adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Vicdansızlıq etməyin

İNTİQAM VALEHOĞLU
21116 | 2011-08-04 14:25
Görünür, doğrudan da neçə ildir bu həşəratlar "Qarabağ"ın məğlubiyyətini gözləyirmiş. Əgər belə olmasaydı, indi hərə əlinə bir don götürüb "köhlən atlar"ın Belçika "Brügge"sinə məğlubiyyətinə geyindirməyə çalışmazdı. Halbuki bəlkə də çoxlarının don geyindiriləsi o qədər "obyektləri" var ki. Gerçəyi söyləmək lazım. Mən də gözləyirdim ki, ağdamlılar səfərdən 1:0, 2:1-lik məğlubiyyətlə dönəcəklər. Amma nə etmək olar? Bu futboldur.
   
   Yazını yaza-yaza ölkənin tanınmış idman saytlarına göz atıram. Elə fikir verdinizsə, başlıqdakı ilk cümləm də millimizin kapitanı, "Qarabağ"ın isə liderlərindən olan Rəşad Sadıqovun fikrindəndir. "14" nömrənin istedadlı futbolçu olmaqla yanaşı, kifayət qədər ağıllı insan olduğunu bilirdim. Amma "Qarabağ"ın "Brügge"yə məğlubiyyətinə müxtəlif rəngli və ölçülü don geyindirənlərə belə layiqli cavab verəcəyini düşünməmişdim.
   
   Sitat: - Mən artıq özümü bu oyuna kökləmişəm, bütün komanda qarşıya qoyulan məqsədi yaxşı bilir. Ancaq mən bir vacib məsələyə toxunmaq istəyirəm. Demə, neçə ildir, qarnıqurdlu, həşərat insanlar var imiş ki, "Qarabağ"ın uğurlarını həzm edə bilmirmiş və elə bil bu anı gözləyirmiş. Son məğlubiyyətdən sonra artıq o həşəratlar üzə çıxmağa başlayıb. "Qarabağ"ın məğlubiyyətini hərə bir cür yozur. Kimisi məşqçini, kimisi futbolçuları günahlandırır. Ancaq onlara deyərdim ki, gözlərini açıb baxsınlar, biz kimlərə qarşı oynamışıq, ondan sonra danışsınlar. Nə qədər ki, Azərbaycanda bu qədər paxıllıq, kin, gözü- götürməmək olacaq, heç vaxt uğur əldə edə bilməyəcəyik. Nə qədər ki, bizim futbol ictimaiyyətimiz mehribanlaşmayacaq, bizim futbolumuz heç vaxt inkişaf etməyəcək".
   
   Kim Sadıqovun dedikləriylə razı deyil? Deyilsə, əlini qaldırsın. Bax belə... əlini qaldırsın və mail adresimə bu barədə yazsın. Söz verirəm ki, gələn dəfəki köşəmdə həmin oxucunun fikirlərini olduğu kimi verəcəm. İnanmıram ki, kimsə şablon da səslənsə deyəcəyəm-zərgər dəqiqliyi ilə seçilmiş bu sözlərə cavab versin. Bir də ki, klubumuzun şanslarını hələ də itirilmiş saymağa gərək yoxdur. Əlbəttə 4:1 böyükhesablı məğlubiyyətdir, "Brügge" isə "Banqa" deyil.
   
   Amma istənilən halda, belçikalıları evdə məğlub etməklə həm səfərdəki məğlubiyyətin əvəzini, həm də əsas millimizin belçikalı həmkarlarına uduzmalarının qisasını almaq mümkündür.
   
   Don geyindirənlərin nəzərinə!
   
   Bəri başdan deyirəm. Əgər "Qarabağ" Bakıda "Brügge"yə qalib gəlsə, həmən deyərsiniz ki, rəqib paytaxtımıza 18-ci heyətini gətirmişdi. Ok?
   
   Hisslərə qapılmadan kapitanın bir fikrinə də diqqət çəkmək istəyirəm. Söhbət ehtiyat oyunçular skamyasının kasadlığından və legionerlərin azlığından gedir. Rəşad cavab verir: "Qarabağ" klubunun siyasəti budur. Ehtiyat skamyası leqionerlərlə dolu olan klublar nə edə bildilər? Rəşad Sadiqov oynamasa da, gənc Qara Qarayev əsas heyətdə idi. Belə addımları alqışlamalıdılar ki, 17-18 və 19 yaşlı gənc futbolçular bu cür mötəbər turnirlərdə meydana buraxılırlar. Amma bəziləri təklif edir ki, öz cavan yerli oyunçularımızın yerinə 30-35 yaşlı legioner oynasın. Həmin legioner sabah bir çətinlik olan kimi pullarını da götürüb aradan çıxacaq".
   
   Yəqin bu fikir də çoxlarını müvəqqəti də olsa susduracaq. Onsuz da məğlubiyyət məğlubiyyətdir. Onsuz da hazırda komandada müəyyən gərginlik var. Həm Rəşad Sadiqovun qardaşının vaxtsız vəfatıyla ilgili, həm də məğlubiyyət. Başa düşün, vicdansızlıq etməyin.

TƏQVİM / ARXİV