ANA SƏHİFƏ / YAZARLAR

ÇİÇƏK ŞEİRLƏR

ƏDƏBİ HƏYAT

33639    |   2012-06-30 09:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


   
   Həcər Qəbələ... Etiraf edim ki, bu gözəl xanımın, şeirləri də özü qədər zərif olan şairənin nə özünü tanıyır, nə də şeirləri ilə tanış idim. Bir təsadüf nəticəsində onun şeirlərini oxudum.
   
   Həmişə bir əlyazma ilə tanış olanda, hələ onun ilk səhifəsini oxumamış bir bədbinlik bürüyür məni. Fikirləşirəm ki, görəsən, bir yığın şeirin içində bir eləsi olacaqmı ürəyimi tərpədə? Bir elə şeir olacaqmı mənim kimi oxucuya poeziya havası bəxş edə?
   
   Son illərdə tez-tez zəriflərimizin də şeir kitablarını oxuyuram. Onların içində qadın dünyasının gözəlliklərindən soraq verən, zərif ürəklərdən qopan zərif şeirlər az olmur.Biz bilirik ki, qadınsız dünya heçdir. Qadın-ana, qadın-həyat yoldaşı, qadın-sevgili, qadın-estetik gözəllik mənbəyi. Amma qadının şeir yazmağı da bir gözəllikdir. Çünki kişilərlə müqayisədə qadınlar şeir yazanda məncə, yalan danışmırlar. Qadınların sevgi şeirlərində izhar olunan hisslər, duyğular köksün dar qəfəsində çırpınan, həmişə alışıb-yanan ürəklərin çırpıntıları duylür.
   
   Bu fikirləri Həcər Qəbələnin şeirləri barədə də söyləyə bilərəm.
   
   Təbii ki, onun bütün şeirləri əliyyüləla deyil.
   
   Amma nə yazıbsa, təbii yazıb, səmimi hisslərin, xoş duyğuların ifadəsidir o şeirlər. Bəlkə də poetik janrların məhdudluğunu ona irad tuta bilərdik.
   
   Yəni, onun şeirləri qoşmada, gəraylıda, qəzəl janrlarında, bir də hecanın onbirliyində yazılıb, amma lap elə bütün şeirləri bir formada yazılsaydı belə, yenə də irad tuta bilməzdik. Şeirin hansı formada yazılmasının elə bir əhəmiyyəti yoxdur, əsas odur ki, sən öz hissini, duyğunu, səni narahat edən fikirləri poeziya dililə verə biləsən.
   
   
   
   Ürəyimi bağlamışdım bir ada,
   
   Bir ümmanda bir mən idim, bir ada,
   
   Həsrətimi toplamışam dəryada,
   
   Boşalacaq, ya dolacaq, bilmirəm.
   
   Xəyal qurdum duman üstə, çən üstə,
   
   Naxış vurdum tellərimə dən üstə,
   
   Bir ev tikdim kədər üstə, qəm üstə,
   
   Dağılacaq, ya qalacaq, bilmirəm.
   
   
   
   "Bilmirəm" rədifli bu qoşma Həcərin yarıqəmli, yarı ümidli şeirlərindən biridir. Doğrudan da, onun şeirlərində qəmlə ümid, kədərlə sevinc yanaşı yol gedir. Ümid və sevinc onu yaşamağa, xoş günlərə səsləyir, qəm və kədər isə nostalgiya duyğusu yaradır.
   
   İnsan bütün ömrü boyu ümidlə yaşayır. Hətta arzularına, muradına yetəndə də o, nəyinsə həsrətində olur.
   
   
   
   Sən məni unut dedin,
   
   Mən unutmaq istədim.
   
   Həzin nəğmə yazdım ki,
   
   Hərdən məni ovutsun.
   
   Mən unuda bilmədim,
   
   Ürək necə ovutsun?
   
   
   
   Həcər xanım həssas şairdir. O, küçədə dilənən bir qadın görəndə ürəyinin başı sızlayır, bir yaxın dostunu itirəndə də..Bir qış axşamında kövrələndə də. 20 yanvar günü şəhidlərin qanı axıdılanda da..
   
   
   
   Qırmızı güllədən ölənlərinin
   
   Qərənfil örtmüşdü buz əllərini.
   
   Analar yolurdu birçəklərini
   
   Gözü yaşlı vətən, bağışla məni..
   
   
   
   O gecə göylər də qan qoxuyurdu
   
   O gecə quşlar da qəm oxuyurdu.
   
   Yağılar dağıtdı bu ana yurdu,
   
   Gözü yaşlı vətən, bağışla məni.
   
   
   
   Ay Həcər, dərdimi yüz eyləmişəm
   
   Nəğməni dodaqda köz eyləmişəm,
   
   Bir qanlı vərəqdə söz eyləmişəm,
   
   Gözü yaşlı vətən, bağışla məni.
   
   
   
   Azərbaycan poeziyasının böyük bir hissəısini məhəbbət lirikası təşkil edir.
   
   "Yarəb, bəlayi-eşq ilə qıl aşina məni"- dahi Füzulinin bu misrası eşqin bütün zamanlar üçün səslənə biləcək məramıdı.
   
   Füzulinin məhəbbət konsepsiyasında dünyanı eşq vasitəsilə dərk etmək, məhəbbət əzabına aludəçilik başlıca motivlərdən biri idi və bütün orta əsrlər boyu klassik şeirimiz bunu bir ənənə kimi yaşatdı. İndi, XXI əsrdə -qloballaşma və inteqrasiya dövründə məhəbbətin, ali insan duyğusunun da az qala deqradasiyaya uğradığı bir zamanda eşqin, məhəbbətin o gücü, o parlaqlığı qalıbmı? Ramiz Rövşənin "Sevgi də azalıb bu Yer üzündə" misrasında hər halda, bir həqiqət var.
   
