adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

"Səndən nə yaxzı polis çıxardı, bunları qatardın ee qabağıva"

İNTİQAM VALEHOĞLU
16323 | 2012-03-02 08:34
Həmkarım Seymur Qasımbəyliylə "Azərbaycan" nəşriyyatının dəhlizlərində gündə bəlkə 3-4 dəfə qarşılaşsaq da, münasibətimiz "salam-sağ ol" həddindən o yana keçməmişdi. Amma onunla real tanışlığım, bir qədər də irəli getsəm dostluğum jurnalistlərin İsmayıllı səfərinə təsadüf elədi. Sən demə, yoldaş Qasımbəyli həm də "yeyib-içən oğlan yaman olmaz" prinsipinə riayət edənlərdən imiş. Təsadüfi deyil ki, müsahibəmizin süfrə arxasında baş tutmasını da o təklif elədi. Bəh-bəh... Saciçi, həmkar söhbəti, arabir zarafatlar... "Həmkar"ın növbəti qonaqları üçün anons bitdi. Təbii ki, zarafatdır. İndi də Seymur özünü tanıdır.
   
   
   
   - 1983-cü ildə Cəlilabad rayonunda ziyalı bir ailədə doğulmuşam. Atam cərrah, anam müəllimədir. Orta məktəbdə müəllimlərimdən biri də anam olub və sinifdə ilk silləni də mənə vurub.
   
   - Maraqlıdır. Bu necə olmuşdu?
   
   - Xalamın nişanı idi. Dərsimi oxumaq əvəzinə nişana getdim və anam da bunu bilirdi. Axşam ona dedim ki, dərsimi bilmirəm, sabah məndən soruşmazsan. Səhəri gün sinifdə elə dərsi ən birinci məndən soruşdu, bilmədim. Həmin vaxt həm sillə yedim, həm də "2" aldım. Yaxşı ki, o sillə zamanında mənə dəydi. 2000-ci ildə orta məktəbi fərqlənməylə bitirib Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil oldum. 2004-cü ildə ali təhsilimi başa vurub hərbi xidmətə yollandım. Bir haşiyə çıxım. Hərbi hissədə magistraturaya hazırlaşmışam. Hətta hərbi hissənin komandiri gəlib görəndə ki, oxuyuram, deyirdi, ayağa qalxma, oxu, inanıram ki, sən magistraturaya girəcəksən. Həmin adam hazırda Müdafiə Nazirliyində şöbə müdiridir. Bizim çox gözəl dostluq münasibətimiz yarandı. Mən onun timsalında əsl komandir, layiqli rəhbər, tələbkar, məsuliyyətli və mehriban hərbçi gördüm. Onun minlərlə əsgəri olub, lakin yalnız mənimlə hərbi xidmətdən sonra görüşür və bayramlaşır. Əksər hallarda mən daha tez zəng edirəm, təbriklərimi çatdırıram. Bu gün də ona zəng vuranda bir əsgər kimi əmrinə hazır olduğumu bildirirəm...
   
   2005-ci ildə əsgərlikdən qayıdıb Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının magistri oldum. Deyim ki, həm bakalavr, həm də magistratura pillələrində təhsil alarkən yazdığım elmi işlərim - diplom işlərim uğurlu olub və bu gün də ondan həzz alıram.
   
   - Tələbə olanda mətbuatla əlaqələrin var idi?
   
   - Hələ bakalavr kimi təhsil alanda, 2002-ci ildə fakültənin "Jurnalist" qəzetinin fəaliyyətini bərpa elədik. Sonra hər il yayda bizi qəzetlərə, telekanallara təcrübəyə göndərirdilər. "Yeni Azərbaycan" qəzetinə təcrübəyə göndərildim və təcrübədən sonra da orada yazmağa davam etdim. Sözsüz ki, o vaxt qonorar almırdım. "Bakı" qəzetində də təcrübə müddətində yazılarım dərc olundu. Magistraturada oxuyanda 2005-ci ildə "Şərq" qəzetinə gəldim və burda qalası oldum.
   
   - İlk qonorarın nə qədər olmuşdu?
   
   - 15 günə 3-4 yazı yazmışdım və o vaxtki pulla 3 "şirvan", yəni 6 manat qonorar aldım. Həmin pula konfet aldıq, redaksiyada çay içdik. Mənim jurnalist kimi formalaşmağımda "Şərq" qəzetinin böyük rolu oldu.
   
   
   
   "...getməyimə də
   
   bircə səbəb var..."
   
   
   
   - Hətta indi də çoxları səni "Şərq"də işləyən bilirlər. Bəs nədən birdən-birə bu qəzetdən getməyə qərar verdin?
   
   - "Şərq" həqiqətən də mənimçün bir jurnalistika məktəbi oldu. Baş redaktor Akif Aşırlı sözün həqiqi mənasında orada yaradıcı mühit yaradıb. Çünki özü də yaradıcı adamdır. Yazı yazan baş redaktorlardandır. Yadıma düşmüşkən, bir əhvalatı danışmaq istəyirəm. Hələ bakalavrda oxuyanda "ATV"yə getmişdim. Məndən soruşdular ki, qəzetdə işləmisən? Cavab verdim ki, yox. Onlar mənə "Şərq" qəzetini göstərdilər və dedilər-bu gün Azərbaycanda ən çox informasiya verən məhz bu qəzetdir.
   
   - Bu sözlərdən sonra yüz faiz səni yenidən "Şərq"ə dəvət edəcəklər...
   
   - Bu qəzetdə mənim imzam tanındı. Jurnalist kimi formalaşmağıma görə "Şərq"ə borcluyam. Orda heç vaxt mənə "bunu yazma" demədilər. Hər qəzetin müəyyən bir kursu var. Mən də doğma qəzetimin kursunu çox tez götürdüm. Bir nüansı xüsusi qeyd etmək istəyirəm. Biz tələbə vaxtı təcrübəyə getdiyimiz redaksiyalarda tələbələrə nəsə öyrətməyə maraq göstərmirdilər, hətta təcrübəçilərdən uzaq qaçırdılar. Sanki kimsə nəsə öyrənib onların yerini tutacaq. Lakin "Şərq" yeganə qəzetdir ki, burada hər kəsi öyrədirlər. Mən orada işlədiyim müddətdə də tələbələrə nəsə öyrətməyə çalışmışıq. Çünki "Şərq"in kollektivi doğrudan da peşəkarlardan ibarətdir və bu redaksiyadakıların kiminsə onun yerini tutacaq kimi qorxuları yoxdur.
   
   - Bəs niyə getdin?
   
   - Tam səmimi deyirəm ki, heç vaxt "Şərq"dən getmək istəməzdim. Ordan getsəm də, nə vaxtsa geri qayıtmaq ümidiylə yaşayıram... Hər gün redaksiyaya gələndə maraqlı nəsə yazacağımı, sözdən hansısa qalanı quracağımı düşünürdüm. Orada işləmək mənə həm də kollektiv baxımından xoş idi. Çünki "Şərq"in kollektivi gözəl insanlardan ibarətdir. Getməyimə də bircə səbəb var. Bu da məvacibin azlığıdır.
   
   - "Şərq"də nə qədər məvacib alırdın?
   
   - Deyəcəm... Amma əvvəlcə onu deyim ki, burda işləyə-işləyə xeyli təkliflər alırdım, amma "Şərq"dən ayrılmamaq üçün həmişə imtina edirdim. Lakin sosial sıxıntılar adamı sıxanda, edilən təkliflərin dəyərləndirilməsinin vacibliyi haqda düşünməli olursan. Məvacibimə gəlincə, "Şərq"də 350 manat maaş alırdım. Bu yaşamaq üçün çox az puldur. Düzdür, son zamanlar müsabiqələrdən də qazanırdım, bu da edirdi hardasa 400 manat.
   
   - İndiki iş yerin?
   
   - İndi "Rabitə dünyası" qəzetində müxbir kimi çalışıram.
   
   - Bu qəzet nazirliyin strukturudur və yaradıcılıq imkanları yoxdur...
   
   - Sizinlə razı deyiləm. Burada da yaradıcı mühit və gözəl şərait var. Üstəlik, mehriban kollektiv və yaxşı yazıları dəyərləndirən rəhbərlik var. İndiki iş yerimdən razıyam.
   
   - Bəs, burdakı əməkhaqqın nə qədərdir?
   
   - Keçmiş iş yerimdən getməyimə dəyə bilən məbləğdir.
   
   - 500 manat?
   
   - Təxminən (gülür).
   
   - Bir ara mətbuatda Bakının baş planıyla bağlı silsilə yazıların getdi. Hətta müəyyən rezonans da doğurmuşdu...
   
   - Bu haqda çoxlu yazılar yazdım. Hətta hansı proyektli binalar neçənci ildə tikilib, hansı binaların tikilməsində məqsəd nə olub kimi məsələlərə də aydınlıq gətirmişdim. Çünki həmişə Bakının gözəlləşməsində, memarlığının təbliğ olunmasında maraqlı olmuşam. Amma binalar harda gəldi, necə gəldi tikildi və bu şəxsən məni sıxdı. Sonradan bu yazıları dayandırdıq.
   
   
   
   "Məni tanımasalar da olar"
   
   
   
   - Niyə?
   
   - Çünki kimlərəsə elə gələ bilərdi ki, biz kiməsə qarşı kampaniya aparırıq. Biz sadəcə olaraq problemi gündəmə gətirmişdik və məsələnin həll olunmasını istəyirdik.
   
   - Məmur dostların var?
   
   - Çox azdır. Müdafiə Nazirliyində, Torpaq Komitəsində şöbə müdiri işləyirlər. Alimlər, ictimai insanlar arasında dostluq etdiyim insanlar daha çoxdur.
   
   - Dostluqlar yaradıcılığa mane olur?
   
   - Xeyr. Hətta dostumun işlədiyi qurum haqqında da tənqid yazmışam.
   
   - Elədiyin tənqidə görə zənglər, tənqidlər, hədələr...
   
   - Olmayıb. Amma kiçik anlaşılmazlıqlar olub...
   
   - Mətbuatda imza tanıtmaq üçün jurnalistin hansı əsas qabiliyyəti, üstünlüyü olmalıdır?
   
   - (düşünür) Mənim üçün söz oynatmaq bacarığının olması vacibdir. Üstəlik, utanmamalısan, çəkinməməlisən. Qapıdan öyrənə bilmədiyin xəbəri, bacadan boylanaraq öyrənməlisən. Jurnalist olmaq üçün ixitisas önəmli deyil. Əsas odur ki, yazmağı və faktın üzərinə getməyi bacarasan.
   
   - İmzanın tanınması yaxşı jurnalist olmaq anlamına gəlir?
   
   - Heç vaxt imzamın tanınmasına çalışmamışam. Qarşıma vətəndaş mövqeyi qoyub xalqım üçün çalışmışam. Məni tanımasalar da olar. Təki apardığım təbliğatın nəticəsi görünsün, kimisə düz yola gətirə bilim.
   
   
   
   "Boyum 190 santimetrdir"
   
   
   
   - Nə üçün jurnalistikanın sosial vəziyyəti bu qədər acınacaqlıdır?
   
   - Jurnalistikanın parlaması üçün reklam lazımdır, reklamın olması üçün reklam verən. Əgər bir məhsulu ölkəyə yalnız bir şəxs gətirirsə, heç vaxt qəzetə reklam verməyəcək. İnhisarçılıq olan yerdə reklamdan söhbət gedə bilməz. Onsuz da bu malı ölkəyə bir nəfər gətirir. İqtisadçı deputat Əli Məsimli mənə verdiyi müsahibəsində deyir ki, Azərbaycanda elə bir sahə göstər ki, orda monopoliya olmasın, mənsə sübut edim ki, var. İqtisadçı alim bunu söyləyirsə, deməli, nəsə bilib deyir.
   
   - Mətbuatda boyca səndən hündür kimsə var?
   
   - "Respublika" qəzetində Müşviq müəllim var, məndən təxminən bir santimetr hündürdür.
   
   - Boyun nə qədərdir?
   
   - 190 santimetr.
   
   - Boyla bağlı yəqin ki, hansısa maraqlı hadisəylə qarşılaşmısan...
   
