ANA SƏHİFƏ / YAZARLAR

Qədim Dərbənddəki mühüm obyekt

Gənc baş rejissor teatr kollektivinə inanır

36272    |   2015-08-22 02:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Söz vaxtına çəkər, gənc rejissor Ər Toğrul Kamalovla düz bir il əvvəl görüşüb qəzetimiz üçün geniş müsahibə hazırlamışdım. Həmin vaxt həmsöhbətim "YUĞ" Dövlət Teatrında dünya şöhrətli yazıçı Qabriel Qarsiya Markesin əsərləri əsasında səhnələşdirdiyi "Missis və Mister Cəsəd" tamaşasına yenicə quruluş vermişdi. Müsahibə boyu istedadlı rejissorla həmin tamaşanın uğurundan, gələcək planlarından danışmışdıq.
Bir ildən sonra yenə Ər Toğrulla üzbəüz oturmuşuq. Onu yenidən "Ədalət"in müsahibi seçməyimin bir neçə səbəbi var. Ötən müddət ərzində Ər Toğrulun həyatında və yaradıcılığında bir neçə mühüm hadisə baş verib, gənc rejissor Akademik Milli Dram Teatrının səhnəsində Anatoli Krımın "Keçmişdən gələn zəng" əsərinə quruluş verib. Bir neçə ay öncə isə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi Ər Toğrul Kamalova böyük bir etimad göstərərək onu Dərbənd Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru vəzifəsinə təyin edib. Ər Toğrul artıq yeni işində uğura imza atmağa da imkan tapıb, Əbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər"ini Dərbənd tamaşaçılarına təqdim edib.
Bir neçə günlüyə Bakıya gələn həmsöhbətim bu dəfə baş rejissor kimi gələcək planlarından danışdı.

