adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Arvadını başqasıyla tutan kişi

İNTİQAM VALEHOĞLU
38295 | 2013-12-05 09:31
Mənim üçün bəlkə də ən çətini həmkarım sayılan insanlar haqda tənqid yazmaqdır. Çünki bir az aşağı, bir az yuxarı demək olar ki, hamımız eyni qabdan, qazandan yeyirik. Həmin qazandan yeməyə haqqı çatanların haqqı çatmayanlardan daha az yedikləri isə tamam başqa söhbətin mövzusudur.
Amma bu dəfə haqqında söhbət açacağım tamam başqa məsələdir.
Yadınızdadırsa, bir neçə il əvvəl çal-çağır əhlinin efir saçyolduları əməlli-başlı dəbə minmişdi. Əgər Söylügilin kəndində arvadı ildə doğmayan kişiyə birtəhər baxırdılarsa, eyni "ictimai qınaq metodu" qalmaqal yaratmayan, saçyolduya çıxmayan sənət adamlarına şamil edilirdi. ...Didişdilər, barışdılar, yenidən didişdilər və özlərinə müəyyən toy qiyməti "müəyyənləşdirdilər".
Məharətini daha yaxşı göstərənlər 7-8 minə, ondan bir az aşağı "performans" sərgiləyənlər 5-6 min manata toylara getməyə başladılar.
Ardınca "kimin sevgilisi daha vəzifəli və daha varlıdır" sualı ətrafında qızğın müzakirələr başladı. Təbii ki, bu müzakirələrin də əsas piar mənbəyi qəzetlər və telekanallar idi. Çünki həmin dönəmlərdə elektron media bu qədər populyar deyildi.
Nə isə, uzun sözün qısası bu müzakirələr də bitdi, qiymətlər bir az da artdı. Bu artım həm toy qonorarına, həm də gecə keflərinə aid idi şübhəsiz. Belə-belə ortaya açılıb töküləcək heç nə qalmadı. Sənət adamlarının ayaqqabılarından tutmuş, büstqalterinə qədər hamısı tamaşaçıya nümayiş olundu.
İndi yeni bir tendensiya yaranıb. Kimin maşını daha bahalıdır? Kim daha bahalı villada yaşayır? Filankəsin filan toyda geydiyi libasın, kostyumun qiyməti neçəyə idi? Müzakirə olunan məsələlər sadaladıqlarımdır. Məsələn, iki gün əvvəl saytlardan oxuyuram ki, Manaf Ağayev 2 milyon dollara villa tikdirib. Sonra baxıram ki, başqa bir sənət adamının malikanəsi 3 milyon manat imiş.
Ötən il sənətə gələn bir xanıım kameralar qarşısına keçib geninə-boluna pozlar verir ki, bəs əynimdəkilərin ümumi qiyməti 30 min dollardır.
Kim nə alıbsa, sağlığına qismət. Özləri demişkən, alın təriylə, yuxusuz gecələrin əziyyəti ilə qazanıblar. Yeri gəlmişkən, bunu daha çox xanım sənətçilər deyirlər. Xeyirli olsun! Fərq etməz alın təri həmin xanımdan hansı şəraitdə axıb. Əsas odur ki, xanım əziyyət çəkib, tər töküb.
Amma bunu sutkanın 15 saatnı bir tikə çörək dalınca qaçan insana nümayiş etdirməkdə məqsəd nədir?
Onları qıcıqlandırmaq? Bəlkə insanları aşağılamaq? Yaxud daha yaxşı yaşadığını nümayiş etdirmək?
18 yaşlı bir qız bir dəfə geyəcəyi geyimə 15 min xərcləyirsə, burda sənətdən qazanılan pullardan söhbət gedə bilməz axı.
Onda anlaşılan budur ki, həmin milyonları insanlara nümayiş etdirməyin başqa bir adı da var. Bax o adın nə olduğunu deməyəcəyəm. Çünki özünüz məndən daha yaxşı bilirsiniz.
İndi bir anlıq təsəvvür edək ki, alnı tərli həmin müğənni nəsə alıb və bunun nümayişi üçün hansısa həmkarımıza müraciət edir və rədd cavabı alır... Aydındır?
Deməli, biz hərdən-artıq bura qədər dözdüm, bu sözü işlətməyin tam zamanıdır-fahişələri və fahişəliyi də təbliğ edirik.
Özümü heç də süddən çıxmış ağ qaşıq kimi təqdim etmək niyyətində deyiləm. Bəzən özüm də istəmədən və hiss etmədən təbliğat maşınının bir detalına çevrilirəm. Amma içi mən qarışıq, geriyə dönüşün tam zamanıdır, dostlar!
Görün son illəri demirəm, təkcə son aylarda neçə "süpürgə" (bu, dar çevrədə çox məşhur termindir" özünü bizim vasitəmizlə reklam edib, qiymətini qaldırıb.
Çox uzağa getməyək, elə bir neçə ay əvvəl "arvadımı başqasıyla yataqda tutmuşam" deyən birinə tribunanı biz vermədikmi? VƏSSALAM DA!

İntiqam Valehoğlu

TƏQVİM / ARXİV