adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
30 Aprel 2024 12:58
466
SİYASƏT

Ədliyyə general-mayoru münaqişəni qızışdırır: Ermənilərə çağırış ...

Ermənistanın ədliyyə general-mayoru Tatul Petrosyan yenə qızışıb.
Onu əsəbləşdirən isə ötən gün İrəvanda Tavuşun Kirants kəndinin sakinləri ilə erməni baş nazir Nikol Paşinyan və hökumət üzvləri arasında qapalı görüş keçirilməsi, eyni zamanda ermənilərin həmin görüşdən pərişan çıxması olub . Həmçinin “Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyanın Kirants kəndinin iki hissəyə bölünəcəyi xəbəri də Petrosyanı dəli edib.

Erməni mediası xəbər verir ki, Tavuşa dəstək prosesi genişlənir. Son günlər Ermənistanın müxtəlif bölgələrində, o cümlədən İrəvanda etiraz aksiyaları keçirilir. Vətəndaşlar müxtəlif vaxtlarda yolları bağlayır, nümayişlər, maarifləndirmə yürüşləri, aksiyalar keçirirlər. Ədliyyə general-mayoru Tatul Petrosyan vətəndaşların bu qiyamının nəticə verəcəyinə əmindir. Deyir ki, ölkəni xilas etməkdə yorulmaq, məyus olmaq olmaz, ümidsizlik olmaz: “Tavuş bölgəsindən alovlanan bu hərəkat mütləq davam etməlidir. Xalq tədricən bir ideya ətrafında birləşməlidir. Gözləmək olmaz, susmaq olmaz" .

Qeyd edək ki, Ermənistanın ədliyyə general-mayoru Tatul Petrosyan Azərbaycanın haqq işini həyata keçirməsindən bərk qorxuya düşüb. O,  ötən ayın sonundakı açıqlamasında Ermənistan hakimiyyətinin Rusiyanı buradan çıxarıb, ölkəni türk vilayətinə çevirməyə çalışdığını söyləmişdi: “Rus sərhədçilər Ermənistanı tərk edən kimi türklər deyəcəklər ki, yeni sərhəd çəkmək lazımdır, çünki Sovet İttifaqı yoxdur, ona görə də Ermənistanın əvvəlki sərhədləri də yoxdur. Paşinyan deyir ki, hələ də delimitasiya üçün xəritələr mövcud deyil. Onlar hər bir halda azərbaycanlılara uyğun olan xəritəni əsas götürəcəklər”.

 Əntiqə Rəşid