- Ər Toğrul, Dərbənd Azərbaycan Dövlət Dram Teatrı öz yeni baş rejissorunu necə qarşıladı?
- Çox yaxşı, səmimi və mehriban. Teatrın direktoru Yədulla Haşımov Mədəniyyət və Turizm Nazirliyinin bu təyinatı ilə bağlı öncədən məlumatlandırılmışdı. Məni Rusiya ilə sərhəd məntəqəsində Yədulla bəy qarşıladı, sonra teatrın binasında kollektivlə maraqlı görüşümüz oldu. Elə ilk söhbətimizdən teatrda işgüzar və səmimi bir mühitin olduğunu hiss etdim. Səmimi deyim ki, günlər ötdükcə bu qənaət məndə daha da möhkəmlənir.
İşə başlayandan bir müddət sonra Mədəniyyət və Turizm Nazirliyi görkəmli rejissor, Xalq artisti Vaqif Əsədovu bizim teatra ezam etdi, yenidən kollektivlə bir araya gəlib yaradıcılıq planlarımız barədə danışdıq, bizi narahat edən məsələlər barədə müzakirə apardıq. Vaqif müəllim uzun müddət Dərbənd Azərbaycan Dövlət Dram Teatrında çalışıb, böyük hörmət qazanıb. Təsadüfi deyil ki, bu gün də ona sayğı ilə yanaşırlar. Azərbaycanlı rejissorun Dərbənddə həm tamaşaçılar, həm də aktyorlar tərəfindən bu cür rəğbətlə qarşılanmasını görmək mənim üçün xoş bir hadisə oldu. Deməli, kollektivin gücünü birləşdirəndə, potensialını yaradıcı işlərə səfərbər edəndə insanlar bu zəhməti qiymətləndirir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev mənə böyük bir etimad göstəriblər, həm də baş rejissor kimi yaradıcılıqla bağlı düşüncələrimi reallaşdıra bilmək üçün geniş imkan yaradıblar. İndi bircə qalıb yaxşı çalışmaq. Özümə və birgə çalışmağa başladığım kollektivə arxayınam, mənə güvənən insanların etimadını doğruldacağıma inanıram.
- Belə anlaşıldı ki, kollektivin sənə münasibətindən razısan, bəs Dağıstanın rəsmi dairələri Azərbaycandan göndərilən gənc baş rejissora necə münasibət bəsləyir?
- Teatrın direktoru ilə Dağıstanın mədəniyyət naziri, onun müavini ilə görüşlərimiz olub, ətraflı, faydalı söhbət etmişik. Görüşdüyüm rəsmi şəxslərin Azərbaycana, xüsusi ilə mədəniyyət sahəsində dövlətimizin gördüyü işlərə rəğbətlə yanaşdıqlarının şahidi olmuşam.
Zəngin tarixə və özünəməxsus yaradıcılıq yoluna malik Dərbənd Azərbaycan Dövlət Dram Teatrının son illərdəki durumu Əbülfəs Qarayev başda olmaqla Mədəniyyət və Turizm Nazirliyinin bu sahəyə cavabdeh şəxslərini narahat etdiyi kimi, Dağıstan rəhbərliyini də qayğılandırır. Ona görə də yerli hakimiyyət teatrımızın inkişafı ilə bağlı Bakıda qəbul edilən qərarları müsbət qarşılayır və hörmətlə yanaşır. Dərbənd Azərbaycan Dövlət Dram Teatrına Yədulla Haşımov kimi gənc, bacarıqlı, bu sahəyə yaxından bələd olan bir insanın direktor təyin edilməsini, mənim bu kollektivə baş rejissor kimi göndərilməyimi dəstəkləyirlər və kollektivimizin bütün təkliflərinə müsbət yanaşır, qarşıya çıxan problemlərin müsbət həll olunmasına çalışırlar.
- Dərbənddəki teatrın Azərbaycan üçün xüsusi bir önəmi var, bu, həm də kollektivin məsuliyyətini artıran bir amildir...
- Dərbəndin Azərbaycan üçün daşıdığı önəmi izah etmək üçün bəlkə də uzun-uzadı danışmağa ehtiyac yoxdu, çünki bu hər kəsə bəlli bir məsələdir. Bu baxımdan mən də belə düşünürəm ki, teatrımız ən mühüm obyektlərdən biridir. Dərbənddə 36 millətin nümayəndəsi yaşayır, belə bir ortamada Azərbaycan tarixini, mədəniyyətini, dilini və ədəbiyyatını yaşadan, təbliğ edən teatrın olması çox böyük bir nemətdir. Təbii ki, hansı işdə çalışmasından asılı olmayaraq, kollektivimizin hər bir üzvü bu məsuliyyəti yaxşı anlayır. Onu da deyim ki, Dərbənd şəhərinin rəhbərliyi keçirdiyi bütün dövlət tədbirlərinə teatrımızı xüsusi dəvət edir.
Azərbaycan dövləti, onun mədəniyyət siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi bu teatrın fəaliyyətini daim diqqət mərkəzində saxlayır, kollektivin problemlərinə diqqətlə yanaşır. Prezident İlham Əliyevin bu günlərdə imzaladığı sərəncama əsasən Dərbənd Azərbaycan Dövlət Dram Teatrının binasında yenidənqurma işləri aparmaq üçün vəsait ayrıldı. Qəzetinizin yaratdığı fürsətdən istifadə edib teatrımızın rəhbərliyi və işçiləri adından dövlət başçısına minnətdarlığımı bildirirəm. Bu sərəncamın Dərbənddə yaşayan azərbaycanlılarda necə böyük ruh yüksəkliyi yaratdığının şahidiyəm. Hər kəs dövlətimizin bu addımından sevinir və qürur duyur.
Onu da deyim ki, dövlət başçımızın məlum sərəncamının icrası ilə bağlı artıq müəyyən işlərin görülməsinə başlanılıb. Teatrımızın binasında yenidənqurma işləri aparılacağı müddətdə müvəqqəti fəaliyyət göstərəcəyimiz məkan da seçilib və normal çalışmağımız üçün hər cür şəraitin yaradılacağına söz verilib. Yəni teatrımız bu müddətdə fəaliyyətini davam etdirəcək, tamaşalar oynayacaq və yeni əsərlərin məşqlərini aparacağıq.
- Yəqin ki, yeni mövsümün planları da cızılıb...
- Təbii ki, müəyyən planlarımız və istəklərimiz var. Xalqımızın böyük ədəbi abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanı əsasında tamaşa hazırlamaq istəyirik və bu tamaşa beynəlxalq teatr festivalları üçün nəzərdə tutulacaq. Fransız yazıçısı Albert Kamyunun "Xoşbəxt ölüm" romanının səhnə versiyası üzərində işləyirik. Hər yeni teatr mövsümündə klassik Azərbaycan yazıçı və dramaturqlarının əsərlərinə müraciət edəcəyik. Bakıya budəfəki gəlişimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevlə görüşmək, yeni mövsümün repertuarı ilə bağlı müəyyən məsələləri məsləhətləşmək istəyirəm. Həmişə olduğu kimi, bu dəfə də nazirliyin maraqlı ideyalarımıza dəstək verəcəyinə inanıram.


YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (25%)
İşdə (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK