə nurlu, ətrafına daxili işıq və nəzakət saçan nadir insanlardan idi. Abbasqulu Ağa Bakıxanov kimi nəhəng maarifçimizin, məşhur tarzan Əhməd Bakıxanovun varisi olan bu kübar şəxsiyyətin həm virtuoz skripkaçı, həm də mahir bəstəkar kimi forma tapan böyük sənət yolu bilavasitə korifeylərimizin xeyir-duası ilə başlayıb. Hələ gənc yaşlarında onun ecazkar skripka ifasını dinləyən dahi Üzeyir bəy Hacıbəyli gəncin parlaq istedadına heyran qalaraq: "Bu gəncdən imtahan götürməyə ehtiyac yoxdur, o, artıq hazır və böyük sənətkardır" deməklə onun parlaq gələcəyini proqnozlaşdırmışdı. 

​Sonralar Azərbaycan Dövlət Konservatoriyasında dahi Qara Qarayevin bəstəkarlıq sinfini bitirən Tofiq Bakıxanov məhz bu böyük məktəbin bədii ənənələrini şərəflə yaşatdı. Onun yaradıcılıq irsi nəhəng miqyası ilə seçilir: bəstəkarın qələmindən çıxan 8 simfoniya, 5 simfonik poema və 5 simfonik muğam Azərbaycan simfonizminin inciləridir. Atası Əhməd Bakıxanovun ifasından ilhamlanaraq qələmə aldığı "Nəva" və Xocalı faciəsinə həsr etdiyi "Hümayun" simfonik muğamları, 7-ci "Qarabağ harayı" Simfoniyası, dahi Üzeyir bəyin xatirəsinə əbədiləşdirdiyi 8-ci Simfoniyası və vizit kartına çevrilən "Xəzər balladası" baleti Qara Qarayev bəstəkarlıq məktəbinin parlaq bəhrələridir. 

​Bəstəkarın kamera-instrumental musiqi sahəsindəki töhfələri də müstəsna əhəmiyyət kəsb edir. Müxtəlif alətlər üçün bəstələdiyi 26 sonata, trio, kvartet və 26 konsert, Şərq xalqlarının mövzularında qələmə aldığı 5-ci, 6-cı, 7-ci sonataları və Tofiq Quliyevə ithaf etdiyi 8-ci Sonatası onun sənət üfüqlərinin genişliyini göstərir. 

​Tofiq müəllim ömrünün son günlərinədək Azərbaycan Bəstəkarlar İttifaqı ilə sıx bağlı idi. O, İttifaqın Ağsaqqallar Şurasının fəal və dəyərli üzvü kimi hər zaman gənclərə dayaq durar, öz zəngin təcrübəsini doğma ocağımızdan əsirgəməzdi.

​40 gündür ki, Tofiq Bakıxanov fiziki olaraq aramızda yoxdur, lakin onun unudulmaz musiqisi, xalqına və sənətinə sadiq şəxsiyyəti, Azərbaycan mədəniyyətinə qoyub getdiyi silinməz izlər hər zaman bizimlə yaşayacaqdır.

​Ruhu şad, məkanı cənnət olsun.

Firəngiz Əlizadə

Azərbaycan Bəstəkarlar İttifaqının Sədri, Xalq artisti, professor