   - Orta məktəbin doqquzuncu sinfinə qədər bədən tərbiyəsi dərsində həmişə cərgənin arxasında dayanmışam. Sinifdə hamıdan balacaydım. Sonra həm basketbola getdim, həm də turnikdə boy məşqi etdim. Valideynlərim boyca hündürdülər. Həmişə atamla boyumu ölçürdüm, deyirdim ki, az qalıb sənə çatmağıma. O da deyirdi ki, çalış məni həm də elmdə keç. Çünki o çox universal adamdır. Tarixdən danışır, hamı elə bilir tarixçidir, teatrdan danışır, hamı elə bilir teatrşünasdır... Mən də həmişə onun kimi universal olmağa çalışmışam.
   
   - Boyla bağlı əhvalat...
   
   - Bir dəfə jurnalist fəaliyyətimlə əlaqədar etiraz aksiyasına getmişdim. Piketi artıq demək olar ki, dağılmışdı. Birdən polis rəisi əlini çiynimə qoyub "sənnən nə yaxşı polis çıxardı, bunları qatardın e qabağıva" (həmin polisin səsiylə danışır-İ.V) dedi. Özü də mən altdan yuxarı baxırdı və çox maraqlı mənzərə yaranmışdı. Hamımız çox gülüşmüşdük onun sözlərinə...
   
   - Hansısa brifinqdə necə?
   
   - Müsahibələrdə, brifinqlərdə mənə çox rahat olub. Bir söz deyim də. Heç vaxt görməmişəm ki, hündürboy adam balaca olmaq istədiyini desin. Amma balacaboyların xətrinə dəyməsin, onlar həmişə hündür olmağı arzulayırlar...
   
   
   
   "...zəng vurub minnətdarlıq eləmişdi"
   
   
   
   - İdmanla aran necədir?
   
   - Basketbolla və sərbəst güləşlə məşğul olmuşam. Amma artıq uzun müddətdir ki, idmanı buraxmışam. İndi hərdən futbol oynayırıq.
   
   - Fəaliyyətin dövründə başına gələn hansı gülməli və kədərli anlar olub?
   
   - "Şərq"in redaksiyasında siyasətçilərin birindən telefonla müsahibə alırdım. Telefonu "selektor"a qoyub səsini diktofona yazırdım. Birdən müsahibənin şirin yerində müsahib qayıtdı ki, "alo, Seymur, eşidirsən?". Mən də cavabında "eşidirəm, siz davam edin" dedim. Müsahibə bitəndən sonra kompüterin arxasında diktofonu çiynimin üstünə qoyub başımla sıxdım ki, vaxt itirmədən müsahibəni yazım. Bir az keçəndən sonra diktafonda "alo, Seymur, eşidirsən?" səsləndi. Mən qeyri-ixtiyari diktofonu telefon kimi qulağıma tudum "bəli, eşidirəm" dedim. Təsəvvür edin, həmin vaxt otaqda olan həmkarlarım buna necə güldülər... Müsahibəyə o qədər aludə olmuşam ki, qulağımdakının diktofon olduğunu unutmuşam.
   
   Bir dəfə də poliklinikalarin biri haqda informasiya yayılmışdı ki, baş həkim hansısa qohumunun kitabını iş yerində məcburən satdırır. Mənə tapşırıldı ki, baş həkimi tapıb münasibətini öyrənim. Gün ərzində bir neçə dəfə zəng edirəm, katibəsi götürür, deyir ki, doktor yoxdur... Beləcə bir neçə saat keçdi. Mənsə bu yazını təhvil verməliyəm axı... Telefonu götürüb yenidən baş həkimin otağını yığdım və (çox qalın səslə danışdığını izah edir-İ.V) dedim ki, nazirlikdəndir, götür mənim mobil nömrəmi, gələn kimi mənə mütləq zəng vursun. Üstündən on dəqiqə keçməmiş baş həkim mənə zəng vurdu. Lakin ondan mənim kimliyimi soruşmağa imkan vermədim və yenə eyni tonda danışaraq "bu nə rüsvayçılıqdır" dedim. Doktor and-aman elədi ki, vallah-billah belə şey olmayıb, şər böhtan atırlar. Məqsədimə çatandan sonra jurnalist olduğumu bildirdim. O da bir az gülümsündü. Səhəri gün yazı çıxandan sonra baş həkim zəng vurub minnətdarlıq elədi.
   
   
   
   "Mənim Seymurumdan
   
   bir xəbər çıxmadı, o da
   
   uçqunun altında qalıb?!"
   
   
   
   - Deyəsən bir başqa əhvalatın da var idi...
   
   - Yəqin yadındadır, 2007-ci ildə Bakıda tikilməkdə olan bina uçdu və fəhlələr dağıntılar altınla qalmışdı. Redaksiyadan məni ora göndərdilər ki, hər gün xəbər yazım. Hadisədən bir həftə keçib, ordakı polislərdən biriylə söhbət edirəm ki, bu gün meyit çıxıbmı... Birdən ayaqyalın, üzünü saqqal basmış, ağlamaqdan gözü doymuş, köynəyi şalvarının üstünə aşmış, həyatdan küsmüş bir ağsaqqal polisə yaxınlaşaraq "Mənim Seymurumdan bir xəbər çıxmadı, o da uçqunun altında qalıb?!" dedi. Bunu elə bir yanıqlı tərzdə dedi ki... Mənim də adım, onun dağıntılar altında qalan oğlunun da adı Seymurdur. Bir anlıq onun yerində öz atamı fikirləşdim... Hələ indiyə kimi o anları unuda bilmirəm...
   
   - Jurnalist olmağın şəxsi problemlərinin həllində rol oynayıb?
   
   - Bəzi çox xırda məsələlərdə.
   
   - Kirayədəsən?
   
   - 10 il kirayədə yaşadım. İndi Bakı kəndlərindən birində atamın tikdiyi kiçik bir evdə yaşayıram. Çünki mənim jurnalist məvacibim özümə mənzil şəraiti qurmağıma yetməyib.
   
   - Jurnalistikada qazandığın və itirdiyin?
   
   - Qazandığım daha çox olub - çoxlu dostlar, vətəndaş kimi formalaşmaq, düzgün təhlil qabiliyyəti...
   
   - Hansı həmkarlarla dostluq edirsən?
   
   - BDU-nun jurnalistika fakültəsi əvvəllər bir koridordan ibarət idi. Orada oxuyan bütün kurslar da bir-birini tanıyırdı. Ona görə də mən Azərbaycan KİV-ində olan həmkarlarımın çoxunu tanıyıram və bir çoxları ilə də dostluq edirəm. İndi kiminsə adını çəkərəm, kiminsə adını çəkmərəm, xətirlərinə dəyər. Amma bir nəfərin adını qeyd edim ki, rəhmətlik Ceyhun Nağıyla dost idik. Allah ona rəhmət eləsin.
   
   - Hansı imzaları oxuyursan?
   
   - Hər gün minimum 15 qəzet oxuyuram, ən azı 10 informasiya saytına baxıram. Mən yazıları imzalara görə oxumuram. Hər hansı yazı məni cəlb edirsə, onu da oxuyuram. Kimsə ortaya yaxşı araşdırma qoyursa, onu oxumasam, elə bilirəm ki, nəsə çatışmır. Bir sözlə,bütün yaxşı yazılar mənə maraqlıdır.
   
   - Son olaraq həmkar olmaq istəyənlərə sözün...
   
   - Jurnalist olmaq istəyən bilməlidir ki, yaxın gələcəkdə onun maddi şəraiti düzəlməyəcək. Jurnalistika cavan peşəsidir. Çünki qaçmalısan, qovmalısan, tutmalısan. 35-40 yaşdan sonra redaksiyaya lazım olmaya bilərsən. Ona görə də, təəssüf ki, jurnalist işlədiyin müddətdə, özünə "gün ağlamağa" məcbursan. Bütün bunlara baxmayaraq mən yenə də jurnalistikanı sevirəm. Bu çox gözəl peşədir və hər şeyə rəğmən bu peşəyə yiyələnməyə dəyər. Özümə gəlincə, sabah bizim həyatımızda nələrin yaşanacağı heç kimə bəlli deyil. Alnımıza nə yazılıbsa, onu da yaşayacağıq.

TƏQVİM / ARXİV