   Cılız, saxta, boyat məhəbbətlər insan məişətinə sel kimi axıb gəlir. Amma yenə də əsl, həqiqi məhəbbət özünə yol açır, ürəkləri dilləndirir, çətin maniələri aşıb keçir, mənəvi sədləri vurub-dağıdır. Elə Həcər Qəbələnin sevgi şeirləri də bu ruhda, bu ahəngdədir.
   
   
   
   Mən sükutun
   
   qoynuna çəkildim bilə-bilə,
   
   Duyğusuz ürəyinlə
   
   sən gəzdin gülə-gülə,
   
   Eşqimi ucuz tutdun,
   
   dəymədim bircə gilə
   
   Hicranəm çiçək açdı,
   
   hər gün qəmdən əzizim.
   
   
   
   Yenə dayanmışam
   
   tək ömrün astanasında,
   
   Əlimdə ağ çiçəklər,
   
   ayrılıq qapısında.
   
   Desələr ki, ölmüsən,
   
   ağlamaram yasında
   
   Alacaq qisasını
   
   tale səndən, əzizim.
   
   
   
   Həcər Qəbələnin şeirləri müxtəlif mövzudadır və burada mən həmin mövzuları sadalamaq istəmirəm. Ən başlıcası budur ki, Həcər xanım hər şeirində oxucu ürəyinə yol tapmağa çalışır. Yurddaşlarımızın keçirdiyi qaçqınlıq, köçkünlük həyatı, vairn qalmış evlər, xanimanlar, suyu qurumuş çeşmələr onun da ürəyini ağrıdır.
   
   Həcərin "Gördüm" rədifli gəraylısı mən deyərdim, son illərdə yurd ağrvsına həsr edilmiş ən gözəl şeirlərdən biridir.
   
   
   
   Viran qalmış o diyarda
   
   Odu sönmüş ocaq gördüm.
   
   Tənha qalmış xan çinarda
   
   Qurumuş bir budaq gördüm.
   
   
   
   Gəlin qaldı duvağında,
   
   Bəy xonçası qabağında.
   
   Bəzədilmiş otağında
   
   Qaralmış bir çıraq gördüm.
   
   
   
   Bu dünya öz gərdişində
   
   Oğrun-oğrun qurd dişində.
   
   O kəklikli dağ döşündə
   
   Qurumuş bir bulaq gördüm.
   
   Həcər ölüm köçündədi
   
   Ürəyi qan içindədi.
   
   Yurdum yaman çətindədi,
   
   Sinəsində yüz dağ gördüm.
   
   Ümumiyyətlə, Həcər Qəbələ xalq şeiri formalarında gözəl nümunələr yarada bilir.
   
   Hiss olunur ki, o, klassik poeziyanı və aşıq ədəbiyyaitını qədərincə mənimsəmişdir. Çünki şeirlərində bəzi istisnaları nəzərə almasaq, bədii dilin incəliyi, zərifliyi öz əksini tapıbdır.
   
   Məni o sevindirmir ki, Həcər xanım qəzəl yazır (indi çoxları qəzələ meyl edir, hətta Vahidin ruhundan utanmayıb "Divan" bağlayanlar da var), məni o sevindirir ki, Həcər xanımın yazdığı qəzəllərin bir çoxu sözün həqiqi mənasında şirin qəzəllərdir.
   
   Hiss olunüur ki, Həcər Qəbələnin əruz damarı var. Qəzəl yazmaq indiki dövrdə hünər istəyir, hətta cəsarət itsəyir. Burada ürəyin gərək musiqi üstündə köklənə, ritmi, ahəngi düz tutasan. Həm də qələmə əl atıb, qəzəl yazan şəxs gözlərinin önünə gərək Füzülini, Nəsimini, Nəbatini, Seyid Əzim Şirvanini, Əlağa Vahidi, Süleyman Rüstəmi gətirsin.
   
   
   
   Yaralansam kürəyimdən
   
   gül yaramı bağlarsanmı?
   
   Parçalanmış ürəyimdən
   
   nalə çəkib ağlarsanmı?
   
   
   
   Anasından ayrı düşən
   
   bir körpəcə ahu kimi
   
   Namərd məni oxlayarsa,
   
   sən də onu oxlarsanmı?
   
   
   
   Can evimdə solsa gülzar,
   
   düşsəm ölüm yatağına,
   
   Qovsa məni diyar-diyar
   
   heç axtarıb taparsanmı?
   
   
   
   Yarım, mənə bir gül dərsən,
   
   əğyar onu qəfil görsə,
   
   Əllərinə xəncər versə,
   
   sən Həcərə qıyarsanmı?
   
   
   
   Deyim ki, Həcər Qəbələnin əksər qəzəlləri belə sanballıdır, janra yeni nümunələr artıra bilir.
   
   Bundan başqa Həcərin aşıq şeirinin poetik ustalıq və məharət tələb etdiyi dodaqdəyməzləri də var.
   
   Həcər Qəbələ yaradıcılığının mən deyərdim, çiçəkli dövrünü yaşayır. Onun hər şeiri bir çiçəkdir, bəzisi daha parlaq rəngə çalır, qoxusu, rahiyəsi səni vurur, bəzilərisə az rahiyəlidir. Arzu edirəm ki, parlaq çiçəklərin sayı çox olsun. Şeir aləmində əsl çiçək şeirlər yaşayacaq!


YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-10-24
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK